Politoloq: “Mübarizə yollarından biri kiber polisinin yaradılmasıdır” AÇIQLAMA
“Biz tez -tez dövlətlərin nazirlər kabinetlərinin, dövlət administarsiyalarının, bank sistemlərinin elektron məlumat və idarəetmə mərkəzlərinin kiberhücumlar nəticəsində çökməsi halları ilə rastlaşırıq. Bu sayaq hücumlardan hətta informasiya texnologiyaları sahəsində inkişaf etmiş və bu sahədə xüsusi nailiyyətləri olan dövlətlər də sığortalanmayıblar”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, kibercinayətkarlar fəaliyyətlərinin ilk illərində xırda əməliyyatlar apararaq şəxsi, özəl və dövlət orqanlarının saytlarını və ya kompyuterlərini ələ keçirərək müxtəlif şantaj və hədələmə yolu ilə müəyyən miqdarda maddi təzminat ödəməyi tələb edirdilərsə, artıq bu əməliyyatlar siyasi xarakter almağa başlayıb. Hakkerlərin dövlət sirri olan informasiya mənbələrinə daxil olması və bu məlumatların açığa çıxarılması əməliyyatları hazırki durumda çox ciddi konflikt ocaqlarının yaranması ilə nəticələnə bilər. Eləcə də Azərbaycan Respublikası kibercinayətkarların hücumundan sığortalanmayıb. Bunun üçün mübarizə yollarından biri kiber polisinin yaradılmasıdır. Dövlətin və ya vətəndaşların onun icazəsi olmadan məlumat bazasına daxil olmaq, bu məlumatları dəyişdirmək və ya maraqlarına xidmət edən məlumatlarla əvəz etmə əməlləri xüsusi ağır cinayətlər kateqoriyasına aid edilməli və qanunvericilikdə dəyişikliklər edilməlidir.
Həmçinin xüsusi olaraq qeyd etmək istəyirəm ki, cinayətkarlığın yeni növü olan kidercinayətlə mübarizə beynəlxalq qüvvələrin birgə səyi ilə aparılmalıdır. Ona görə də Azərbaycan bu virusa qarşı mübarizədə mövcud olan beynəlxalq konvensiyalara qoşulmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə