Bir dövlətin eyni anda bir neçə qucaqda oturması rəzillikdir, bir millətin faciəsi və sonudur. Balanslaşdırılmış siyasət yürüdən dövlətlə Ermənistanın fərqi də bundadır. İrəvan xarici siyasətində “köhnə peşə saibləri” kimi davranması ona hər kəsin inamını itməsinə səbəb olub. Müxtəlif qütblərdə qərarlaşmış dövlətlərin Ermənistana marionet baxışı, ondan maşa kimi istifadəsi nədənsə erməniləri rahatladır. Rusiya tarix boyu Ermənistanın ağası olub, onun bir barmaq işarəsinə möhtac qalıb. Erməni dövlətinin yaranmasında, yaşamasında və inkişafında böyük rol oynayan şimal qonşumuz tarixi zərurətdənmi, yoxsa xarici təzyiqdənmi, ən doğrusu isə ermənilərin nankorluğu səbəbindən əlini bu qondarma dövlətin üzərindən çəkməli oldu. Yəni, həm də ermənilər onların ağalarının kim olduğunu bir daha xatırlasınlar deyə ikinci Qarabağ müharibəsində nisbətən bitərəf qaldı. Bu yanaşma hər şeyi dəyişdirdi, daşları yerindən oynatmaqla yanaşı, onları yenidən düzdü. Səbəb?
Başlıca səbəb Ermənistanın özünə yeni ağa axtarması oldu, həm də bir yox, bir neçə ağa. İrəvan bir tərəfdən Moskvanın qatı düşməni Qərbin qucağına sığınmaq istəyir, eyni zamanda Qərbin ən qatı düşməni İrana eşqnamə oxuyur. Diqqət etsəniz Ermənistanın heç bir dövlətin bacarmadığı ikibaşlı, üçbaşlı oyun oynadığının şahidi olarsınız. Ermənistan sərhədlərini qoruyan, bütün infrastrukturuna, vacib sektorlarına sahiblənən, ərazisində hərbi baza saxlayan Rusiya ilə didişmədədir, o biri tərəfdən isə Fransa və ABŞ hərbi qüvvələrinin gəlişi üçün zəmin hazırlayır, digər tərəfdən isə siyasətin Qafqaz adlı qazanına daxil olmaq həvəsini gizlətməyən İranı həvəsləndirir. Buna görə də İran heç bir regional, yaxud qeyri- regional dövlətin ciddiyə almadığı “qırmızı xətt” prinsipini tez-tez xatırlatmalı olur. Əslində buna Tehranı Ermənistan vadar edir, ona ümidlər verir, onu özünün “böyük bacı”sı adlandırır.
Qərbin məqsədi Rusiyanı regiondan nəyin bahasına olur-olsun vurub çıxarmaqdır, Rusiya da təzyiqlərə baxmayaraq Ermənistandan ikiəlli yapışıb. Əlində isə ermənistanı məhv etməyə imkan verən minlərlə “rıçaq” var. İstədiyi vaxt sərhədlərini qoruduğu marionet Ermənistanda fırtına törədə bilər və buna ABŞ-ın, yaxud Avropanın gücü yetməz. Çünki, Ermənistan hələ də onun nəzarətindədir. Regionu tərk etməzdən əvvəl bir sıra mövqelərdən çəkilməlidir. Yəni, ABŞ-ın “burnunun ucu”ndan – Kubadan, Venesuelladan, Şimali və Mərkəzi Afrikadan, Yaxın Şərqdən, Mərkəsi Asiyadan, Cənub-Şərqi Asiyadan. Cənubi Qafqaz isə son sıralardadır.
Ermənistan prosesi sürətləndirmək üçün oyunlar qurduğunu sanır. Amma bütün proseslər onun əlehinədir, zaman da ona qarşıdır. Müharibədən yeni çıxıb, canlı və texniki baxımdan itkiləri onun ayaq üstə dura bilməməsinə səbəb olan ən böyük əngəldir. Texnikalarının bir qismi Bakıda Qənimətlər Parkında sərgilənir, canlı qüvvəsi də mənəvi cəhətdən ölü sayılır. Son məlumatlara görə, Ermənistanı tərk edənlərin sayı hazırda bu ölkədə yaşayanların sayını az qala üstələyir. Hazırda ölkədə 1 milyon 150 min insan nəinki sərvət yaratmır, hətta özlərinin də sosial qayğıya ehtiyacı var. Yaxın 10 ildə Ermənistanın əhalisi 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşəcək. Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq, Bunu Ermənistanın Hesablama Palatasının sədri Sarkisyan bildirib. Onun sözlərinə görə, əsas səbəblər arasında doğum səviyyəsinin aşağı olması, mühacirət və Qarabağdakı müharibənin nəticələri göstərilir. O cümlədən, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Ukraynada müharibə başladıqdan sonra Rusiyaya gedən vətəndaşların sayı azalıb, lakin ABŞ-a köçmək üçün “yaşıl kart” üçün növbələr düzülənlərin sayı bilinmir.
Hesablama Palatasının rəhbəri ilin sonuna kimi Ermənistanı tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir. Ermənistanda orta doğum əmsalı da dəyişikliklərə məruz qalıb. Rəsmi olaraq, 1,6 - 1,7 aralığında qalır (təbii çoxalma həddi 2,1 ilə). Lakin Qarabağ müharibəsindən sonra çoxsaylı qurbanlar və əlillər fonunda hesablama düzəldilməyib: “Biz güman edirik ki, göstərici azalıb və 1,4-1,5 arasında dəyişir”. Sarkisyan qeyd edib ki, müəyyən xarici demoqrafik proseslər də əlavə ciddi çağırışdır, xüsusən, söhbət 300 min azərbaycanlının Ermənistan ərazisinə köçürülməsi proqramından gedir.
İşsizliklə bağlı da vəziyyət durğundur. Ölkədə 1 milyon 150 min insan nəinki sərvət yaratmır, hətta özlərinin də sosial qayğıya ehtiyacı var. Onlardan 204 mini işsiz, 960 mini iş prosesində iştirak etmir (pensiyaçılar, uşaqlar, əlillər). “560 minə yaxın insan sosial müavinət və pensiya alır, qeydiyyatda olan işçilərin sayı isə 760 min nəfərdir. Yəni, təxminən 1,3 nəfər gəlir vergisi hesabına təkcə özünün və ailəsinin rifahını təmin etmir, həm də pensiya və ya müavinət ödəyir”, - Sarkisyan bildirib.
Torpaq və su ehtiyatlarına gəlincə, Sarkisyan vurğulayıb ki, Ermənistanda kənd təsərrüfatına yararlı torpaqların 60%-dən çoxu hələ də əkilməmiş və istifadəsiz olaraq qalır. Eyni zamanda, su ehtiyatlarının 70%-i idarə olunmur və Ermənistandan Azərbaycana itki şəklində axır. Sarkisyan vurğulayıb ki, bütün bunlar birlikdə ölkədə fəlakətli vəziyyətə gətirib çıxarıb. İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər, yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfərdir.
Ermənistan: bir addım irəli, 5 addım geri
Ermənistan Avropa Şurasının (AŞ) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderini dəstəkləyən bəyannamədən imzasını geri götürüb. Bunu AŞ-nin saytında dərc edilmiş sənədin yekun variantının məlumatları sübut edir. Bəyannamənin dərc olunmuş mətnindən məlum olduğu kimi, onu Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Gürcüstan və bir sıra digər ölkələr dəstəkləyib. Eyni zamanda, sənəd layihəsində olan İrəvanın imzası da yoxdur. Rəsmi olaraq respublika hakimiyyəti bəyannamənin imzalanmasına münasibət bildirməyib.
Avropa Şurasının üzvləri sənədi sentyabrın 6-da qəbul ediblər. Sənəd “Ukraynaya qarşı təcavüz cinayətlərinə görə” xüsusi tribunalın yaradılmasını tələb edir, həmçinin Putinin, uşaq ombudsmanı Mariya Lvova-Belovanın, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və Rusiyanın digər siyasi xadimlərinin “həbs edilməsi” üçün BCM-nin orderlərini sadalayır.
Ermənistan parlamentinin sədri Alen Simonyan hesab edir ki, hüquqi akt kimi Ermənistan və “Artsax” parlamentlərarası komissiyasının mövcudluğu ləğv edilməlidir. “Siz Milli Məclisin spikeri kimi həm də Ermənistan tərəfdən bu komissiyanın sədrisiniz. “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, siz bunu istəyirsiniz, yoxsa biz bunu necə edə bilərik ki, komissiya iclas keçirsin”. Alen Simonyan isə vurğulayıb ki, bu formatı ləğv etmək lazımdır, çünki qarşı tərəf artıq səlahiyyətli deyil: “Düşünürəm ki, biz bu formatın ləğvini çox ciddi müzakirə etməliyik, çünki “Artsax” artıq yoxdur, Ermənistanda başqa heç kimin belə statusu yoxdur. “Artsax”ın özünü ləğv etməsi baş verib. İki tərəf olanda münasibətlər mümkündür, mən qeyri-rəsmi insanlarla görüş keçirə bilmərəm”.
Amerikalı nüvə mütəxəssisləri Ermənistanda
Ermənistanda müasir nüvə enerjisi istehsalı mənbəyinin yaradılmasına yönəlmiş tədqiqatlar artıq başlayıb. Nəticələrinin yekunlaşdırılması üçün maksimal son tarix 2025-ci ilin yazında erməni həmkarları ilə birgə Amerikanın nüfuzlu şirkətlərindən birinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan bildirib ki, hazırkı mərhələdə Ermənistanda yeni atom enerji bloklarının tikintisi prosesinin bir hissəsi kimi texniki-iqtisadi əsaslandırma işləri aparılır. ABŞ hökumətinin tapşırığı ilə və Ermənistan tərəfi ilə əməkdaşlıq çərçivəsində bu işi Amerikanın nüfuzlu şirkətlərindən biri həyata keçirir. Məqsəd amerikalı istehsalçıların təklif etdiyi kiçik modul stansiyalardan hansının Ermənistanın texnoloji ehtiyaclarına daha uyğun olduğunu öyrənməkdir. Tədqiqatların 2025-ci ilin yazından gec olmayaraq başa çatdırılması planlaşdırılır.
Nazir müavini Ermənistanın ABŞ-dan “123 Müqaviləsi”nə qoşulmasını və Amerikanın mülki nüvə texnologiyalarına çıxış əldə etməsini xahiş etməsi barədə məlumatı təsdiqləyib. “Ermənistan tərəfinin müraciətinə ABŞ-ın daxili prosedurlarına uyğun olaraq baxılır. ABŞ-ın müxtəlif rəsmiləri bunu dəfələrlə bəyan edərək, bunun kifayət qədər əmək tutumlu proses olduğunu qeyd ediblər”, – Akop Vardanyan yekunlaşdırıb.
Qriqoryan Sobhani ilə niyə görüşüb?
İran səfirliyi Armen Qriqoryanla Mehdi Sobhani arasında baş tutan görüşün bəzi təfərrüatlarını açıqlayıb. Diplomatik nümayəndəliyin X sosial şəbəkəsindəki səhifəsində İranın səfiri Mehdi Sobhani və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan regiondakı vəziyyət və Ermənistan-İran münasibətlərini müzakirə ediblər. Görüşdə əsas mövzu kommunikasiyaların bloklanması kontekstində Ermənistandan keçən ekstraterritorial dəhlizin açılışının yolverilməzliyi olub.
Qriqoryanın dediyi kimi, Ermənistan ərazisindən keçən istənilən əlaqə onun nəzarəti və milli suverenliyi altında olmalıdır və İrəvan istənilən “dəhliz” məntiqinin əleyhinədir. Qriqoryan Ermənistanla İran arasındakı sərhədi sülh və dostluq sərhədi adlandırıb və əlavə edib ki, heç bir qüvvə bunu pozmağa qadir deyil. Öz növbəsində İran səfiri Tehranın regionda sərhədlərin istənilən dəyişikliyinə qarşı çıxan prinsipial mövqeyini bir daha xatırladıb. Ermənistan rəsmisi belə bir mövqeyə görə diplomata təşəkkürünü bildirib, Ermənistanla İran arasında münasibətlərin vacibliyini bildirib.
Qeyd edək ki, Tehran Bakı və Ankaranın Ermənistan üzərindən keçən və Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin təmin edən ekstraterritoriya dəhlizə qarşıdır. “Hindistan tərəfi İranın Bəndər-Abas və Çabahar limanları vasitəsilə Ermənistan istiqamətində yük daşımaları həyata keçirir. Ermənistan, İran və Hindistanın daxil olduğu nəqliyyat marşrutu üç ölkənin xalqlarının maraqlarına uyğundur”. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani cümə günü jurnalistlərlə söhbətində Sputnik Ermənistan-ın sualını cavablandırarkən deyib. Məlum olub ki, Ermənistan, İran və Hindistan ticarət yolunu işə salacaq və bu məsələ ilə bağlı üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Artıq Ermənistan, Hindistan və İran arasında yükdaşımalar aparılır. Hindistan tərəfi Bəndər-Abas və Çabahar limanları vasitəsilə Ermənistana yük göndərir.
İranlı diplomatın sözlərinə görə, Hindistan tərəfi bu marşrutda çox maraqlıdır. Xatırladaq ki, bu marşrut körfəz ölkələrindən və Hindistandan Aİ və Aİİ ölkələrinə yüklərin daşınmasını nəzərdə tutur. Belə ki, Hindistanın Mumbay limanından yüklər Çabahar limanına (İranın cənub-şərqi), daha sonra quru yolu ilə Ermənistana (ya avtomobil və ya dəmir yolu ilə), oradan Gürcüstana, oradan isə Bolqarıstan və ya digər ölkələrin limanlarına çatdırıla bilər.
Amma bütün bu layihələr hələlik Ermənistanın fərziyyələridir, reallıqdan çoz uzaqdır. Çünki, yetərli infrastruktur, logistika yoxdur. Sadəcə olaraq İran Ermənistanın indiki durumundan istifadə edərək Orta dəhlizin öz ərazilərindən salınmasına çalışır. Bəs qlobal güclər, Bakı və Ankara buna razı olacaqlarmı?
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə