"Həqiqətən də, zaman-zaman Azərbaycana, ümumilikdə isə Türk dövlətlərinə, Türk dünyasına qarşı ayrı-ayrı paytaxtların və beynəlxalq təşkilatların məkirli mövqeyini görmüşük. Bu, yeni məsələ deyil – dırnaqarası tarixi “ənənələrə” dayanan bir siyasətdir. Üzdə dost, mehriban, səmimi görünməyə çalışan bir sıra qüvvələrin Türk dünyasına qarşı yürütdüyü siyasətin acı nəticələrini ötən illərdə dəfələrlə görmüşük və yaşamışıq". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bugün də, çox təəssüf ki, vaxtdaşırı həmin mövqelərin baş qaldırmasının fərqindəyik. Təsadüfi deyil ki, dekabrın 2-də Brüsseldə keçirilmiş Avropa İttifaqı–Ermənistan Tərəfdaşlıq Şurasının iclasında imzalanan "Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəm" adlı sənəddə, baxmayaraq ki, Azərbaycanla Ermənistan arasında müharibə başa çatıb, sülh prosesi isə hər iki tərəfin iştirakı və razılığı ilə davam edir, Avropa İttifaqı sənədə absurd və sərsəm iddialar daxil edib. Bu, yalnız Azərbaycana qarşı deyil, ümumilikdə Türk dünyasının maraqlarına qarşı yönəlmiş bir mövqedir. Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə razılaşmaları da bəzən bu birliyə zərər verə biləcək formada aparılır. Bu səbəbdən, Türk dövlətləri bir-birilə daim məsləhətləşməli və ortaq mövqe sərgiləməlidirlər.
Nümunə kimi, Türkiyənin Ermənistanla sərhədləri açmaqdan imtina etməsini və Azərbaycanın mövqeyini önə çıxarmasını göstərə bilərik. Bu, bir qardaş dəstəyinin təcəssümüdür və digər Türk dövlətləri üçün də nümunə olmalıdır. Azərbaycan Prezidentinin Qazaxıstanda səfəri zamanı Ermənistan üçün taxıl daşınmasına şərait yaratması da göstərir ki, Azərbaycan və Türk dövlətləri heç bir ölkəyə qarşı düşmənçilik siyasəti yürütmür; əksinə, əməkdaşlığa açıqdır. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı digər beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı, ATƏT və digərləri ilə kommunikasiyalar qurmalı, lazım gəldikdə görüşlər keçirilməli, birləşmiş mövqe ortaya qoyulmalıdır. Bu, həm də bu təşkilatların Türk birliyinə qarşı qərəzli münasibətini neytrallaşdırmaq üçün vacibdir.
Məsələn, Macarıstanın bu təşkilatda müşahidəçi statusunda iştirak etməsi sübut edir ki, Avropa daxilində də Türk dünyası ilə əməkdaşlıqda maraqlı dövlətlər var. Bu nümunələr artırılmalıdır. Bu gün də Azərbaycan və Türkiyə arasında uğurla həyata keçirilən qarşılıqlı etimad siyasəti davam etdirilməlidir. Bu siyasət Türk dövlətləri səviyyəsində də dəstəklənməli və birlik mesajı verilməlidir. Avropa İttifaqı bu sənədə görə peşman edilməli, Ermənistan rəhbərliyinə isə bir daha göstərilməlidir ki, təhlükəli mövqelərdən çəkinməlidirlər.
Xatırladım ki, 2023-cü ilin sentyabrında Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Zirvə görüşündə Azərbaycan Prezidenti çox mühüm bir təşəbbüslə çıxış etdi. Bildirdi ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. O, hərbi və müdafiə sahəsində əməkdaşlığın vacibliyini vurğuladı və Türkiyə ilə Azərbaycan arasında keçirilmiş 25-dən artıq hərbi təlimi nümunə göstərdi. Eyni zamanda, Türk dövlətləri arasında 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsini təklif etdi.
Bütün bu çağırışlar, təkliflər və fəaliyyətlər göstərir ki, Türk Dövlətləri Təşkilatının güclənməsi bəzi dairələri narahat edir. Çünki onların fikrincə, Türk dövlətlərinin bir araya gəlməsi bir təhlükədir. Halbuki təşkilat heç bir dövlətə və quruma qarşı yönəlməyib; sülh, əməkdaşlıq və inkişaf məqsədi daşıyır. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, separatizmə son qoyması, Ermənistanla təklif etdiyi sülh şərtləri əsasında danışıqlar aparılması təkcə Azərbaycan və Ermənistanın maraqları deyil. Bu, həm də Türk dövlətlərinin, ümumilikdə regionun maraqları deməkdir. Xüsusilə Zəngəzur dəhlizinin və Transmarşrutun reallaşdırılması Türk dövlətləri arasında birbaşa, yeni müstəvidə kommunikasiyanın qurulması, tarixi əlaqələrin yenidən dəmir yolu və avtomobil yolu vasitəsilə bərpası deməkdir. Bu baxımdan, biz bir daha müşahidə edirik ki, Avropa İttifaqı tərəfindən Türk zolağına qarşı yeni maneələr yaradılır. Bu sənəd, Ermənistandakı revanşist qüvvələrə dəstək sayıla bilər və bölgədə sabitliyə təhlükə yaradan bir siyasətdir.
Hesab edirəm ki, yalnız rəsmi Bakının etirazı ilə kifayətlənmək olmaz. Türk Dövlətləri Təşkilatı, onun Katibliyi və digər əlaqədar qurumları da bu məsələdə öz mövqelərini açıq şəkildə bildirməlidirlər. Vaxtilə Azərbaycan Prezidenti torpaqlarımız işğal altında olarkən Avropada anti-Türkiyə çıxışlarına qarşı qətiyyətli mövqe sərgiləmiş və demişdi: “Türkiyə burada yoxdursa, mən varam.” Bu, Türk birliyinin möhkəmliyini göstərən açıq mesaj idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB