Unikal məkanda yəhudilərin Roş-xa-Şana bayramı

Unikal məkanda yəhudilərin Roş-xa-Şana bayramı

Azərbaycan qədim zamanlardan müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuş, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı mədəni məkana çevrilmişdir. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Qərb fəlsəfi fikrində özünə yer almış multikulturalizm mədəniyyətlərin müxtəlifliyi və çoxçalarlılığını ifadə edir. Azərbaycanda multikulturalizm siyasəti dövlət siyasəti kimi qəbul edilərək Qərb dövlətləri ilə müqayisədə daha səmərəli şəkildə həyata keçirilir. Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayan bir dövlətdir və dünya bizim təcrübəmizi öyrənir. Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti müasir dünyamızda son dərəcə həyati əhəmiyyət kəsb edir. Bu gün artıq ölkələr, xalqlar dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı bir zamanda əməkdaşlıq, mədəniyyətlərarası dialoq vacib məsələlər sırasındadır. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı, qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb. Milli-mədəni müxtəliflik mədəni zənginlik deməkdir. Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər təhdid edir. Milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, eləcə də din mədəniyyətə təzyiq göstərir. Digər tərəfdən isə praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər yox olur, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır, bəzən də tamamilə yox olur. BMT konvensiyalarına qoşulan Azərbaycan mədəni müxtəlifliyin tanınmasına əsaslanır və mədəniyyətlərarası mübadiləni dərk edərək, daha çox həmrəyliyin bərqərar olmasına cəhd göstərir. Milli-mədəni müxtəliflik mədəni zənginlik deməkdir. Azərbaycan dövləti ölkədəki milli-mədəni müxtəlifliyin qorunub saxlanmasında, inkişafında maraqlıdır və buna dəstək verir. Dünya cəmiyyəti bununla mədəni müxtəlifliyin inkişafına töhfələr verməklə, mədəni irsin qorunması, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında münasibətlərin qurulması vacibliyini həmişə yadda saxlamalıdır. Heç zaman dini və ya irqi ayrı-seçkilik olmayan ölkə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Müasir gərgin beynəlxalq şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğati və təşviqati istiqamətdə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bəyan etdiyi dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas amilləridir. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayır. Burada etnik və dini qruplar arasında hər zaman güclü əlaqələr olub. Bu ölkədə heç zaman dini və ya irqi ayrı-seçkilik olmayıb. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Tarixi keçmişimizdən qalan mütərəqqi ənənə Azərbaycanın müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Milli azlıqları təmsil edən mədəni mərkəzlər və birliklərlə bağlı mühüm işlər görülür. Qusar rayonundakı Ləzgi Dövlət Dram Teatrının və Qax rayonunda yaradılmış Dövlət Kukla Teatrının maddi-texniki bazaları dövlətimiz tərəfindən möhkəmləndirilib. Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində 1981-ci ildə yaradılmış və 1985-ci ildə "xalq teatrı" adını almış gürcü dram dərnəyinə dövlət statusu verilmişdir. S.Vurğun adına Rus Dram Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Komediya, Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Kukla Teatrlarındakı rus bölmələri fəaliyyət göstərirlər. Astara rayon Mədəniyyət evinin "Sevinc" mahnı və rəqs ansambllarının talış milli azlığının adət-ənənələrinin, milli rəqs və mahnılarının təbliği sahəsində rolu vardır. Astarada "Məhsul", "Əkinçi", "Şum" bayramları keçirilir. Bu gün Azərbaycanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. Hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır. Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, eləcə də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonlarının əhalisidir. Katoliklər daha çox Bakı şəhərində yaşayırlar.

“HƏR KƏSİN FUNDAMENTAL İNSAN HAQLARI VƏ AZADLIQLARI ÜÇÜN DEMOKRATİK-HÜQUQİ ŞƏRAİT TƏMİN EDİLMİŞDİR”

Azərbaycan 2 min ildir yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətəndir. Hazırda Azərbaycanda 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycanla İsrail, azərbaycanlılarla yəhudilər arasındakı unikal əlaqələr və əməkdaşlıq müsəlmanlarla yəhudilərin qarşılıqlı hörmət, əməkdaşlıq, sülh şəraitində birgə yaşaya biləcəyinə inanmayan, yaxud inanmaq istəməyən hər kəsə mesajdır. Ölkəmizdə yaşayan müxtəlif xalqlar öz dini-milli bayramlarını qeyd edirlər. Bildiyimiz kimi, hər il yəhudilər Roş-xa-Şana bayramını əmin-amanlıq şəraitində qeyd edirlər. Azərbaycan Prezidenti Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlığa əsaslanan nümunəvi ictimai münasibətlər formalaşmışdır. Müasir Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fundamental insan haqları və azadlıqları üçün demokratik-hüquqi şərait təmin edilmişdir. Cəmiyyətimizdə yüz illərlə hökm sürən etnik-dini tolerantlıq mühitində yəhudi icması milli-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub-saxlamaqla, böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin sosial-mədəni həyatında yaxından iştirak edir, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə özünəməxsus töhfə verir. Yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzi olan Roş ha-Şana münasibətilə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.”

Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə onlar sinaqoqa gedərək dualar oxuyur, ehtiyacı olanlara əl tutur, bayram süfrəsi arxasında toplaşaraq Tanrıdan günahlarının bağışlanmasını diləyirlər. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və müqəddəs "Yom Kipur" gününü qeyd edirlər. Roş-xa-Şana bayramı dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər təntənəli şəkildə keçirir. Dövlətin din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Din sahəsindəki siyasət beynəlxalq hüququn prinsiplərinə və normalarına, dövlətimizin qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Dünyada baş verən böhranlardan və münaqişələrdən uzaq olmaq, birgə tədbirlərin görülməsinə nail olmaq, terrorizmə, münaqişələrə qarşı səmərəli mübarizə aparmaq üçün vətəndaşlıq prinsipləri, insan haqları, bərabərlik amillərini hər zaman diqqətdə saxlayan Azərbaycan terrorizm aktlarını törədənlərə, irqi və dini zəmində münaqişə yaradanlara qarşı barışmaz mövqeyini ortaya qoyur, islam dünyasının həmrəyliyinə töhfəsini verir. Azərbaycandakı mövcud vəziyyət onu deməyə əsas verir ki, ölkəmizdə multikulturalizmin alternativi yoxdur. Azərbaycan bir çox millətlərin və konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadıqları unikal yerdir və bu ənənələrin tarixi kökləri var.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə