Sülh və ədalət axtarışı - RAKURS

Azərbaycan Prezidentinin III Şuşa Qlobal Media Forumunda çıxışına sözardı...

III Şuşa Qlobal Media Forumu bir çox hadisələri ilə yadda qaldı. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif mövzularla bağlı jurnalistlərin veridyi sualları cavablandırması dünyanın diqqətini öz üzərinə cəmləməkdədir. Rusiya mətbuatı da Forumun gedişatını işıqlandırmağa çalışıb, amma məsələyə özünəməxsus şəkildə yanaşıb və öz çıxarlarını axtarmağa cəhd edib. Ötən ilin dekabrında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı verilən suala Prezidentin cavabı Rusiyanı məsələyə obyektiv yanaşmaya sövq etmək əvəzinə müxtəlif bəhanələrə müraciət etməsi heç də normal qarşılanmayıb. Azərbaycanın mövqeyini bir daha təkrarlayan Prezident İlham Əliyev əks təqdirdə Rusiyanı beynəlxalq məhkəmələrə vermək niyyətini açıqlayıb. Buna isə Rusiya tərəfi “Bakı qarşıdurmanın səviyyəsini kəskin artırıb”, kimi münasibət bildirib.

Forumda çıxışı zamanı İlham Əliyev həmçinin Ukraynaya “işğalla razılaşmamağı” tövsiyə edib. Rusiya mediası yenə də təhriflərə yol verərək Prezidentin çıxışını “Rusiya ilə münasibətlərin kəskin şəkildə pisləşməsi” kimi yozub. Guya Bakı Donald Trampı Ermənistanla danışıqlarda vasitəçiliyə dəvət edir və ABŞ-la “tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün böyük potensial” olduğunu bəyan edir. Halbuki, Ermənistanla son 3 ildə aparılan danışıqlarda heç bir üçüncü tərəf bu prosesdə vasitəçilik etmir və buna lazım da bilinmir. ATƏT-in qondarma Minsk qrupunun 26 il ərzində heç bir faydalı iş görə bilmədiyini bütün dünya öz gözləri ilə gördü. Amma qısa müddət ərzində Azərbaycanın birbaşa moderatorluğu ilə Ermənistanla Azərbaycan arasında çox məhsuldar danışıqlar olub və hətta sülh danışıqlarının məntiqi sonluqla başa çatacağı müddət də uzaqda deyil. Bəli, bütün bunlar vasitəşilərsiz, heç bir “maraqlı üçüncü qüvvə”nin olmadığı bir formatda baş tutub.
Rusiya mətbuatı ikitərəfli münasibətlərin hər keçən gün mənfiyə doğru hərəkət etdiyinə işarə vuraraq yaxın tariximizdə olub-keçənləri xatırlayırlar: Bir ildən az əvvəl, 2024-cü ilin avqustunda Vladimir Putinin Bakıya səfəri zamanı Rusiya və Azərbaycan prezidentləri İlham Əliyevin qara “Mersedes”ində birlikdə şəhəri gəziblər. Görünür, o zaman onlar təsəvvür etmirdilər ki, çox tezliklə Rusiya-Azərbaycan münasibətləri o vaxt müəyyən edilmiş kursdan çıxacaq.

Azərbaycanın haqlı tələbi və...

…Azərbaycan Prezidentinin iyulun 19-da III Şuşa Qlobal Media Forumunun açılışı ərəfəsində dünya mediasının nümayəndələri ilə söhbəti bu ilin əvvəlindən Bakının siyasətində baş verən köklü dəyişiklikləri nümayiş etdirdi. Bu dəyişikliklər 2024-cü il dekabrın 25-də Rusiya hava məkanında baş vermiş insidentdən sonra Bakıdan Qroznıya uçan, şəhər üzərində olarkən hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan, yaxın aeroportların heç birinin qəbul etmədiyi, əksinə hava gəmisini Xəzər dənizinə tərəf yönləndirilən və Qazaxıstanın qərbində Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi ilə faciəvi qəzadan sonra davamlı olaraq pisləşən Rusiya ilə müttəfiqlik münasibətlərinə ən çox təsir edib.

İlham Əliyev Xankəndində jurnalistlərlə söhbəti zamanı bəyan edib ki, Bakı artıq “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələrinin Moskvanın açıqlanmasını gözləmək niyyətində deyil və Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıraraq problemin həlli yollarını axtarmağı planlaşdırır. "Azərbaycanın Baş prokuroru Rusiya İstintaq Komitəsinin rəhbərinə sorğular göndərir, lakin cavabında yalnız "istintaq davam edir" ifadəsi gəlir. Belə mövqe əks-məhsuldardır. Azərbaycan sənədləri beynəlxalq məhkəmələrə təqdim etmək niyyətindədir", - İlham Əliyev deyib. O, həmçinin bəyan edib ki, Bakı Azərbaycan Hava Yollarının təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsində israrlıdır.

Xatırladaq ki, təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 9-u rus olmaqla 29 nəfər sağ qalıb. Ümumilikdə, siyahılara görə, təyyarədə 16 Rusiya vətəndaşı olub. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev daha əvvəl bildirmişdi ki, təyyarə kənardan müdaxiləyə məruz qalıb.

Federasiya Şurasının sədri Valentina Matviyenko martın 17-də Bakıda səfərdə olarkən prezident Əliyevlə görüşündə “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı əmin edib ki, bu məsələ Rusiyanın istintaq orqanları tərəfindən araşdırılır və hadisəyə obyektiv qiymət veriləcək. Lakin o vaxtdan Moskva ilə Bakının münasibətlərində əsas qıcıqlandırıcıya çevrilən problemin həlli yolu tapılmayıb.

"Heç vaxt təslim olmamaq!"

Rusiya mətbuatı yazır ki, “İlham Əliyevin ikinci rezonans doğuran bəyanatı Ukrayna böhranı ilə bağlı olub. Kiyevə hansı məsləhəti verə biləcəyini soruşduqda Azərbaycan Prezidenti ilk dəfə açıq şəkildə Ukraynanın tərəfini tutdu, Rusiyanın hərəkətləri ilə bağlı iki dəfə “işğal” sözünü işlədib”. Əvvəla, Rusiya mətbuatının yazdıqları tamamilə cəfəngiyyat və yalandır. Azərbaycan Prezidenti çıxışının bir yerində də Rusiyanın adını çəkməyib. Bunu sübut etmək üçün Prezidentin artıq bütün dünya mediasında yayılmış çıxışını bir daha izləsinlər. Prezident deyir: “Heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq. Baxın, Özbəkistandan olan dostumuz atam haqqında sual verdi. Bilirsiniz, o da bizim hamımız kimi bu günü - Qarabağa qayıtdığımız günü görmək istəyirdi. Amma bu, ona nəsib olmadı. Bu əraziləri azad etməzdən əvvəl mən 17 il Prezident olmuşam. Əgər imkan yaranmasaydı, bəlkə də daha 17 il gözləyəcəkdik. Burada məsələ mənlik deyil. Hesab edirəm ki, bu da ukraynalılar üçün vacibdir. Məsələ şəxsiyyətdə deyil, məsələ ambisiyada deyil. Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik. Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm. Daha bir son fikir. Ədalətə inamım demək olar ki, itmişdi, keçmiş köçkün vətəndaşlarımız kimi. Onlarla daim görüşür və deyirdim ki, "inanın, biz qayıdacağıq". Amma hər il onların gözlərində inamın azaldığını görürdüm. Axı, gözlər hər şeyi deyir. Onlar mənə deyə bilərlər ki, bəli, inanırıq, amma gözlər hər şeyi deyir. Mənim də inamım az idi, ədalətə inamım. Amma bizim Qələbəmiz, – bu, ədalətli və tam qələbədir, – göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər. Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu. Odur ki, əvvəldə dediyimə qayıdıram – heç vaxt təslim olmamaq!”.

Bəli, "Ukrayna işğalla razılaşmamalıdır. Hesab edirəm ki, bu, işğala dözməyə hazır olmayan Ukrayna xalqının istəklərinə uyğundur. Bu, əsas məsləhətdir. Biz də belə etdik", - deyə İlham Əliyev rəsmi Kiyevi Qarabağın hərbi yolla qaytarılmasına nail olmuş Azərbaycanın təcrübəsindən istifadə etməyə çağırıb. Prezident Əliyevin bəyanatlarına əsasən, ikinci Qarabağ müharibəsinin başa çatmasına və 2020-ci ilin noyabrında üçtərəfli sülh bəyanatının imzalanmasına Rusiya prezidenti Vladimir Putinin səyləri nəticəsində nail olunmasına baxmayaraq, Bakı artıq Moskvaya İrəvanla sülh danışıqları üçün vasitəçi və platforma kimi baxmır. Hazırkı mərhələdə Ermənistan-Azərbaycan nizamlanmasının perspektivlərindən danışan İlham Əliyev deyib ki, Bakı və İrəvan sülh müqaviləsi imzalamağa çox yaxındırlar. “Sazişin mətni əvvəlcədən paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə belə bir təkliflə çıxış edib”, - deyən o, əlavə edib ki, “sülh müqaviləsi iki məsələnin həllindən dərhal sonra imzalana bilər: Ermənistan konstitusiyasına dəyişiklik edilməsi və ATƏT-in Minsk Qrupunun buraxılması”.

Trampın sülhməramlı rolu

Rusiya mediasını narazı salan başqa bir məqam: İlham Əliyev bir dəfə də olsun Moskvanın Cənubi Qafqazda nizamlanma yolunun tapılmasındakı rolunu qeyd etmədən birdən-birə bu yaxınlara qədər regiona gözə çarpan maraq göstərməyən prezident Trampın sülhməramlı rolundan danışdı.

İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçılarını əmin edib: "Biz ABŞ Prezidenti Donald Trampa Azərbaycan və Ermənistanın nəhayət razılığa gəlməsinə kömək etmək istəyinə görə çox minnətdarıq. O, beynəlxalq təhlükəsizliklə bağlı daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı vəziyyəti də öz baxışlarında saxlayır. O, Ermənistanla Azərbaycan arasında uzanan münaqişənin yekun həlli üçün böyük işlər görür. Düşünürəm ki, biz gələcəkdə daha da yaxşı xəbərlər eşidəcəyik", - İlham Əliyev Donald Tramp haqqında danışaraq davam edib: "Bu gün biz ABŞ-la tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi üçün böyük potensial görürük. Biz Vaşinqtondan müsbət siqnallar alırıq. Buna cavab olaraq Azərbaycan da çox müsbət siqnallar göndərir. Bizim tərəfdaşlığımız zəngin tarixə malikdir".

Yenə dəhliz məsələsi

Hazırda Ermənistan tərəfindən bağlanan Zəngəzur dəhlizinin açılması perspektivlərindən danışan İlham Əliyev Bakının növbəti etirazı olacağı təqdirdə onu tranzit ölkəyə çevrilmək imkanını itirməklə hədələyib. Bundan əlavə, o, Şimal-Cənub İTC layihəsi çərçivəsində daha bir nəqliyyat marşrutunun yaradılması perspektivlərindən danışıb - bu dəfə Rusiyanın iştirakı olmadan. "Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır”, - İlham Əliyev bildirib.

Bütün bunlar bird aha onu göstərir ki, son vaxtlar Moskva ilə Bakı arasında münasibətlərdə köklü dönüş baş verib. Nəticədə, 2022-ci ilin fevralında Prezident Əliyevin Rusiya paytaxtına Rusiya-Ukrayna müharibəsinin başlanğıcına təsadüf edən səfəri zamanı Moskva və Bakının razılaşdığı müttəfiqlik münasibətlərinin əsasları şübhə altına alınıb. Düz bir il əvvəl II Şuşa Qlobal Media Forumunda çıxış edən İlham Əliyev dünya mediasının nümayəndələrini əmin etdi ki, Azərbaycan Rusiya ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa diqqət mərkəzindədir. 2023-2024-cü illərdə iki ölkə arasında ticarət dövriyyəsinin 18 faiz artdığını vurğulayan İlham Əliyev üçüncü ölkələrdən olan tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də qeyd edib. "İlk növbədə, bu, Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu gün geosiyasi vəziyyəti nəzərə alsaq, bu, Rusiya üçün həmişəkindən daha vacib olur. Söhbət bu dəhlizin imkanlarının genişləndirilməsindən gedir", - İlham Əliyev o vaxt bildirib. Bir il əvvəl o, tərəflər arasında humanitar əməkdaşlıq, insanlar arasında təmaslar, təhsil məsələlərinin də müzakirə edildiyini bildirmiş, iki ölkə arasında əlaqələrin fəal şəkildə inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Moskva ilə Bakı arasında münasibətlər prezident Putinin ötən ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı pik həddə çatıb və bundan sonra hər iki paytaxt İlham Əliyevin Cənubi Qafqazda Vladimir Putinin əsas müttəfiqinə çevrilməsindən danışmağa başlayıb. "Mən Bakıda olmaqdan, bu şəhərə bir daha heyran olmaqdan çox şadam. Şəhər inkişaf edir, uğurla inkişaf edir, deyərdim ki, regionda vahəyə çevrilir", - Vladimir Putin qeyd edib. Görünür, həmin an çox səmimi münasibətdə olan iki lider çox yaxında Rusiya-Azərbaycan münasibətlərinin o zaman müəyyən edilmiş kursdan çıxacağını ağlına belə gətirməyiblər. Bu yerdə hər kəsin verəcəyi bir sualı biz də təkrarlayaq, günahkar kimdir? AZAL-ın təyyarəsini vuran, heç bir hadisə olmamış kimi davranan, beynəlxalq qanunları heçə sayan, cinayətdə əli olanları cəzalandırmayan, kompensasiya, təzminat ödəməyən tərəf kimdir, Azərbaycan, yoxsa Rusiya?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə