Prezident İlham Əliyev “M-Line” MMC mebel fabrikinin açılışında iştirak edib

Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonu ərazisində "M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin açılışında iştirak edib.

SİA-nın xəbərinə görə, fabrikin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev fabrikin rəmzi açılışını bildirən lenti kəsdi, müəssisə ilə yaxından tanış oldu.

Məlumat verildi ki, fabrik dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunmuşdur. Müəssisədə mebel istehsalı və dizaynı sahəsində ən son texnoloji yenilikləri tətbiq edilmişdir. Fabrikdə müştərilərin zövqünə tam cavab verməklə istənilən növdən olan yüksək keyfiyyətli məişət, ofis, muzey, xəstəxana, mehmanxana, təhsil müəssisəsi və digər inzibati binalar üçün mebellər istehsal ediləcəkdir.

Dövlətimizin başçısı müəssisədə istehsal olunan hazır mebel dəstlərinə baxdı.

Prezident İlham Əliyev fabrikin işə salınmasını bildirən düyməni basdı.

Bütün xəbərlər Facebook səhifəmizdə