"Nə Ermənistan, nə də Rusiya öz öhdəliklərini yerinə yetirmir" - MÜSAHİBƏ

Hərbi ekspert Ədalət Verdiyevin SİA-ya müsahibəsini təqdim edirik:

- 7 il bundan öncə Aprel döyüşləri baş verdi. Baş verən bu döyüşlərin əhəmiyyəti barədə danışmağınızı istəyirəm.

- Aprel döyüşləri bu günün formatından baxdıqda sanki zəfərə aparan yol idi. Əslində bir çox məsələlərdə Qərb və Şərq, Rusiya Qərb arasında ziddiyyətlər olsa da, söhbət Qarabağ məsələsinə gəlib, çatdıqda Azərbaycana qarşı bir mövqedən çıxış edirdilər. Bu mövqe isə Azərbaycanın hərbi əməliyyatlara başlaya bilməməsini vurğulayırdı. Biz növbəti erməni silahlı qüvvələrinin təxribatına cavab olaraq, lokal miqyaslı döyüşlərə yol verdik. Bu sonradan kəşfiyyat döyüşü kimi adlandırılaraq, xarakterizə olundu. kəşfiyyat döyüşünün məqsədi düşmənin imkan və potensiallarını ortaya çıxarmaq üçün məhdud miqyaslı döyüş əməliyyatlarıdır: "Azərbaycan ordusu 22 illik fasilədən sonra belə bir addım atmışdı. Amma bu demək deyil ki, biz bu 22 illik fasilə müddətində yalnız gözlədik. Bizim xüsusi əməliyyatlarımız olurdu, lakin bu barədə icyimaiyyətə məlumat verilmirdi. Bu xüsusi əməliyyatlar da düşmənin güc və potensialı barədə dəqiq, etibarlı, təstiqlənmiş məlumat əldə etmək məqsədi ilə keçirilirdi. 1994-cü ilin əvvəllində keçirilən Horadiz əməliyyatı da Azərbaycanın qələbəsi ilə nəticələnmişdi. Ortada 22 illik bir fasilə var idi və burada taktiki baxımından üstünlük də ermənilərdə idi. Belə bir qəliz vəziyyətdə Azərbaycan bizim üçün işğal faktının qəbuledilməz olduğunu sübut etməli idi. Biz özümüz öz torpağımızı azad etməli idik və bunun ilk siqnalını 2016-cı ildə aprel döyüşləri ilə verdik. Ermənistanın buna qarşı müqavimət potensialı isə kifayət qədər zəifdir. Fasilə dövründə ictamiyyətdə ümidsizlik yaranmışdı, beynimizə yüklənən məğlubiyyət sendromu var idi. Lakin Aprel döyüşləri yenidən qələbəyə ümid oldu. Azərbaycanın bugünkü zəfərə aparn yolu isə məhz Aprel döyüşlərində başlamışdı".

- 44 günlük müharibədən sonra Qarabağda Azərbaycan həm antiterror əməliyyat keçirdi, həm lokal döyüşlərin şahidi olduq. Yeri gəldi Azərbaycan ordusu təpiklə, yumruqla düşməni öz mövqeyindən qovdu. Amma ən sonunda biz gördük ki, heç yumruğa, təpiyə ehtiyac olmadı.

- Biz Vətən müharibəsi zamanı düşməni topla, tüfənglə qovduq. Ondan sonrakı dövrdə şillə-təpiklə bunu etdik. Biraz keçdi Azərbaycan himnini onlara əzbərlətdik. Gecə saat 4-də onları namaza dəvət etdik. Heç etiraz edəndə yox idi. Amma son əməliyyatlarda biz səssiz-səmirsiz, rahat bir şəkildə o ərazilərə yerləşdik. Erməni vətəndaşları özləri də deyir ki, bizim 1 ildə etmədiyimizi Azərbaycan qoşunları 1 gündə etdi. Qeyd edim ki, qoşun yerləşməsi elə də asan iş də deyil. Biz orada hər cür təhlükəsizliyi təmin etdik. Çünki ermənilərə güvən olmaz, hər an təxribata əl ata bilirlər. Ona görə də ərazidə kifayət qədər işlər görüldü. Bu proseslərin nəzərə aldıqda görürük ki, rusların erməni silahlarını Qarabağdan çıxarmaq niyyəti yoxdur. Biz son nailiyyətlə təbii ki, Laçın yolunda Ermənistandan daşınmanın qarşısını aldıq. Amma orada alternativ bir yol da var. Rusiya həmin alternativ yoldan istifadə edəcək. Düşünürəm ki, sərhəd keçid məntəqəsi bu yolu da əhatə etməlidir. Çünki dünyanın heç bir yerində sülhməramlı kontingent iki ölkə arasındaa giriş-çıxışa nəzarət etmir. Biz niyə belə bir ilkə şərait yaradaq?!

Həmçinin, rusların avtomobillərinin yoxlanmasına ciddi zərurət var. Ona görə ki biz daha əvvəl rus avtomobillərində silah daşındığının şahidi olmuşuq. Rusların yenə eyni şeyi etməyəcəyinə kim zəmanət verir? O zaman sərhəd keçid xidmətinin həm Laçın yolunda, həm də rusların istifadə edəcəyi alternativ yolda qurulması vacibdir.

- Növbəti mərhələdə Azərbaycanın atacağı addım və Rusiyanın buna verəcəyi cavab nə ola bilər?

- Lazım olan addımları əslində, Rusiya atmalı idi. Əgər heç nə etmirlərsə, o zaman rusların ərazidə müddətin sonuna qədər qalması müzakirə mövzusuna çevrilə bilər. Bugünkü gündə Qarabağa silah göndərirsə, ərazilərimizə müharibədən sonra istehsal olunan minalar basdırırsa, deməli Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Rusiya da zəmanətçi tərəf kimi erməni silahlarını ərazidən çıxarmayıbsa, Azərbaycan vətəndaşlarının ora qayıtması üçün 30 ay ərzində heç bir şərait yaradılmayıbsa, deməli o da öhdəliklərini yerinə yetirə bilmir. Üçtərəfli bəyanatı imzalayan iki dövlət tamamilə əks proseslər həyata keçirirsə, Azərbaycanı heç kim bu bəyanata uyğun davranmağa məcbur edə bilməz. Ali Baş Komandan İlham Əliyevin tək bir əmri yetərlidir ki, o birgə bəyanat olsun mənasız bir sənəd.

- Ədalət müəllim, Rusiyanın Qarabağdan çıxmaq məsələsini Ukraynada baş verən hadisələrlə əlaqələndirirlər. Siz necə düşünürsünüz, bu proqnozlar nə dərəcədə doğrudur və Ukraynada hal-hazırda nələr baş verir?

- Ukraynada artıq Baxmut şəhərinin Rusiyanın nəzarətinə keçdiyinə dair bəzi görüntülər mövcuddur. Rusiya qlobal bir nüvə dövlətidir. Öz maraqları tapdandığı ərazilərdə əməliyyatlar keçirməsi Rusiyanın hərbi doktrinasında əksini tapıb. Amma bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Solidar və Baxmut əətrafında eşələnir. Digər qitələrdə əməliyyatlar keçirməli olan ordunun rəisi iki qəsəbənin əlində 5 aydır ki, əsir-yesir qalıb. İtkilərin sayı da on minlərlədir. Belə olduğu halda Rusiyanın həm nüfuzu zəifləyir, həm də imkanları azalır. Rusiya bugünkü gündə dilənçi kimi qapı-qapı düşüb silah-sursat axtarır. Rusiyanın zəifləyən mövqelərini Qafqazda biriləri doldurmağa çalışır. Bunların arasında İran da var, Fransa da var, hətta Hindistan belə var. Əgər İran Qafanda diplomatik korpus açırsa, deməli bu da mümkün ola bilər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə