PKK-nı idarə edən adlar hansılardır? Təşkilat hansı mərhələlərdən keçib? Təşkilatın bir nömrəli adı Abdullah Öcalandan etibarən PKK-ya istiqamət verən və təşkilatda əhəmiyyətli vəzifələrdə olanlar kimlərdir? SİA-nın məlumatına görə, Türkiyənin "Aksiyon" jurnalı bu suallara cavab verməyə çalışıb.
Jurnal hesab edir ki, hər hansı bir terror təşkilatının özbaşına gündəmə təsir etmək gücü ağlabatan deyil. Bildirilir ki, Türkiyədə "gündəmə bomba qoyacaq" müstəqil bir təşkilat yoxdur. Jurnalın PKK ilə bağlı dəyərləndirmələrini olduğu kimi diqqətinizə çatdırırıq: "Bir məhəllədə oğru polis bölməsindən xəbərsiz iş görə bilməz. Türkiyədə terror mövzusu ilə bağlı böyük təcrübəsi olan bir kəşfiyyatçının gəldiyi nəticə "Aksiyon"un ötən saylarında dərc edilmişdi. Gündəmin hərəkətliliyi və içində olduğumuz vəziyyət bu təsbitin nə qədər yerində olduğunu bir daha ortaya qoydu. Son 2 ildə törədilən terror aktlarına baxdığımızda zamanlamanın ölkənin daxili siyasəti ilə birbaşa əlaqədar olduğu ortaya çıxır. Lakin burada oğrudan çox məhəllənin polis bölməsi əhəmiyyətlidir. Hər nə qədər hadisələrin üzərinə yapışdırılan "ad" PKK olsa da, təşkilata bu hərəkətləri etdirən əsl gücün kim olduğu müzakirə edilməlidir. Son nümunələr isə referendumda boykot üçün ortaya çıxarılan hadisələr Hakkaridə imamın öldürülməsi və Keçidli yaxınlığında mikroavtobusun partladılmasıdır. Ekspertlərə və əldə edilən kəşfiyyat məlumatlarına görə bu cür hərəkətlər davam edəcək. Tətiyi çəkəndən çox çəkdirənin əhəmiyyət qazandığı bir dövrdəyik. Çünki PKK yalnız öz iddiası üçün mübarizə edən klassik bir təşkilat deyil. Daha çox praqmatik tərzdə hərəkət edən bir zehniyyətə sahibdir. Əgər klassik bir təşkilat olsaydı, lidersiz qaldığı 1999-cu ildə dağılıb yox olardı. PKK kürd probleminin qarşısındakı ən böyük tıxacdır. Silahlı güc hər vaxt siyasətin üstündə olur. Bu səbəblə AKP hökumətinin, xüsusilə son 2 ildə verdiyi açılımlar və etmək istədikləri həmişə PKK-nın təxribatlarına məruz qalıb. Buna baxmayaraq baş nazir Ərdoğan və qrupu kürd məsələsini həll etmək, hətta PKK-nı dağdan endirmək niyyətindədir. Bunun üçün təşkilatın "şərəf lideri" Abdullah Öcalan ilə bilvasitə görüşlərə davam edir. Amma atılacaq addımların gələcəyi nə Öcalan, nə də BDP-yə bağlıdır.
"Ergenekon" və PKK birlikdə hərəkət etdiyi müddətcə təşkilatı silahı yerə qoymağa məcbur mümkün deyil"
Ekspertlərə görə, "Ergenekon" və PKK birlikdə hərəkət etdiyi müddətcə təşkilatı silahı yerə qoymağa məcbur mümkün deyil. Mövzunun digər bir tərəfi isə təşkilatdakı fikir ayrılığıdır. Öcalan başda olmaqla təşkilat içində ciddi bir düşüncə ayrılığı var. Öcalan və Murad Karayılanın nə deyəcəyi çox da əhəmiyyətli olmaya bilər. Öcalan daha çox öz gələcəyi üçün tezislər inkişaf etdirərək hələ də təsirli bir güc olduğunu göstərmək istəyir. Təşkilatın "dərin" qanadı isə bütləşdirdiyi Öcalanın qarşısına çıxmaq istəmir. Karayılanın isə təşkilatın lideri olsa da təkbaşına hərəkət edə biləcək bir gücü yoxdur və yalnız verilən mətnləri oxumaqla vəzifəli bir mövqedədir. Belə olmasaydı tez-tez yer dəyişdirib mühafizəçilərlə gəzməzdi. Çünki "dərin" sistemdən çəkinir və ona qarşı edilə biləcək sui-qəsddən qorxur. BDP isə təkbaşına heç bir şey edə bilməyəcək bir mövqedədir. Yalnız "siyasətdə bir şeylər edə bilərəmmi?" fikirləri ilə yaşayır. Bir sözlə prosesi uzadaraq vaxt qazanmaq istəyir. Bu da "dərin" sistemin maraqlarına uyğun gəlir. Buna görə də əsl məsələ PKK-nın "dərin" sistemi və bu sistemin Ergenekonla əlaqəsidir. PKK-nın 4 minə yaxın üzvü var. Müxtəlif vaxtlarda ayrılmalar olsa da təşkilat 4 min rəqəmini sabitləşdirmək üçün davamlı olaraq ətrafına insanları cəlb edir. Üzvlərin daha çox olmasını da istəmir. Çünki büdcəsini bu rəqəmə görə nizamlayıb. Təşkilatdakı daxili qarşıdurmalara, fikir ayrılıqlarına baxmayaraq davamlı olaraq adam yığa bilməsi də maraqlı bir detaldır. 1993-cü ildən 8 dəfə atəşkəs elan edən PKK-nın atəşkəsi yenə özünün pozması da diqqət çəkicidir.
PKK-dakı bu "dərin" sistemi kimlər idarə edir?
PKK-da hal-hazırda iki qrup var. Birincisi Murad Karayılan və qrupu. Karayılan təşkilata tam nəzarət edə bilmir. Yalnız təlimatları yerinə yetirməklə vəzifələndirilib. Digəri isə ankaralılardır. Bu qrup "dərin PKK-lılar" və ya "Ergenekoncu qanad" olaraq da bilinir. Burada Cəmil Bayık, Əli Haydar Qaytan, Mustafa Karasu, Duran Kalkan kimi adlar diqqət çəkir. Dağdakı heyəti şəhərlərdə və Avropada dəstəkləyən və əsl təlimatları verən əhəmiyyətli adlar da var. Sabri Ok, Mahmud Şakar kimi adlar bunlardan yalnız bir neçəsidir.
Təşkilatda kim kimdir?
Abdullah Öcalan: 1949-cu ildə Şanlıurfada anadan olub. Atası kürd, anası türkdür. 1971-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə qəbul olub. Burada təhsilini yarımçıq qoyaraq Ankara Universiteti siyasi məlumatlar fakültəsinə keçib. Ancaq bu məktəbi də tərk edib. 27 Noyabr 1978-ci ildə Diyarbəkrdə keçirilən 1-ci konqresdə təşkilat lideri olub. "Apocular" olaraq bilinən qrupun adı PKK adlandırıldı. PKK bir çox ölkədə reallaşdırdığı terror aktlarına görə terror təşkilatları siyahısına daxil edildi. Öcalan 27 İyun 1979-cu ildə zərbə alacağı xəbərindən sonra Suriyaya keçdi. Türkiyənin təzyiqləri nəticəsində Suriya Öcalanı ərazisindən çıxarmaq məcburiyyətində qaldı. Suriyadan Rusiyaya, oradan İtaliyaya keçən Öcalan, İtaliya tərəfindən də ölkədən çıxarılandan sonra Yunanıstanın Keniya səfirliyində saxlandı. 16 Fevral 1999-cu ildə Keniyadan Türkiyəyə gətirildi. 29 İyun 1999-cu ildə Ankara 2 Nömrəli Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən Türkiyə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ölüm cəzasına məhkum edilib. Avropa Birliyi qanunlarına uyğunlaşmaya görə, edam cəzası qaldırılıb və hələ də İmralı həbsxanasındadır. Kürd dilini bilmir. PKK üzvlərinin "kürd xalqının lideri" adlandırdığı Öcalan ilə "dərin" sistemin əlaqəsi həmişə olub. Bu işi o, bəzi vəkilləri sayəsində edib.
Sabri Ok: PKK-nın Öcalandan sonrası üçün təyin etdiyi lider. Okun adı təşkilatın ilk addımları olan (1984-cü il) Sırt və Eruh terror aktlarının planlayıcısı olduğu deyilir. 1985-ci ildə ələ keçirilib. Həbsxanada 20 il olub. Həbsdə ikən belə təşkilatın ən vacib adamlarında idi. Öcalan həbsə atıldığında yanında istədiyi tək adam Sabri Ok idi. Təşkilatın hələ də gizli lideridir. Avropa ilə Suriya arasında əlaqələr qurur. Sabri Ok qərar vermədən təşkilatın hansısa addım atmasının mümkün olmayacağı təxmin edilir. Sabri Ok milliyyətçi görüşə sahib PKK-lıları idarə edə bilən tək adam olaraq bilinir.
Mahmud Şakar: Uzun müddət Öcalanın vəkilliyini edib. Bu müddət ərzində 74 dəfə İmralıda olub. Təşkilatı əhəmiyyətli ölçüdə istiqamətləndirir. Hikmət Fidan cinayətində də təşəbbüsçü olaraq adı çəkilir. Vəkil Hüseyin İldırım Şakar haqqında danışarkən belə deyir: "Şakar Avropada yaşayır və mütəmadi olaraq Suriyaya gələrək təşkilatın "dərin" sistemi ilə yığıncaqlarda iştirak edir".
Cəmil Bayık: PKK-nın iki nömrəli adı. Kod adı Cümə. Orta təhsilini tamamladıqdan sonra Ankara Universitetinin coğrafiya fakültəsinə qəbul olub. Ancaq məktəbi yarımçıq qoyub. PKK-nın 18 qurucusundan biridir. 12 Sentyabr hadisələrindən sonra ölkə xaricinə qaçaraq təşkilatın Suriya, Livan və Şimali İraqdakı düşərgələri ilə Avropa şöbələrindən cavabdeh olub. Sonra PKK-nın başçılıq şurasının üzvlüyünə seçilib. 2004-cü ilin yanvar ayında təşkilat daxilindəki "islahatçı" və "klassik" bölgüsündə "klassik" qanadına rəhbərlik edib. Ankara qrupu ilə hərəkət edən Bayık Karayılan ilə davamlı qarşıdurmadadır və onu lider kimi tanımır.
Mustafa Karasu: Avareş və Hüseyin-Əli kod adlarını istifadə edən Karasu 1950-ci ildə Sivasda doğulub. Ankara Universitetində oxuyarkən Öcalan ilə tanış olub. Təşkilatın İran və Şimali İraq düşərgələrində məsul olaraq fəaliyyət göstərib. 1979-cu ildə bir jurnalisti öldürməyə təşəbbüs etdiyinə görə həbs olunub. 1992-ci ildə həbsxanadan çıxdıqdan sonra ölkə xaricinə qaçaraq Berlin Kürdüstan İşçi Mədəniyyət Mərkəzinin rəhbərliyinə gətirilib. Ankara qrupunun ən mühüm adı olaraq bilinir.
Duran Kalxan: 1954-cü ildə Adanada doğulub. Ankara Universitetinin məzunudur. Kod adı Abbas. Təşkilatın başçılıq şurasının üzvüdür. 2005-ci ildə Karayılana qarşı sui-qəsd cəhdini edib, amma istəyinə nail ola bilməyib. 27 Noyabr 1978-ci ildə PKK-ın təsis konqressinə üzv olaraq qatılıb. Konfranslar sonrasında maqnitofonlara yazılan Öcalanın nitqlərini kitablaşdırıb. 1987-ci ildə Avropaya göndərilib. 1988-ci ildə Almaniya Dusseldorf Əyalət Yüksək Məhkəməsi tərəfindən mühakimə olunub. 5 il həbsxanada olduqdan sonra Suriyaya dönüb. Uzun müddətdir ki, təşkilatın başçılıq şurasının üzvüdür. Türkiyədəki "Ergenekon"cu qanadla mütəmadi olaraq görüşdüyü də iddia edilir.
Əli Haydar Qaytan: 1952-ci ildə Tuncelidə doğulub. PKK-nin liderləri sırasındadır. PKK-nın təsis konqressində iştirak edib. Son dövrdə təşkilatdakı liderlik mübarizəsində mühüm rol alıb. Keçən il İran əsgərləri tərəfindən edilən bir hücumda ağır yaralandığı deyilir. Öcalanın yaxalanmasından sonra təşkilatın Avropadakı 4 idarəçisi passiv mövqeyə gətirilib. Bunlardan biri də Qaytan idi. Ancaq qısa müddətdə o, əvvəlki mövqeyinə qayıdıb. Ankara qrupuna daxildir və "Ergenekon"cu qanadın əhəmiyyətli nümayəndələrindəndir.
Zübeyr Aydar: 1961-ci ildə Siirtdə doğulub. İstanbul Universiteti Hüquq Fakültəsini bitirib. 1986-cı ildə Siirtə qayıdaraq vəkillik edib. İnsan Haqları Dərnəyi (İHD) Siirt bölgə başçılığı və İHD başçının köməkçisi kimi vəzifələrdə olub. 1991-ci ildə millət vəkili seçilib. Sonra HEP-in qurucularından olub. 1994-cü ildə ölkə xaricinə gedərək Belçikada digər keçmiş DEP millət vəkilləri ilə DEP ilə Həmrəylik Bürosunu yaradıb. 1995-ci ildə qurulan mühacirdəki Kürdüstan Parlamentinə rəhbərlik edib və daha sonra adı dəyişdirilən Kürdüstan Milli Konqresinin (KNK) idarə heyətinə üzv seçilib. Öcalanın ən yaxın sirdaşına çevrilib. PKK liderinin yaxalanmasından sonra Avropada PKK-nın fəaliyyətinin genişləndirilməsi üçün siyasi görüşlərini davam etdirib. PKK-nın silahlı mübarizəsindən çox, siyasi sahədəki fəaliyyətilə tanınan Aydar, tez-tez Şimali İraqdakı PKK düşərgələrinə gedir. Hələ də Belçikada olduğu ehtimal edilir.
Murad Karayılan: 1954-cü ildə Birecikdə doğulub. PKK-ya 1979-cu ildə qatılıb. Kod adı Camaldır. İndi təşkilatın lideridir. Uzun müddət Şanlıurfa ətrafında fəaliyyət göstərdikdən sonra Suriyaya qaçıb. Sonra silahlı güclərin rəhbərliyinə gətirilib. İlk vaxtlar silahlı mübarizənin ön planda olmasını müdafiə edən mühafizəkar qanadın lideri olan Karayılan son vaxtlar silahsızlanma ilə bağlı açıqlamalar verir. Bu səbəblə də davamlı hədə və tənqidlərə məruz qalır. Lakin təşkilatın üzvləri tərəfindən sevilən bir ad olduğu üçün ona qarşı ictimai bir hücum etmək hələlik çətin görünür. "Qalstuklu" terrorçu olaraq da adlandırılan Karayılan lider mövqeyində olsa da sui-qəsdlərdən qorxur. Buna görə də davamlı şıkildə yerini dəyişdirir.
Fərhad Abdi Şahin: Kod adı Şahin. Suriya mənşəlidir. Təşkilatın Avropadakı yüksək səviyyəli cavabdehlərdən biridir. Öcalanın mənəvi oğulu olaraq da tanınır. Bununla belə Türkiyənin İraq rəhbərliyinə verdiyi PKK rəhbərləri arasında adı yox idi. Cəlal Təlabani onun adını siyahıya əlavə edərək Şahinin təşkilatda əhəmiyyətli bir yeri olduğunu bəyan etdi. Son vaxtlarda Suriyaya gedib təşkilata yeni strategiyaları təqdim etdiyi deyilir.
Rəmzi Qartal: 1948-ci ildə Vanda doğulub. 1991-ci il seçkilərində Vandan millət vəkili seçilib. 1995-ci ildə DEP millət vəkillərinin toxunulmazlıqlarının ləğv edilməsindən sonra ölkə xaricinə qaçaraq mühacirdəki Kürd Parlamentinin qurucuları arasında yer alıb. Hələ də Avropadadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB