"Parlament diskussiya meydanıdır" ÖZƏL - MÖVQE

“Beşinci çağırış parlamentin buraxılması Milli Məclisin salonunda əyləşən bizim deputatların özlərinin təşəbbüsü idi. Parlamentdəki çoxluq belə bir təşəbbüs irəli sürmüşdü. Hakim partiyanı təmsil edən qeyri-rəsmi blokun qərarı idi. Bu barədə bir çox fikirlər səsləndirilib. Onu deyə bilərəm ki, ilk növbədə cəmiyyətdə parlamentin fəaliyyəti, onun yanaşmaları ilə bağlı bir balaca narazılıqlar var idi. Bu baxımdan islahatlar fonunda parlament sönük görünürdü”. Bunu SİA-ya politoloq Tofiq Abbasov deyib.

“Yada salaq ki, hazırda ölkədə kadr və struktur islahatları həyata keçirilir. Bütün bunların fonunda parlament sönük durumda olan hakimiyyət qoluna bənzəməyə başlamışdı. İcra və məhkəmə orqanlarında, eləcə də bir çox sahələrdə islahatlar aparılırdı. Ancaq qanunverici orqanda vəziyyət əvvəlki kimi qalmışdı. Hakim partiyanın siyasi şurası belə bir qərara gəldi ki, parlament vaxtından əvvəl buraxılsın. Yeni seçkilərə hazırlıq başlasın. Yeni parlament formalaşdırılsın”.

Tofiq Abbasovun sözlərinə görə, parlament diskussiya meydanıdır. Gərək orada xalqın seçdiyi nümayəndələr, xalqın təmsilçiləri fəal olsunlar: “Özlərinin bacarığını, məharətini göstərsinlər. Ortaya qoysunlar. Bu baxımdan, həmin salonda əyləşmiş millət vəkillərinin bir qismi artıq uzun illər idi ki, fiziki cəhətdən var olsalar da, onların faydalı iş əmsalı, fəallıqları çox aşağı idi. Bəziləri hətta disskusiyalardan, danışıqlardan yayınırdılar. Parlament təmsilçiləri gərək dinamik düşünə bilsin, intellektual baxımdan hazırlıqlı, təşəbbüskar adamlar olsun. Çünki həmin adamlar bilikli, dünya parlamentarizmi haqqında informasiyaya sahib insanlar olmalıdır. Ən azından Azərbaycanın birinci parlamentindən bu yana olan dövrü bilməlidirlər. Zaman keçsə də bir sıra məsələlər təkrarlanır. Görürsünüz, konfiqurasiyalara əlavələr etməklə hansısa yeni bir sistem yaranır. Qurulur. Bu baxımdan bizim xalq nümayəndələri parlamentdə əllərini əllərinin üstünə qoyub heç bir şey etmirdilər. Ancaq həmin mandatın daşıyıcısı kimi özlərini önə çıxarırdılar. Bu vəziyyət təkcə bayırda olan insanları, ictimai qüvvələri yox, həm də parlamentin daxilində olan fəal qüvvələri də qane etməməyə başladı. Daha doğrusu, qane etmirdi. Ona görə də belə bir təşəbbüs irəli sürdülər”.

Tofiq Abbasovun fikrincə, prezidentin ona ünvanlanan müraciətlə bağlı Konstitusiya Məhkəməsinə müraciəti çox ağıllı və dərin bir yanaşma idi: “Məsələ tək onda deyil ki, Azərbaycanın tarixində, bizim müstəqillik dövründə parlamentimizdə belə bir hal yaşanır, əsas məqam ondan ibarətdir ki, prezident özü konstitusiyanın qarant olaraq bu məsələnin bizim əsas qanunumuzla nə dərəcədə uyğun olub-olmaması ilə bağlı heç bir eksperimentə yol vermədi: “Yəni, Konstitusiya Məhkəməsində təmsil olunan nümayəndələr hüquq elminin dərin biliciləridir. Ümumiyyətlə, Azərbaycanın qanunvericilik bazasını, normativ məqamlarını dərindən bilən, anlayan insanlardır. Təbii ki, Prezident İlham Əliyev bunların hamısından məlumatlıdır. Hüquqi prosedurların da hamısından xəbərdardır. Bütün bazanı yaxşı bilir. Özü də son dərəcə intellektual, hazırlıqlı adamdır. Ancaq belə bir məsəl var, məsləhətsiz don gen olar. Bu, elə bir məsələdir. Prezident bu məsələdə ali rütbəli mütəxəssislərin rəyinin nəzərə alınmasını vacib saydı. Yəni, onlar da həmin məsələyə öz münasibətlərini bildirsinlər. Bu, ölkə başçısı tərəfindən atılan ibrətamiz bir addım idi. Plenumda da Konstitusiya Məhkəməsinin qərarı qəbul edildi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...