“Fransanın Rusiyanın liderliyi ilə yaradılmış qurumları dağıtmaq istiqamətində atdığı addımları mükafatlandırmaq məqsədi ilə Ermənistanı silahlandıracağını bəyan etməsi bölgəmizdə gərginliyi artırmağa xidmət edir”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” Strateji Araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Qərb ölkələrində Fransa qabağa düşüb və Ermənistanla hərbi sahədə əməkdaşlıq barədə sənəd imzalayıb: “İlk fransız silahları da artıq Ermənistana çatdırılıb. Ancaq çox təəssüflər olsun ki, nə Qərb ölkələri, nə Ermənistan bir şeyi anlaya bilmirlər ki, silahlanmaq sahəsində Azərbaycanla yarışa girmək son nəticədə Ermənistana yaxşı heç nə verməyəcəkdir. Yalnız onun iqtisadi çöküşünü sürətləndirəcək. Bu il və gələn il hərbi xərcləri xeyli artıran Ermənistan anlamalıdır ki, bütün hallarda Azərbaycanın hərbi xərcləri Ermənistanınkından 3 dəfə artıq olacaq. Hər il bu proses davam edəcək. Ermənistanın silahlanmaq cəhdləri ona üstünlük gətirə bilməz və gətirməyəcəkdir. Azərbaycan ordusu hər il Ermənistan ordusundan daha çox və daha müasir silahlar alacaq və insan resurslarını Azərbaycan insanının, vətəndaşının döyüş qabiliyyətini də nəzərə alsaq Ermənistanın bu sahədə heç bir şansının olmadğı aydın olar. Təəssüflə olsun ki, Qərbdəki böyükləri Ermənistanın başına ağıl qoymaqdandısa onu yalnış yola çəkirlər və Ermənistanı silahlandıracaqlarını bəyan edirlər. Anlamaq istəmirlər ki, bundan Ermənistan heç nə qazanmayacaq, Ermənistan ordusu güclənməyəcək əksinə Azərbaycan ordusundan dəfələrlə zəif olmaqda davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə