"NATO təcili toplantı keçirəcək" ÖZƏL-MÖVQE

"Ötən gün İdlibdə baş verən məlum hadisələr gözlənilən idi. Çünki son vaxtlar Türkiyə ilə Rusiya arasında İdliblə bağlı aparılan danışıqlar heç bir nəticəyə gətirmədi və vəziyyətin gərginləşəcəyi proqnozlaşdırılan idi. Çox təəssüflər olsun ki, 34 nəfər türk əsgəri öz həyatını itirib". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspertin sözlərinə görə, NATO təcili qaydada Türkiyənin müraciəti əsasında toplantı keçirəcək: "Türkiyənin müdafiə naziri Hulusi Kılıç və digərləri Əsəd rejimini cəzalandırmaq üçün xeyli iş görüblər və dünyasını dəyişən “Mehmetcik”lərin qisası alınıb. Amma vəziyyət daha da mürəkkəbə doğru gedəcək. İndi təcili qaydada Rusiya Müdafiə Nazirliyi bəyanat verir ki, guya onların bu məsələdə heç bir rolu yoxdur. Amma bütün dünya bilir ki, Əsəd rejiminin arxasında konkret olaraq rəsmi Moskva dayanır. Rusiya Müdafiə Nazirliyi indi deyir ki, atəş altına düşən türk hərbiçiləri guya yaraqlılarla bir yerdə olublar və ona görə bu hadisə baş verib. Aydın məsələdir ki, indi onlar vəziyyətdən çıxmaq üçün xeyli bəhanələr uyduracaqlar. Amma hamı bilir ki, bu günə qədər Bəşər Əsəd rejimi ayaq üstdə dura bilmişdisə, bu rəsmi Moskvanın dəstəyi sayəsində olub. Belə başa düşürəm ki, artıq Əsəd rejiminin sonu çatdı. NATO da bu gün öz qərarını verəcək. NATO-nun müəyyən prosedurlarına görə bir dövlətə qarşı hücum, digər dövlətlərə də basqı kimi dəyərləndirilir.

Düşünürəm ki, Əsəd ola bilsin yaxın günlərdə, hətta saatlarda Suriyadan qaçsın. Çünki onun artıq sonu çatıb və Türkiyə bunu ona bağışlamayacaq. Yəqinki Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan axşam keçirəcəyi Təhlükəsizlik Şurasının iclasında Əsədlə bağlı çox sərt addımların atılacağını bəyan edəcək. İndiyədək Türkiyəyə hələ belə sataşan olmamışdı. Türkiyə qayda-qanun yarada bilməyən Suriyaya gəlmişdi ki, orada o yaraqlılar yığışdırılsın və Türkiyənin təhlükəsizliyi təmin olunsun. Amma çox təəssüflər olsun ki, maraqlı qüvvələr vəziyyətin daha da pisləşməsi üçün əllərindən gələni etdilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə