"AXCP-nin bu səpkili tədbirlərə qatılmaması başa düşülən deyil" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Artıq son bir neçə ildir ki, ölkədə yaranmış yeni siyasi münasibətlər fonunda siyasi partiyalarla dövlət orqanları, daha konkret desək, Prezident Administrasiyasının Siyasi Partiyalar və qanunverici hakimiyyətlə iş şöbəsi arasında kifayət qədər normal münasibətlər və əməkdaşlıq müşahidə olunmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, adı çəkilən şöbənin rəhbəri Ədalət Vəliyevin və eləcə də şöbənin əməkdaşlarının siyasi partiya rəhbərləri ilə görüşləri müntəzəm xarakter alıb: "Mən özüm də ayrı-ayrı vaxtlarda bu səpkili görüşlərin iştirakçısı olmuşam. Görüşlərdə istənilən məsələnin müzakirə edilməsində də hər hansı məhdudiyyət yoxdur. Bu səpkili konstruktiv əməkdaşlıq təbii ki, olduqca əhəmiyyətlidir və hər kəs tərəfindən də olduqca müsbət qiymətləndirilir.

Xüsusilə indiki mərhələdə, dünyada və eləcə də Cənubi Qafqaz regionunda gərgin vəziyyət fonunda siyasi dialoqun əhəmiyyəti olduqca önəmlidir. Məhz hakimiyyətlə siyasi partiyalar, dövlət qurumları ilə müxalifət partiyaları arasında münasibətlərdəki konstruktivlik ölkəmizi bu gərginlikdən kənarda tutmağa imkan verir.

Hər birimiz Gürcüstanda və Ermənistanda baş verən hadisələrə şahidlik edirik. Şübhəsiz ki, bu hadisələr ayrı-ayrı üçüncü dövlətlərin sifarişləri əsasında həyata keçirilir. Ölkəmizin də bu cür xaosdan qorunması üçün münasibətlərin daimi olaraq konstruktiv əməkdaşlıq səviyyəsində saxlanılmasına çox böyük ehtiyac var. Buna isə yalnız milli birliklə nail olmaq mümkündür. Bu baxımdan bu gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların demək olar ki, əksəriyyətinin xaricdən gələ biləcək hər hansı bir təhlükəyə qarşı vahid cəbhədən çıxış etməyə hazır olması olduqca sevindiricidir".

"Məlumdur ki, bir neçə gün bundan əvvəl siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə daha bir tədbir baş tutdu. Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə baş tutan bu tədbir münasibətlərin daha bir üst səviyyəyə qaldırılması baxımından olduqca məhsuldar oldu. Onu da qeyd edim ki, dövlət qurumları ilə bu tərkibdə görüş ilk dəfə idi ki, keçirilirdi. Görüşdə iştirak edən biri olaraq deyim ki, tədbir siyasi partiyalar haqqında yeni qanunun tətbiqi və bütövlükdə siyasi partiyaların bu proseslərdə iştirakının səviyyəsi, maliyyə hesabatlılığının izahı və ən əsası da siyasi partiya rəhbərləri tərəfindən ayrı-ayrı problemlərin qaldırılması baxımından olduqca əhəmiyyətli oldu.

Görüşdə ölkədə mövcud olan 26 siyasi partiyadan AXCP-ni çıxmaq şərtilə iyirmi beşinin iştirakı da olduqca təqdirəlayıq haldır. AXCP-nin bu səpkili tədbirlərə qatılmaması isə əslində başa düşülən deyil. Əgər məqsəd ölkədə mövcud olan bu və ya digər problemləri qaldırmaq və onların həllinə nail olmaqdırsa, bu səpkili tədbirlər bunun üçün ən yaxşı platformadır. İkinci bir tərəfdən belə tədbirlərin mütəmadi təşkili milli birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsində mühüm rol oynayır ki, bu da olduqca önəmlidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə