Radikalların “tısı-pısı” niyə yatıb? SİYASİ RAKURS

Yaxud, siyasi nokdaundan siyasi nokauta doğru

Ölkədə reallaşdırılan əsaslı və çoxşaxəli islahatlar paketi artıq öz sözünü deməkdədir və burada əsas məqsədin xalqın maraqlarına cavab verməsi faktoru sözün həqiqi mənasında inqilabi addımların təzahürü olaraq qiymətləndirilir. Daha dəqiq desək, Azərbaycanda baş verən bu dəyişikliklər beynəlxalq aləm üçün də siyasi təkamülun ən bariz sübutu kimi təqdim edilə bilər. Çünki bu islahatlar eyni zamanda dövlətimizin möhkəm dayaqlara əsaslanan gücünün aşkar göstəricisidir. Uzun müddət ölkəmizdə itaətsizlik, qeyri-sabitlik və s. bu kimi çağırışlarla arzularına çata bilməyən radikal müxalifətin isə sözün həqiqi mənasında “tısı-pısı” yatıb. Necə deyərlər, sanki qurbağa gölünə daş atılıb. Halbuki, istər icazəli, istərsə də icazəsiz aksiyalarında köhnə şüarları ilə sağlam cəmiyyətin baş-beynini aparan “revolyusioner” “liderlər” demək olar ki, əl-qollarını sallayıb, baş verən siyasi evolyusiya cərəyanının dinamikliyini seyr etməkdədirlər.

Ənənəvi müxalifətin əsas çoxluğu seçkilərə qatılaraq, ölkədə gedən ictimai-siyasi proseslərdə iştirak etmək ab-havasındadırlar

Beləliklə, kadr islahatları ilə yanaşı, struktur islahatlarının da gerçəkləşdirilməsi, xüsusilə, Milli Məclisin növbədənkənar seçkilərə getməsi qərarının verilməsi sözü bitmiş “liderlərin” Müsavat partiyasının qərargahında toplaşaraq “erkən seçkilərə gedək, ya da getməyək?” sualını müzakirə etmələri ilə nəticəsini tapdı. Lakin həqiqət naminə deyə bilərik ki, ənənəvi müxalifətin əsas çoxluğu seçkilərə qatılaraq, ölkədə gedən ictimai-siyasi proseslərdə iştirak etmək ab-havasındadırlar. Hətta Müsavat partiyası ilə yanaşı, AXP, “REAL” və s. digər siyasi müxalifət təşkilatları da seçkilərə qatılacaqlarını gizlətmirlər. Yeganə hay-küy salan tərəf isə “Milli Şura”-AXCP cütlüyüdür (oradakı digər cırtdan partiyalar Əli Kərimlinin təsiri altındadırlar – R.N.) ki, bu cinah düşərgə daxilində belə azlıqda qalaraq, bir dalana dirənib. O cümlədən, eks-səhiyyə naziri Əli İnsanovun bu gün də Qərb dairələrinin altında özünü çox rahat hiss elədiyi göz önündədir və onun bu addımı heç də ənənəvi düşərgə tərəfindən dəstək almır.

Əli Kərimlinin cinahında ciddi apokalipsis yaşanacaq

Bütün bunlar öz yerində - amma erkən seçkilərin boykot edilməsi məsələsinə gəlincə, belə məlumatlar da daxil olmaqdadır ki, artıq “Milli Şura”-AXCP cütlüyünün daxilində də etirazçılar yaranıb və onlar növbədənkənar parlament seçkilərinə getməyin tərəfdarlarıdırlar. Çox yəqin ki, parçalanan və məhv olan bir qurumun rəhbərliyində olan Ə.Kərimli cəbhəçi etirazçıların tələblərinə uymaq məcburiyyətində qalacaq. Hətta bu gün Gültəkin Hacıbəyli “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü olaraq Ə.Kərimliyə qarşı yaranan qruplaşmada yer alır və seçkilərə qatılmağın tərəfdarı olduğunu gizlətmir. O cümlədən, Fuad Qəhrəmanlı və s. digər cəbhəçilər də var ki, onlar hazırkı dövrə qədər Ə.Kərimliyə görə həbsə düşdüklərini önə sürərək, AXCP sədrinin boykot qərarına getməməsini tələb olaraq irəli sürməkdədirlər. Yox, əgər Ə.Kərimli öz dediyindən dönməzsə və boykot qərarını verəcəksə, bax onda radikal düşərgədə vəziyyət öz oxu ətrafından çıxaraq, bütövlükdə o cinaha ciddi apokalipsis yaşadacaq.

Onların bir yolları var – ya dövlətçiliyə, ümummili maraqlara xidmət etmək qərarını verib, bu proseslərə qoşulmaq, ya da...

Ancaq fakt və sübut budur ki, düşərgə ölkədə gedən sürətli və qarşısıalınmaz tərəqqidən boks idmanının termini ilə desək, siyasi nokdaun zərbəsini dadıb, indi isə siyasi nokauta doğru sürənməkdədir. Demək istədiyim isə budur ki, radikallar daim dövlətçilik və xalq maraqlarına çıxmaları ilə hətta seçkilərə qatılmaq qərarını versələr belə, onlar acı məğlubiyyət sindromundan çıxa bilməyəcəklər. Hətta bu sindromu qırmaq imkanı onlarda yoxdur. Çünki xalq ölkədə gedən çoxşaxəli islahatları görür, dərk edir və alqışlayır. Yəni iqtidarın apardığı bu yenilənmə siyasəti müxalifətdə ümumiyyətlə yoxdur. Köhnəlmiş sifətlər, köhnəlmiş şüarlar və köhnəlmiş baxışlar isə nəinki cəmiyyətə, heç onların azsaylı elektoratlarına da lazım deyil. Artıq tarixin zibil urnalarına atılanların da sonu bax bu islahatlar, daha dəqiq desək, siyasi təkamül, evalyusiya yolu ilə çatır. Onların bir yolları var – ya dövlətçiliyə, ümummili maraqlara xidmət etmək qərarını verib, bu proseslərə qoşulmaq, keçmişlərindən imtina etmək, ya da...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...