Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları yazılmış lövhələr Ağrı dağın zirvəsinə bərkidilib

Türkiyə Dağçılıq Federasiyasının (TDF) təşkilatçılığı ilə 80 nəfər alpinist Ağrı Dağa yürüş edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yürüş iştirakçılarının 37-si xarici ölkələrin təmsilçiləri olub. Rumıniya, Bosniya-Hersoqovina, Yunanıstan, Qaradağ, Xorvatiya, Azərbaycan, İran, Makedoniya, Bolaqrıstan, Serbiya və digər ölkələrin alpinistlərinin iştirak etdiyi bu yürüşə Türkiyə Azərbaycan Dərnəyinin (TAD) üzvləri də qatılıblar.

TAD-ın sədri Sinan Oğan deyib ki, yeni fəaliyyətə başlamasına baxmayaraq dərnək artıq bir neçə yaddaqalan tədbirlər keçirə bilib. Bunların sırasında Ankarada Azərbaycan gecəsi, Keçiören Bələdiyəsi ilə birlikdə Beynəlxalq Ramazan Festivalı və başqaları var. Ağrı Dağa çıxmış dərnək üzvləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət iki dövlətik" kəlamları yazılmış lövhələri 5 min 137 metr yüksəklikdə dağın zirvəsinə bərkidiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə