“Ana harayı”nda Xocalıların fəryadı REPORTAJ

Bu gün Xocalı soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Həmin dövrdən 28 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı hər il bu gün dərin ehtiramla yad edir, faciə qurbanlarını xatirəsini “Ana harayı” abidəsinə ziyarət etməklə anır. SİA Xocalı həqiqətlərini “Ana harayı” abidəsini ziyarətə gələnlərin dili ilə təqdim edir:

“Körpəm qucağımda qaçırdım”

Xocalı sakini İsmayılova Nübar: “Bu gün mən özümü Xocalı faciəsinin baş verdiyi gündəki kimi hiss edirəm. Çünki həmin hadisələri öz gözümlə görüb, baş verənlərin şahidi olmuşam. O günləri xatırladığım zaman gecələr yuxum ərşə çəkilir. Keçirdiyim o dəhşətlər mənə xəstəlik qazandırıb. Fevralın 26-da uşağım qucağımda qaçırdım. O dəhşətlərdə körpəm yaralanmış, özüm də yıxılaraq baş hissədən zədə almışam. Xocalı faciəsində əzizlərimi, doğmalarımı itirmişəm. O gün baş verənlərdə xocalıların nə dərəcədə dəhşətlərin sahidi olduğunu bir Allah bilir. Çünki, onları sözlə ifadə etmək mümkün deyil. Xocalıda həlak olanların meyitləri Ağdama aparılmışdı, orada meyitləri görəndə adam dəhşətə gəlirdi. İnsanlara necə işgəncə verildiyini meyitlərə baxdıqca görmək mümkün idi. Biz o dəhşətdən bir zülümlə canımızı qurtara bildik. Hazırda 10 uşağım, 30 nəvəm, 10 nəticəm var. Bir oğlum II-qrup əlil, 2 oğlum sağ cəbhə bölgəsində hərbi xidmət keçir, həyat yoldaşım isə müharibə veteranıdır”.

“O gün ermənilər insanlarımızın başına olmazın vəhşiliklər gətirdilər”

Hadisə şahidi, Qarabağ müharibəsi veteranı Əliquliyev Təvəkkül: “Ermənilər 366-cı alayın köməkliyi ilə Xocalını mühasirəyə almışdılar. Bizdə silah olaraq yalnız avtomat var idi ki, onunlada baş verənlərin qarşısını almaq mümkün deyildi. Tanklar Xocalıya yeridikdən sonra üst kəndlərə atəş açıldı və evlər yanmağa başladı. Belə olan halda, biz də postu tərk etmək məcburiyyətində qaldıq. Biz həmin dövrdə ermənilər tərəfindən atılan qratlardan qorunmaq üçün zirzəmilər qazmışdıq. Hacanın qarlı, soyuq olması xocalıların oradan qaçmasına mane oldu. Biz onları xilas edə bilmədik. İnsanlar xilas olmaq üçün Qarqarçay deyilən ərazidən meşəyə üz tutdular. Orada iki yol var idi. Biz 7 gün Kətik meşəsində qaldıqdan sonra gəlib Ağdama çıxa bildik. Ermənilər o gün insanlarımızın başına olmazın vəhşiliklər gətirdilər. Biz ermənilərin əməllərini öz gözlərimizlə görmüşük bunu onlar dana bilməzlər”.

“Anamı, atamı, qardaşımı itirdim”

Faciədə ailə üzvlərini itirən Hüseynova Tahirə: “Mən Xocalı faciəsi zamanı atamı, anamı, qardaşımı, qohumlarımı itirmişəm. Qardaşım polis olduğu üçün bizi, xüsusilə də körpə uşaqlıları fevralın əvvəli sonuncu vertalyotla Xocalıdan çıxardı. Biz heç zaman Xocalıya belə divan tutulacağına inanmazdıq. Ermənilər çox yaxşı bilirdi ki, Xocalılar son damla qanlarına qədər döyüşəcəklər. Ona görə də həmin gecə 11 yerdən Xocalıya hücum etdilər. Atam həmin vaxt xəstə imiş. Ermənilər xəstəyə, uşağa, qadına, uşağa baxmadan hamının canına qıydılar. Xocalılar həmin gün əsl qəhrəmanlıq göstərdilər. 3 qardaşım hər iki valideynim öldüyü üçün yetim qaldı. O dövrdən 28 il ötməsinə baxmayaraq, bu gün bizim üşün sanki həmin gündür. Baş verənləri bir an belə unutmadıq.

Bizim arzumuz Xocalıya geri dönməkdir. Xocalılar adından Prezident İlham Əliyevdən Xocalıya geri dönməyimizi xahiş edirik. İstəyimiz şəhidlərimizin yeridiyi o torpağa geri dönməkdir. Xocalı faciəsində yetim qalan 3 qardaşım da əlində silah həmin günü səbrsizliklə gözləyir”.

“Kömək üçün Xocalıya getdi və şəhid oldu”

Şəhid oğlu Aslanov Cəsarət: “Xocalıda şəhid olan Xəqani Aslanov fevralın 26-da əmilərimlə birgə 100-dən çox xocalının meyitini xilas edərək Ağdamda evimizə gətirib. Yenidən kömək üçün Xocalıya qayıdan atam artıq bu dəfə geri dönməyərək şəhid oldu. Əmilərim atamın meyitini ordan çıxarmağa cəhd etsələr də, onun meyitini xilas etmək mümkün olmadı. Xəzər rayonun Binə qəsəbəsində atamın şərəfinə abidə qoyulub. Faciədə atam tərəfindən meyitləri xilas olunan 4 şəhidin ailəsi hər il atamın abidəsini ziyarət edir, onun ruhunu ehtiramla anırlar. Mən şəhidlərimizə və onların ailələrinə qayğı göstərən Dövlət başçısı İlham Əliyevə təşəkkür edirəm. Allah sağ qalanları qorusun, ölənlərə isə rəhmət eləsin! Şəhidlər Azərbaycanın yaşaması, Vətənimizin var olması üçün canlarını qurban verdilər. Əgər şəhid olmasa, demək ki, Vətən də yoxdur”.

“22 gün sonra tapılan meyit”

Xocalıdan olan gənc İbrahimli Günel: “Özüm Xocalı faciəsini yaşamasam da, soyqırımda yaralanmış və valideynlərini itirmiş ailə üzvlərim var. Bu gün hər birimizin istəyi faciədə şəhidlərin qəbrüstü məzarını ziyarət etmək olsa da, çox təəssüf ki, bunu edə bilmirik. Bu gün mən “Ana harayı” abidəsinə nənəm xatirəsini yad etmək üçün gəlmişəm. Hazırda ən böyük təsəllimiz yalnız bu abidədir. Atam faciə zamanı döyüşüb, nənəm isə xəsarət alaraq dünyasını dəyişib, əmim əsirlikdə qalıb. Lakin onlar bir-birilərindən xəbərsiz olublar. Nənəmin meyiti faciədən yaınız 22 gün sonra tapılıb. Anam da faciə zamanı yaralanaraq ciyərini itirib. Düşünürəm ki, nənəmin ruhu bu gün burada bizi gözləyirdi. Xocalı ağır faciə olsa, o gün baş verənlər bizim evdə hər an xatırlanır. Valideynlərim faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması üçün bizə gördüklərini aşılayırlar, bu haqda danışırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...