"Həmsədrlərin regiona səfərindən heç nə gözləmirəm" AÇIQLAMA

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən müsbət heç nə gözləmirəm. Çünki, həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standart mövqeyi hər kəsə məlumdur. Minsk qrupu həmsədrləri 20 ildən çoxdur ki, münaqişənin həli ilə bağlı regiona gəlib, boş bəyanatlar verməklə məşğuldurlar”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Həmsədrlərin münaqişənin həlli ilə bağlı əməldə heç bir addım atmadıqlarını deyən deputat söyləyib ki, Avropa qurumlarının, həmsədr ölkələrinin ermənilərin işğalına, separatçılara qarşı mövqeləri bu gün onların öz başlarında çatlayır: “Artıq onlar da terrorun, separatizmin qurbanına çevriliblər. Bu da ikili standartların nəticələridir. Əgər zamanında onlar erməni işğalına qarşı mübarizədə bizim ədalətli mövqeyimizi müdafiə edib, işğalın qarşısını alsaydılar. O zaman bu gün belə vəziyyət yaranmazdı. İspaniyada baş verənlər İngiltərə, Fransa, İtaliya, Çexiya və digər dövlətlərə də sirayət edəcək”.

25 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu xatırladan E.Məmmədov bildirib ki, belə olan halda, niyə Qərb, həmsədr ölkələr, beynəlxalq təşkilatlar problemin həllinə kömək göstərmək istəmir: “Əksinə, işğalçını müdafiə edir, onlara qoşulub xalqların öz müqəddəratını təyin etməsindən danışırsız. Bu baxımdan hesab edirəm ki, həmsədrlərin budəfəki səfəri də digərlərindən fərqlənməyəcək. Bu səfər yalnız onların ədalətli mövqeləri nəticəsində fərqlənə bilər”.

Deputatın sözlərinə görə, DQ münaqişəsinin həlli 3 həmsədr dövlət tərəfindən həll oluna bilməz: “Çünki onların hər üçünün maraqları Cənubi Qafqazda toqquşur. Xüsusilə də Rusiya ilə Qərbin. Bu baxımdan həmin dövlətlər problemi həll edə bilməzlər. Münaqişənin həlli ilə bağlı vasitəçilik mandatı bu 3 ölkəyə deyil, BMT Təhlükəsizlik Şurasına həvalə olunmalıdır. Çünki hər 3 ölkənin ermənipərəst mövqeyə malik olduğu hər kəsə məlumdur. Bundan başqa prosesə ATƏT-in Minsk qrupunda təmsil olunan digər bir tərəf dövlətlər də qoşulmalıdır. Yalnız bu halda məsələnin həllində müsbət nəsə ola bilər”.

BMT sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü xatırladan deputat qeyd edib ki, bu görüşdən sonra Ermənistan tərəfi daha da aqressivləşib.

Qeyd edək ki, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə İrəvan və Bakıya səfər edəcək. Bölgədə olduğu zaman A.Şofer Minsk qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə