Sabah Bakıda 3 beynəlxalq sərgi öz işinə başlayacaq

Bu gün XVI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi, V Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və IV Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, 22-24 sentyabr tarixlərində keçiriləcək hər üç sərginin təşkilatçıları Böyük Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian"şirkətidir.

Mətbuat konfransında çıxış edən "Iteca Caspian"şirkətinin direktoru Fərid Məmmədov sərgilər barədə ətraflı məlumat verib. O bildirib ki, "BIHE" - Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Artıq şirkət tərəfindən payız sərgilərinin keçirilməsinə başlandığını deyən F.Məmmədov qeyd edib ki, bu sərgilərin tərəfdaşları "Azerfon-Vodafone", "Paşa Sığorta", "Caspel", "Creenwich Travel", "SIAR" şirkətləri və Qafqaz Point Otelidir.

"İlk dəfə sərgilər yüksək standartlara cavab verən, yeni və müasir tipli "Bakı Ekspo Mərkəzində" keçiriləcək. "BIHE" sərgisi ilə paralel stomatoloji avadanlıqlar, istehlak materialları və bir çox digər tibbi ləvazimatların təqdim ediləcəyi 5-ci Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi də təşkil olunacaq. 22-24 sentyabr tarixlərində daha bir layihə - 4-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi reallaşacaq", - deyə o əlavə edib.

Səhiyyə Nazirliyinin Mətbuat şöbəsinin müdiri Anar Qədirli son illərdə səhiyyə sahəsində həyata keçirilən islahatlardan danışıb. 2006-cı ildən bu günə kimi 400-dən artıq tibb müəssisəsinin tikilərək istifadəyə verildiyini, əsaslı təmir olunduğunu deyən A.Qədirli bildirib ki, bu müəssisələrin hər biri müasir texniki avadanlıqlarla təchiz olunub. Onun sözlərinə görə, hər il ölkədə beynəlxalq səhiyyə sərgisinin təşkil edilməsi bu sahənin inkişafı üçün çox əhəmiyyətlidir: "BIHE" sərgisi öz sağlamlığının qayğısına qalan hər bir kəs üçün mühüm tədbir olacaq və sağlamlığın qorunub saxlanılmasına köməklik edəcək. Sərgi və sərgidə təqdim olunan yeniliklər yerli bazarda səhiyyə sahəsinin qabaqcıl məhsul, xidmət və texnologiyalarının təşviqinə dəstək olacaq, bu isə nəticə etibarı ilə ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin artmasını təmin edəcək".

Azərbaycan Stomatologiya Assosiasiyasıın rəhbəri Rəna Əliyeva da bu sərginin təşkil edilməsinin yüksək əhəmiyyətə malik olduğunu söyləyib. Onun fikrincə, sərgilərdə yeni müasir avadanlıqlar sərgilənir ki, bu da tibb işçilərinin gələcək fəaliyyəti üçün çox əhəmiyyətləridir.

Səhiyyə sərgisinin layihə meneceri Elmira Ağayeva isə çıxışında bu sərgidə Azərbaycan, Almaniya, Rusiya, İran və digər ölkələr də daxil olmaqla, 19 ölkədən 105 şirkətin iştirak edəcəyini deyib. Onun sözlərinə görə, bu il sərgi iştirakçılarının sayı ötən illə müqayisədə 15% artıq olacaq: "Yerli istehsalçılar və distributorlar isə sərginin ümumi ərazisinin 40% təşkil edəcəklər. Həmçinin, iştirakçıların 35% "BIHE" sərgisinin debütantları sayılır və onların arasında Bavariya iqtisadiyyat, Nəqliyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən Bavariya Milli Stendi də vardır.
"BIHE" sərgisi ilə paralel stomatoloji avadanlıqlar, istehlak materialları və bir çox digər tibbi ləvazimatların təqdim ediləcəyi 5-ci Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi də təşkil olunacaq. Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə Stomatologiya sərgisi çərçivəsində bu il stomatologiya sahəsinin mərkəzi hadisəsinə çevriləcək "Dünya nailiyyətləri fonunda stomatologiyanın aktual problemləri" adlı 16-cı Beynəlxalq Stomatoloji Konfrans da keçiriləcək.
Bu sərgi ilə eyni vaxtda, yəni 22-24 sentyabr tarixlərində daha bir layihə - 4-cü Azərbaycan Beynəlxalq Cözəllik və Estetik Təbabət Sərgisi keçiriləcək. Bu sərgidə estetik təbabət, makiyaj və tatuaj üçün nəzərdə tutulmuş avadanlıq və preparatlar, gözəllik salonları üçün alətlər, kosmetologiya, təbii kosmetika, uşaqlara qulluq üçün məhsullar və bir çox digər bölmələr təqdim olunacaq. Bundan əlavə, ilk dəfə olaraq, sərgi çərçivəsində estetik təbabət üzrə konfrans da təşkil olunacaq ki, bu konfransın da əsas mövzusu isə dəriyə qulluq proseduraları olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə