Bakı isə yenidən İrəvanı əməkdaşlığa çağırır
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrəvana qarşı iddialarla çıxış edib. Foto RİA Novosti
Qondarma “dqr”-in keçmiş rəhbərlərinin məhkəməsi zamanı Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış separatçı qurumla bağlı mühüm faktlar üzə çıxır. Ermənistan hakimiyyətinin Bakıda keçirilən dinləmələrlə bağlı reaksiyası isə terrora, separatçılığa haqq qazandırmaqdır. Ermənistan hökuməti məhkəmənin əleyhinə lazımsız təbliğat aparmaqdansa Azərbaycanla əməkdaşlıq etsə məsələnin həlli, daha doğrusu sülh danışıqlarında irəliləyiş əldə edilə bilər. “Sülh üçün səmimi istək və Azərbaycanla münasibətlərə yeni bir başlanğıc, digər məsələlərlə yanaşı, Ermənistanın öz məsuliyyətini etiraf etmək və müharibə cinayətlərində ittiham olunanları, xüsusən də hazırda ölkədə gizlənənləri ekstradisiya etmək istəyi ilə nümayiş etdiriləcək. Lakin İrəvan bu cinayətlərin zamanla unudulacağına inanırsa, çox yanılır”, - deyə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
H.Hacıyevin təklifinə Ermənistanda məsələyə ilk reaksiya verən müxalifət nümayəndələri olub. Belə ki, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov hələ 2021-ci ilin martında Bakının Qarabağ liderlərini ona təslim etmək tələbini proqnozlaşdırdığını bildirib. Eyni zamanda Şarmazanov Ermənistanın baş naziri Nikol Paşinyanın bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə hərəkət edə biləcəyini istisna etməyib. “H.Hacıyev açıq şəkildə Ermənistandan “Qarabağ liderləri”nin (kursiv bizimdir-red.) təhvil verməsini tələb edir. Söhbət ilk növbədə Robert Köçəryan və Serj Sarkisyandan gedir. Nikolun Azərbaycanın tələbini yerinə yetirəcəyini istisna edirsiniz? Bunun qarşısını almaq üçün Nikolanı uzaqlaşdırmaq lazımdır”, - Respublikaçılar Partiyasının nümayəndəsi bəyan edib.
Öz növbəsində, parlamentin “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Hacıyevin bəyanatını Bakının sülh müqaviləsinin bağlanması ilə bağlı növbəti tələbinin formalaşdırılması kimi qiymətləndirib. “Ermənistan hakimiyyətinin səmimiyyətini “qiymətləndirmək” üçün Azərbaycan onlardan “müharibə cinayətləri”nin törədilməsində “təcavüzkar”, “işğalçı” roluna görə məsuliyyəti öz üzərinə götürməyi, həmçinin Azərbaycan hakimiyyətinin cinayətkar kimi təqdim etdiyi fiqurları Bakıya təhvil verməyi tələb edir”, - Abramyan qeyd edib.
“Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, erməni siyasətçiləri narahat olmaqda haqlıdırlar. “Birincisi, separatçılar məhkəmədə iddia edirlər ki, onlar uzun illər sifarişləri İrəvandan alıblar və “DQR”-i müstəqil qurum kimi təqdim etməyə çalışsalar da, bu, mümkün olmayıb. Məhkəmədə bunun yalan olduğu bir daha bəlli oldu. Məsələn, separatçıların sonuncu lideri Arayik Arutyunyan məhkəmədə bildirib ki, o, ikinci Qarabağ müharibəsinin başlanğıcında Bakı ilə kapitulyasiya ilə bağlı danışıqların tərəfdarı olub. O, Paşinyanla bu məsələni müzakirə edib. Amma Ermənistanın baş naziri ona cavab verib ki, Azərbaycan ordusu ilə hərbi əməliyyatlar davam etdirilməlidir”, - ekspert bildirib.
SSRİ-nin son illərində erməniləri Qarabağda üsyana sövq etməkdə Köçəryan və Sarkisyanın xüsusi rol oynadığı bəllidir. Əvvəlcə Xankəndidə mitinqlər təşkil ediblər, sonra isə yerli əhalini silahlandırmağa başlayıblar. Bundan sonra Qarabağdakı azərbaycanlı yaşayış məntəqələrinə silahlı hücumlar başlayıb və qurbanların sayı artıb. Sülh müqaviləsinə gəlincə, Azərbaycan onu imzalamağa çalışır, lakin bu o demək deyil ki, ölkə sakinləri törədilmiş cinayətləri unudacaqlar. Bu arada erməni ekspertlər Köçəryanın və Sarkisyanın Azərbaycana ekstradisiyasının sülh müqaviləsinin imzalanması üçün şərtlərdən birinə çevrilə biləcəyini istisna etməyiblər. Təsəvvür etmək çətindir ki, Bakı bu tələbi sülh müqaviləsinin imzalanması üçün ilkin şərt qoysun. Üstəlik, Azərbaycan hakimiyyətinin sülh müqaviləsinin imzalanması ilə bağlı tələblərindən biri də iddiaların qarşılıqlı olaraq geri götürülməsidir.
Bəs Ermənistanı kim silahlandırır?
Avropa İttifaqı Ermənistana Avropa Sülh Fondundan daha 10 milyon avro ayırmağı düşünür. Kaya Kallas artıq bu təklifi Aİ Şurasına təqdim edib. Bu vəsait Ermənistanın müdafiəsini gücləndirilməsi üçün istifadə olunacaq. Avropa Sülh Fondunun Ermənistana ayırdığı 10 milyon avro regionda sülhə xidmət etməyəcək. Bu addım Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin strateji xarakterinə mənfi təsir göstərəcək. Avropa İttifaqı Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün 10 milyon avro yardım göstərilməsinə qərar verib. Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi hələ də imzalanmayıb. Ermənistan 30 ilə yaxın dövr ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan dövlətdir. Bu vəsait məbləğindən asılı olmayaraq sülhə xidmət etməyəcək. Əksinə, bu qərar Ermənistanda revanşizm meyllərinin güclənməsinə, bu ölkənin yenidən təcavüzkar siyasət həyata keçirməsinə təkan verə bilər.
Rəsmi Bakı Aİ-nin bu addımını heç bir halda ədalətli yanaşma kimi qiymətləndirmir və dövlət rəsmiləri də bu barədə öz mövqelərini ifadə ediblər. Aİ-nin mövcud qərarı təsadüfi deyil. Son illərdə Aİ-nin bir sıra strukturları, o cümlədən, bəzi Avropa ölkələri regionda Ermənistan mərkəzli bir siyasət yürüdürlər və hesab edirlər ki, bu siyasətlə onlar İrəvanı tədricən öz siyasi orbitlərinə daxil edə biləcəklər. Avropa İttifaqı bu kimi qərarlarla regionda öz geosiyasi maraqlarını təmin etmək, regionu Rusiya ilə geosiyasi qarşıdurma meydanına çevirmək istəyir. Bu qərar Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə təsirsiz ötüşməyəcək. Aİ-nin Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu nəzərdən qaçırmaq lazım deyil, bir sıra Avropa dövlətləri Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu gün Azərbaycan Avropa məkanında təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan dövlətlərdən biridir.
Görünür, bütün bunlar Avropadakı bəzi dairələr marağından kənardadır. Bu isə regionda davamlı sülhün təmin olunmasına deyil, əksinə, yeni hərbi-siyasi eskalasiyanın yaranmasına, bölgədə bölücü xətlərin ortaya çıxmasına səbəb olacaq.
Aİ və xüsusən Fransa 44 günlük müharibədən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar, Azərbaycanın nüfuzunun əsaslı artmasından narazı olaraq, Ermənistanı silahlandırmağı davam etməyə çalışır. Aktiv şəkildə Ermənistana siyasi dəstəyi ilə seçilən Fransa bu əməkdaşlığı daha da gücləndirmək və xüsusilə hərbi müstəviyə daşımaq üçün addımlar atmağa hazırlaşır. Belə ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu rəsmi Parisin Ermənistana hava hücumundan müdafiə silahları satmağa hazırlaşdığını, həmçinin iki ölkənin hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edəcəyini vurğulayıb.
Rəsmi Parisin anti-Azərbaycan, antitürk siyasəti, Ermənistanı açıq-aşkar dəstəkləməsi yeni hal deyil. Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qələbə qazandıqdan sonra Fransanın bu siyasəti daha açıq şəkildə “türkəfobiya”, “Azərbaycanafobiya” şəklində təzahür etməyə başlayıb. Bu, Fransanın aqressiv geopolitik maraqlarından irəli gəlir. Fransa özünü Avropa İttifaqının əsas aparıcı ölkəsi kimi təqdim etməyə çalışır. Ona görə, Fransa dünyanın müxtəlif regionlarına müdaxilələr, təzyiqlər etmək kimi destruktiv bir funksiyanı da öz üzərinə götürüb. Fransa İkinci Dünya Müharibəsində qazanılmış qələbəyə parazit şəkildə şərik çıxan, müharibədə heç bir rol oynamayan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzvü və nüvə ölkəsi olaraq, xüsusilə Avropa İttifaqı çərçivəsində daim özünü lider kimi görən ölkədir. Fransanın Avropa İttifaqında və ondan kənar regionlarda proaktiv siyasət aparması XX əsrin ortalarından başlayaraq, XXI əsr, yəni 2000-ci illərdən üzü bəri tam iflasa uğrayıb. Fransa düşünür ki, Cənubi Qafqazda Azərbaycana və Türkiyəyə düşmən mövqe tutan Ermənistanı manipulyasiya edərək bu siyasətini yürütsün. Buna baxmayaraq, 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri separatizmin kökünün kəsilməsinə, Fransanın planlarının puç olmasına gətirib çıxardı.
Hazırda Fransanın Ermənistana hansısa yeni silahların verilməsi haqqında sərsəm bəyanatlarını eşidirik. Fransa erməni revanşizmini yenidən canlandırmağa çalışır, çünki bütün digər regionlarda Fransanın rıçaqları, təzyiq metodları alt-üst edilib. Makron isə Fransadakı erməni seçicilərin dəstəyini qazanaraq, növbəti seçkilərdə qələbə qazanmaq istəyir. Hazırda onun ölkənin daxilində reytinqi çox aşağıdır və bunu Fransada yaşayan ermənilərin hesabına düzəltməyə çalışır. Vətən müharibəsi, antiterror əməliyyatlarından sonra Zəngəzur dəhlizinin açılması Fransanın geosiyasi və geoiqtisadi cəhətdən tamamilə məğlubiyyətinə, siyasətinin fiaskosuna səbəb olacaq. Fransa dünyada qəti şəkildə beynəlxalq sülh və təhlükəsizliyin qayğısına qalmaq iqtidarında deyil. Əksinə, bu dövlət beynəlxalq sülhə, təhlükəsizliyə təhdid yaradır və buna görə, Fransanın BMT Təhlükəsizlik Şurası üzvlüyündən çıxarılması tələb olunmalıdır.
Ermənistanın Aİ tərəfindən silahlandırılması sülh gündəliyinə xidmət etmir və alınan bütün yeni silahların şərti sərhəddə yaxın bölgədə peydə olması legitim hədəf olmasına gətirib çıxaracaq. Bunu əvəzində Ermənistan özünün Aİ nümayəndəliyində daimi hərbi attaşe vəzifəsini yaradıb. Bu isə onu göstərir ki, Ermənistanın Aİ ilə hərbi sahədə əməkdaşlığı yeni sistematik mərhələyə çıxıb.
Aİ və Belçikaya hərbi attaşe təyini
Ermənistan Avropa İttifaqına, eləcə də Belçikaya hərbi attaşe təyin edəcək. Bu barədə hökumət martın 6-da keçirilən iclasında qərar verib. Layihənin Ermənistan Müdafiə Nazirliyinin əsaslandırmasında bildirilir ki, NATO-dakı missiyanın müdafiə attaşesi bu vəzifəyə yarımştat əsasda təyin olunacaq. Sənəddə qeyd olunur ki, Aİ və Belçikada müdafiə attaşesi vəzifəsinin mövcudluğu Ermənistan və Belçika ilə Aİ arasında müdafiə, təhlükəsizlik və hərbi məsələlərdə əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişafı ilə bağlıdır.
“Avropa Sülh Mexanizmi çərçivəsində Ermənistana göstərilən dəstək, Ermənistanın Aİ-nin böhranların idarə olunması missiyalarında iştirakı ilə bağlı çərçivə sazişi üzrə danışıqlara başlanması, həmçinin Ermənistan-Aİ tərəfdaşlıq gündəliyində təhlükəsizlik və müdafiə komponentinin əhəmiyyətli dərəcədə genişləndirilməsi Aİ ilə hərbi əməkdaşlığın gələcək inkişafı üçün əlverişli şərait yaradıb”, - deyə layihədə bildirilir. NATO nümayəndə heyətinin Ermənistan Respublikasına səfəri çərçivəsində fevralın 17-21-də “Əlaqədar Tərəfdaşlıq İmkanlarının Qiymətləndirilməsi” adlı təlimin birinci mərhələsi keçirilib. Ermənistan Müdafiə Nazirliyi açıqlayıb ki, təlimin məqsədi respublikanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığını gücləndirməkdir.
Beləliklə, Ermənistanın militarizasiyası, Brüsseldə daimi hərbi attaşe postunun yaradılması və Aİ Müşahidə missiyasının fəaliyyətinin uzadılması vahid siyasətin ayrı-ayrı elementləridir. Şpion müşahidəçilər missiyasının fəaliyyətinə ehtiyac yoxdur. Bütün bunlar regionda davamlı və dayanıqlı sülhün əldə olunmasının əleyhinə işləyir. Ermənistan isə işğalçı və təcavüzkar dövlət kimi tərksilah edilməlidir, II Dünya Müharibəsindən sonra işğalçı Almaniya və Yaponiyaya qarşı edildiyi kimi.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə