Sülh üçün silahlanma? - RAKURS

“Ən yaxşı müdafiə hücumdur” ifadəsi deyəsən ermənilərin düşüncəsində başqa cür translasiya olunur. Hesab edirlər ki, sülh əldə etmək üçün mütləq silahlanmaq lazımdır. Ona görə də enerjilərini tərəfdaşlarından diləndikləri silahları daşımağa sərf edirlər. Tutaq ki, silahlandılar, bəs sonra? Azərbaycan necə, Ermənistanın silahlanmasını sadəcə seyr edəcəkmi, bir addım atmayacaqmı? Böyük ehtimalla Bakı İrəvanın silahlanmasına, yəni qısamüddətli planlarına seyrçi qalmayacaq. Rəsmi mənbələrin açıqlamasından da görünür ki, Hindistandan, Fransadan və digər ölkələrdən alınan silahlar Azərbaycana qarşı istifadə olunması üçün hazırlıq vəziyyətinə gətiriləcəyi andaca məhv ediləcək. Bunu Ermənistandakılar daha yaxşı bilirlər.

Ermənistanın oyuncaq dövlət olduğu kimsəyə sirr deyil. Rusiyanın qucağından düşməmiş özünə yeni himayədar axtaran ölkə də Ermənistandır. Hələ Sovet hakimiyyəti illərindən başlayaraq Azərbaycan torpaqlarına göz dikərkən də başqalarına ümid edir, onların köməyinə arxalanırdılar. Bu arxayınçılığa, himayəyə öyrəncəli olan bu zümrə hələ də ümidlərini kənar qüvvələrə bağlayıblar. 1920-ci ildə Azərbaycanın torpaqları hesabına qondarma dövlət qurulanda cəmi 9 min kvadrat kilometr əraziyə malik olan Ermənistan Moskvadakı maşa tutanlarının qurduqları oyun sayəsində, müxtəlif bəhanə və şərtlər daxilində coğrafi xəritəsini genişləndirə bildilər. Amma ən böyük əngəl, bu ərazilərdə yaşayan yüz minlərlə azərbaycanlının hələ də qondarma Ermənistanın ərazisində yaşaması bəzi dairələri yeni planlar qurmağa vadar etdi.

Ermənistanın birinci prezidenti Suriya ermənisi Levon Ter-Petrosyanın 1993-cü ildə terrorçular qarşısındakı çıxışında əvvəlcə Ermənistanda, daha sonra Qarabağda azərbaycanlılara qarşı törədilən cinayətlərin motivində bir məsələ dayanır. Xarici qüvvələrin hərtərəfli dəstəyi ilə azərbaycanlıları əvvəlcə Ermənistandakı öz ata-baba torpaqlarından qovmaq və “müstəqil” Ermənistanı monoetnik ölkəyə çevirmək, ikinci planda isə Azərbaycanın Qarabağ bölgəsini tədricən ələ keçirmək. Birinci plan həyata keçirildi və ikinci plan da ermənilərin gözləmədiyi şəkildə baş tutdu. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlaya bildilər. Çünki Azərbaycan beynəlxalq güclərin vədlərinin yaxın vaxtlarda həyata keçəcəyinə inanmaq istəyirdi. Amma ATƏT-in qondarma “Minsk qrupu”nda təmsil olunan dövlətlər tarixin bugünədək şahidlik etmədiyi beynəlxalq səviyyəti dələduqluq etdilər, Azərbaycanı inandırmağa çalışdılar ki, “xalqların öz müqəddaratını təyinetmə hüququ”nun “ölkələrin ərazi bütövlüyü”ndən vacib olduğu beynəlxalq sənədlərdə də təsbit olunub. Əlbəttə, bütün bunlar qərblilərin, xristian dünyasının uydurması, məqsədinə çatması üçün bir vasitə idi. Əgər ərazi bütövlüyü sonda gəlirsə, niyə Rusiya, ABŞ, Fransa və bu fərziyyə ilə həmrəy olan ölkələr öz ərazilərindən ermənilərə kiçik bir pay vermədilər. Torpaq vermək humanistlik əlamətidirsə ABŞ Kaliforniyanı, Fransa Parisin İl-de-Frans regionunu (burada ermənilərin sayı 200 mindir, Qarabağda yaşamış ermənilərin sayından 4 dəfə çox- müəllif), Rusiya Krasnodar bölgəsini niyə ermənilərə peşkəş vermədilər? Əlbəttə, sərfəli variant deyil. Amma Azərbaycan üçün bunu keçərli hesab edirdilər.

Bu gün Ermənistan hakimiyyəti az qala azərbaycanlıların Ermənistan ərazilərində heç vaxt yaşamadıqlarını və Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatların yalan olduğunu deməyə cəsarət etmək istəyir. Amma “çidanı çuvalda gizlətmək mümkün olmadığı” kimi, yaxın keçmişdə baş verən hadisələri də tarixdən silmək mümkün deyil. Ermənistan yenə ağalarının, tasmasını tutanların şirnikləndirici vədlərinə inanıb silahlanır, əlində-ovcunda nə varsa, verib silah toplayır. Bu addımını guya sülh danışıqlarında ən azından bərabərhüquqlu tərəf kimi masaya oturmaq istəyir. Fakt isə budur ki, Azərbaycan qalibdir və Ermənistanın milyardlarla dollarlıq silah-sursatını, hərbi texnikasını ya məhv edib, ya da qənimət kimi ələ keçirib. Hətta Ermənistanın əvəzindən “həmsədrlər”dən kimsə sülh üçün danışıqlar masasına otursa belə ermənidən bir santimetr də üstün olmayacaq. Çünki, Azərbaycan həm də haqlı tərəfdir, müharibə onun ərazilərində gedib, Azərbaycan silahlı qüvvələri düşməni dünya birliyi tərəfindən tanınan ərazilərimizdən vurub çıxarıb. Bu müharibənin adı, ədalətin bərpası, haqqın nazil olmasıdır.

Qərblilər yenə öz ampluasındadır

Fransa prezidenti Emmanuel Makronun Azərbaycanla bağlı açıqlamasının rəsmi Bakıda hiddətə səbəb olduğu bildirilir. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Fransa prezidentinin Azərbaycana qarşı növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat xarakterli bəyanatları qəbuledilməzdir. Bəs E.Makronun açıqlaması nə ilə bağlı idi? Fransa prezidenti Emmanuel Makron Rusiyanın Azərbaycanın Ermənistana qarşı hərəkətlərini dəstəklədiyini bildirib. Onun Fransa səfirləri və diplomatları ilə görüşdə çıxışının mətni Yelisey sarayının saytında dərc olunub. Fransa prezidenti bildirib ki, Rusiya “müttəfiqliyinə kəskin xəyanət edərək Azərbaycanın hərəkətlərini dəstəkləyib”, çünki Ermənistanın “ilk dəfə cəsarətlə buna qarşı çıxan baş naziri var”.

Makron Bakının Fransanın dənizaşırı ərazilərinə müdaxiləsini də qeyd edib. “Fransa son aylarda beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizə görə öz anlaşılmazlıqlarını həll edə biləcəyinə inanan Azərbaycan tərəfindən əksər xarici ərazilərin, xüsusən də Yeni Kaledoniyanın işlərinə qəbuledilməz müdaxiləyə məruz qalıb”, deyə bildirib. Makron hələ də Fransanın Dənizaşırı ölkələrdə yeritdiyi yırtıcı siyasətin mahiyyətini anlamır. Rəsmi Bakının müstəmləkələr barədə iradlarına çox bəsit, daha doğrusu siyasətdən anlayışı olmayan birisi kimi reaksiya verməsi Makronun siyasətçi, yaxud prezident kimi personasına şübhələr yaradır. Dünya müstəmləkəçilik siyasətini lənətlərir, bəzi dövlətlər beynəlxalq təzyiqlərə tab gətirməyərək koloniyalardan imtina edir, Fransa isə bunu yeni formada saxlamağa, çirkin niyyətlərini davam etdirməyə təşəbbüs göstərir. Sanki, Fransa bunun davamını gətirməli, xalqları istismar etməli, bu xalqlara məxsus olanları sümürməklə məşğul olmalıdır.

Stratfor: Tramp Bakını seçəcək

“Stratfor” yazır ki, Ermənistan və Azərbaycan sülh danışıqlarında öz mövqelərini möhkəmləndirmək üçün xaricdən dəstək axtardıqları üçün Cənubi Qafqaz geosiyasi təsir uğrunda döyüş meydanı olaraq qalacaq. Ermənistan və Azərbaycan çox güman ki, sülh sazişinə doğru irəliləyəcəklər, lakin Ermənistanda konstitusiya dəyişiklikləri, onların sərhədlərinin tam demarkasiyası və tranzit əlaqələrinin açılması ilə bağlı fikir ayrılıqları, çox güman ki, 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacaq.

Bu məsələlərin bəziləri sonrakı razılaşma üçün təxirə salına bilər, lakin razılıq əldə olunana qədər Bakı danışıqlarda rıçaqları saxlamaq üçün hərbi üstünlüyündən istifadə etdiyi üçün regionda alovlanma potensialı davam edəcək. Hər iki tərəf danışıqlarda təsir rıçaqlarını qoruyub saxlamaq üçün xarici dəstəkçilər axtaracaq. Azərbaycan və Ermənistan Rusiyanın Ukraynada mümkün atəşkəsə güclü təsirini və Rusiyayönlü Gürcüstan hökumətini yaxın illərdə Moskvanın Cənubi Qafqaza təsir imkanlarını artırmaq kimi qiymətləndirərək, Moskvaya qarşı düşmənçilikdən çəkinəcəklər.

Tramp administrasiyası Rusiya, İran və Çinin regional təsirinə regional tarazlıq kimi Bakı ilə güclü münasibətləri prioritet hesab etdiyi üçün Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri puça çıxacaq. Əvəzində Ermənistan Fransadan gələn hərbi texnikaya arxalanacaq və Avropa İttifaqı ilə ticarətin artırılmasına can atacaq. Ermənistan Qərblə artan bu siyasi və müdafiə əlaqələrindən istifadə edərək Azərbaycanın gərginləşməsinin qarşısını almağa və sülh danışıqlarında Bakının ən güclü tələblərinə, yəni Ermənistanın cənubundan tranzit keçməsinə qarşı çıxmağa çalışacaq.

Ermənistanın üzləşdiyi xarici və daxili çağırışlar

Paşinyan rejimi tərəfindən Ermənistanı nəinki gücləndirməyən, əksinə zəiflədən hərəkətlər görürük. ABŞ-ın dövlət katibi Antoni Blinken Financial Times qəzetinə müsahibəsində deyib: “İran heç kimlə döyüşmək iqtidarında deyil... Bunun Suriya üçün real müsbət nəticələri oldu. Bu bəyanat çox vaxtında gəldi. Nəhayət, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi “İran yaxın günlərdə İsrailə qarşı “ifrat” tədbirlər görməyə qərar verəcəyi təqdirdə hərbçilərə yüksək döyüş hazırlığı əmrini verib.

“Today in Israel” portalının müdafiə sistemindəki adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, bu ehtiyat tədbiri İranın Livan və Suriyadakı fəlakətli fiaskodan sonra çoxsaylı problemlərlə üzləşməsi ilə bağlıdır. Bu, həmçinin İranın rial məzənnəsinin aşağı düşməsinə, infrastruktur problemlərinə və siyasi iğtişaşlara işarə edir. Və bütün bunlar tamamilə real ssenaridir. Beləliklə, Ermənistan yeni ilə elə bir şəraitdə qədəm qoydu ki, Azərbaycan üçün çəkindirici rol oynayan çoxdankı, sadiq strateji müttəfiqlərindən biri çox narahat günlər yaşayır və mümkün, hətta qaçılmaz ABŞ-İsrail ikilisindən hücumları dəf etməyə hazırlaşır. Hadisələrin bu inkişafı, xüsusən də Ankara və Bakının mövqelərinin güclənməsi fonunda erməniləri narahat etməyə bilməz.

Bəli, artıq iş o yerə çatıb ki, İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılır və ona əxlaqi mühazirələr oxunur. Və bütün bunlardan sonra Ermənistan rəsmi Tehranın cavab və sərt addımlarını deyil, Azərbaycandan faktiki üzr istəməsini gördü. İRNA xəbər agentliyinin yaydığı xəbərə görə, İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə baş direktoru Müctəba Dəmirçili “Azərbaycan Xarici İşlər Nazirliyinin etirazı ölkənin şimal-qərb bölgəsindəki şəhərlərdən birində ayrı-ayrı şəxsin verdiyi yersiz və düşünülməmiş bəyanatlarla bağlı olub”. İranlı diplomatın sözlərinə görə, “belə bəyanatların İranın rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”. Cəmi bir il əvvəl belə bir vəziyyəti təsəvvür etmək ağlasığmaz olardı. Amma indi keçmişi müzakirə etməyin mənası yoxdur. Gələcək üçün planlar üzərində düşünərək indiki zamanda yaşamaq lazımdır. Və Ermənistan üçün indi və gələcək təkcə İranın mövqelərinin zəifləməsi ilə bağlı deyil, çox həyəcanlı görünür.
44 günlük müharibə zamanı Rusiyanın Ermənistanı müdafiə etmək istəməməsindən ermənilər istədiyi qədər şikayət etdi, amma... Lakin ermənilər “Fransa və ABŞ-ın da bu müharibədə Ermənistanı xilas etmədiyi”ni də unutmayıblar. Qarabağda baş verən separatçı ünsürlərə qarşı antiterror tədbirlərinə də heç kim mane ola bilmədi. Ermənilər hələ də inanırlar ki, Rusiya öz imperiya ambisiyalarına və coğrafi yaxınlığına görə Türkiyə-Azərbaycan tandeminin yeni təxribatlarına mane ola bilər, eləcə də Fransaya qarşı addımlara rəğmən Paris müxtəlif təzyiq rıçaqlarından istifadə edə bilər. Hətta sanksiyaların tətbiqi də ola bilər. Lakin bu, erməniləri xilas etməyəcək, təsəlli də verməyəcək. ABŞ-ın da münasibəti oxşardır və aydındır ki, Cənubi Qafqaz regionu Donald Trampı bir o qədər də maraqlandırmır.

Xatırlayırıq ki, 44 günlük müharibə Trampın əvvəlki prezidentlik dövründə başladı. İndiki vəziyyətin ermənilər üçün pis olmasında Orban faktorunun da səbəb olması barəsində də İrəvanda danışırlar. Qeyd edirlər ki, “Macarıstanın baş naziri Avropada Trampdan geniş səlahiyyətlər alıb. Orban hamının bildiyi kimi, Azərbaycan Prezidentinin yaxın dostudur. İran, Rusiya və Fransa bizə dəstək verə bilməyəcək və ABŞ çox güman ki, Azərbaycanla İsrailin yaxınlığına görə dəstək vermək istəməyəcək. Beləliklə, bütün bunların fonunda Ermənistanı nəinki gücləndirən, əksinə zəiflədən hərəkətlər görürük”.

Hər şey Ermənistan üçün daha pisdir. Əvəzində İrəvanın sülh müqaviləsini imzalamamaq istəyini sezirik. Üzdə sülhdən danışır, əməldə isə buna qarşıdır. Özünü sülh mələyi donunda təqdim etməyə çalışır, nə yazıqlar ki, iblis kimi davranır.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə