Mərkəzi Seçki Komissiyası Azərbaycanda 7 noyabr parlament seçkiləri ilə əlaqədar hesabat hazırlayıb

Mərkəzi Seçki Komissiyası Azərbaycanda 7 noyabr parlament seçkiləri ilə əlaqədar hesabat hazırlayıb. SİA-nın məlumatına görə, hesabatda təchizat baxımından həm məntəqə, həm də dairə seçki komissiyaları tam təmin olunaraq seçki gününə hazır vəziyyətə gətirildiyi qeyd olunub.

 

Hesabatda qeyd edilib ki, 2010-cu ilin Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər ili olduğunu nəzərə alaraq Mərkəzi Seçki Komissiyası ilin əvvəlindən etibarən bir sıra layihələr hazırlayaraq həyata keçirilməsinə başlayıb: "Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə əsasən hər il olduğu kimi 2010-cu ildə də yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirib. Bu müddət ərzində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri "qapı-qapı" gəzərək öz məntəqələrinin seçici siyahısını dəqiqləşdirib. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına və növbəti mərhələdə isə MSK-ya ötürülüb. MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada mümkün təkrar və qeyri-dəqiqlikləri yoxlamış və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim edib. Dürüstləşdirilmiş son siyahılar Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada çap olunaraq məntəqə seçki komissiyalarına çatdırılması üçün DSK-lara təhvil verilib".

 

7 noyabr 2010-cu ildə keçiriləcək Milli Məclisə seçkilər elan edildikdən sonra qarşıdan gələn seçkilərdə namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşlar dairə seçki komissiyalarına müraciət edib və lazımi sənədləri təqdim etdikdən sonra imza vərəqələri ilə təmin olunub. Namizədlərin qeydiyyatı mərhələsi seçkilər elan olunduğu gündən başlayıb və oktyabrın 15-dək davam edib. MSK namizədlərin qeydiyyatı prosesini asanlaşdırmaq və sürətləndirmək məqsədilə sənədləri dairə seçki komissiyalarına təqdim edərkən doldurulmalı olan formalar hazırlamış və namizədlər üçün yaddaş kitabçasında bu prosesin ətraflı izahını təqdim edib. Namizədlikləri təsdiq olunan vətəndaşlar imza vərəqələri götürərək imza toplayıb. 1412 iddiaçı imza vərəqi götürüb və yalnız 1115 nəfər imza toplayaraq imza vərəqələrini digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına (DSK) təqdim edib. İmza vərəqələrini geri qaytarmış bu iddiaçılardan 72 nəfəri hələ sənədləri DSK tərəfindən baxılmazdan əvvəl namizədlikdən imtina edib və beləliklə DSK-lar 1043 namizədin sənədlərinə baxıb. Bunlardan 738 iddiaçı namizəd qismində qeydə alınıb. Lakin təqdim etdiyi sənədlərdə yol verilmiş ciddi qanun pozuntuları, o cümlədən gəlir mənbələrinin, əmlakla bağlı məlumatın qeyri-dürüstlüyü, əlavə olaraq, imza vərəqələrində yol verilmiş və xəbərdarlıqlar olunmasına baxmayaraq aradan qaldırılmamış qusurlar səbəbindən 302 nəfərin namizədliyinin qeydə alınması mümkün olmayıb. Qeydə alınmış namizədlərin 53 nəfəri öz ərizələri ilə namizədliyini geri götürmüş və yekunda 688 nəfər namizədin adı seçki bülletenlərinə daxil edilib. Deputatlığa namizədlərin 94 nəfəri qadındır.

 

Namizədlərin qeydiyyatı prosesi ilə bağlı 115 nömrəli qaynar xətt və digər vasitələrlə daxil olmuş müraciətlərə MSK tərəfindən operativ reaksiya verilmiş və tədbirlər görülüb. Sentyabr ayının əvvəlindən etibarən Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xəttinə 780 müraciət daxil olub. Namizədlərin qeydiyyatı prosesində şəffaflığın təmin edilməsi eləcə də, namizədlər haqqında məlumatların dairələrdən alınması prosesini asan və operativ qaydada həyata keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarını xüsusi kompüter proqramı ilə təmin edib. Bu proqramın köməyi ilə namizədlərin qeydiyyatı ilə bağlı məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin mövcud seçki şəbəkəsi vasitəsilə gündəlik olaraq Mərkəzi Seçki Komissiyasına ötürülmüş və birbaşa komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunmuş və mütəmadi olaraq yenilənib. Seçkilər zamanı mühüm məsələlərdən biri də vətəndaşların seçkilərlə bağlı müraciətlərinə baxılması və müvafiq qərarların qəbul olunmasıdır. Azərbaycan Respublikası Seçki Məcəlləsi və Avropa Şurası Venesiya Komissiyasının ekspertləri tərəfindən tövsiyə olunaraq MSK tərəfindən qəbul edilmiş müvafiq təlimata əsasən vətəndaşlar tərəfindən ünvanlanmış şikayət və müraciətlərə effektiv baxılması məqsədilə bir sıra vacib addımlar atılıb.

 

Hesabata görə, oktyabr ayı ərzində Mərkəzi Seçki Komissiyasına onun səlahiyyətlərinə aid 239 müraciət daxil olub. Bu müraciətlərdən 172-si bilavasitə namizədliyin qeydiyyatı ilə əlaqədar olub və 4 halda müraciət edən tərəf müraciəti geri götürüb. Qalan 168 müraciətə baxılarkən, onlardan 131 halda müvafiq dairə seçki komissiyasının qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılıb, 35 halda müraciət təmin edilib və bunun nəticəsində 35 namizəd MSK tərəfindən qeydə alınıb, 1 halda DSK-nın qeydə aldığı namizədin qeydiyyatı ləğv edilib və 1 halda namizədin qeydiyyatının ləğvi tələbi ilə bağlı digər bir namizəd tərəfindən daxil olmuş müraciət təmin edilməyib. O cümlədən, Bakı Apelyasiya Məhkəməsinin qərarı əsasında 5 və Ali Məhkəmənin qərarı əsasında isə 2 müraciətə yenidən baxılması Mərkəzi Seçki Komissiyasına həvalə edilib və bu müraciətlərin 7-si də namizədin xeyrinə müsbət həll edilib. 49 halda müraciət əsassız olduğundan təmin edilməyib, 11 halda mübahisə predmeti aradan qalxdığından və ya öz həllini tapdığından müraciətə xitam verilib, 6 halda müraciət müddətin ötürülməsi ilə daxil olduğundan geri qaytarılıb, 1 halda isə namizədliyin geri götürülməsi ilə bağlı dairə seçki komissiyasının qərarı ləğv edilib və vətəndaşın namizədliyi təkrar bərpa olunub.

 

Mərkəzi Seçki Komissiyası namizədlər üçün bərabər şəraitin yaradılması məqsədilə bir sıra addımlar aıb ki, bu da eyni imkanlı seçkiqabağı təşviqatın təminatına yönəlib. Seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı təklif etmiş 63 KİV (38 qəzet, 13 agentlik, 12 TV və radio) tərəfindən namizədlərə təklif olunan qiymətlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub və bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib. Habelə, hər bir seçki məntəqəsi ərazisində bir ədəd olmaqla, ümumilikdə namizədlərin təbliğat materialları üçün 5000-dən artıq lövhələr qurulub. Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən respublikadakı 3440 yaşayış məntəqəsində 4930 (2676 açıq, 2254 qapalı) görüş yerləri ayrılaraq namizədlərin ixtiyarına verilib. Namizədlər dairə seçki komissiyasına məlumat verməklə həmin yerlərdən ödənişsiz istifadə edir.

 

Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün bu günədək ümumilikdə 46569 yerli müşahidəçi qeydiyyatdan keçirilib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş yerli müşahidəçilərdən 1705 müşahidəçidən 102 nəfər siyasi partiyalar, 560 nəfər qeyri-hökumət təşkilatları, 3 nəfər qeydə alınmış namizədlərin təşəbbüsü əsasında, digərləri isə öz təşəbbüsü ilə seçkilərə qatılıb. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK tərəfindən akkreditə olunub. Bu qəbildən olan müşahidəçilərin sayı 43153-dür ki, bunlardan da 8177 nəfəri siyasi partiyaları, 5372 nəfəri qeyri-hökumət təşkilatlarını təmsil edir və 29604 müşahidəçi isə öz təşəbbüsü ilə müşahidə aparır. MSK tərəfindən bu günədək akkreditə olunmuş 1026 beynəlxalq müşahidəçi 19 beynəlxalq (xarici) qurumu təmsil edir ki, buraya da Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı Şurası, Avropa İttifaqının Bakı üzrə nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya və Belçika səfirlilikləri, eyni zamanda Avropa Seçki Müşahidə Akademiyası daxildir. Beynəlxalq müşahidəçilər 48 ölkə vətəndaşlarıdırlar.

 

Səsvermə prosesilə bağlı ictimaiyyətin vaxtaşırı məlumatlandırılması məqsədilə KİV-lərin seçki məntəqələrindən material hazırlaması üçün bütün şərait yaradılıb. Röyters, Bi-Bi-Si, Əl-Cəzirə, TRT, Associated Press, Frans Press, EPA, Anadolu, İhlas Haber Ajansı, Doğan Haber Ajansı, Daily İttehad da daxil olmaqla 20-yə yaxın xarici kütləvi informasiya vasitələrindən 43 beynəlxalq KİV təmsilçisi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akreditə olunub.

 

Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdiriləcəkdir. Respublikadakı seçki məntəqələrinin 500-də (təxminən 10%-də) veb-kameralarla bağlı texniki hazırlıq yekunlaşdırılıb və bu məsələyə MSK-nın iclasında baxılıb müvafiq qərar qəbul edilərək veb-kameralar quraşdırılmış məntəqələrin siyahısı təsdiq olunub. Bu veb-karmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə edirlər.

 

MSK bəyan edir ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi məqsədilə MSK lazım olan zəruri addımları atır və ictimaiyyəti mütəmadi olaraq seçki prosesi barədə məlumatlandırmaq məqsədi güdür. Seçkilər elan edildikdən sonra sentyabr-oktyabr ayları ərzində Mərkəzi Seçki Komissiyasının 32 iclası keçirilib və bu iclaslarda 380 qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə