Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır ŞƏRH

Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin edilməsində müstəsna rol oynayır. Bu reallığı fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsi də sübut etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev mərasimin açılışında iştirak edərək dərin məzmunlu nitq söyləyib. Tədbirdə həmçinin Rumıniya Prezidentinin, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarının, eləcə də, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı onun mötəbərliliyindən bir daha xəbər verir. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunublar.

Ümumiyyətlə, artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eləcə də bu il daha iki mühüm tədbirin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının da bu il baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq-şəkildə ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb.

Ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması xüsusi əhəmiyyət daşıyır. Həmin sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xüsusilə vurğulamaq lazımdır ki, artıq həmin sənədin icrasına başlanıb. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi də planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın bu baxımdan önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək. Bu istiqamətdə artıq ilk ciddi addımların atılmasına başlanılıb. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Bu sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq.

Azərbaycan Avropa İttifaqı ilə enerji dialoqunda yeni mövzular olan yaşıl enerji və yaşıl hidrogen böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcək. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan cəmi iki il əvvəl azad edilmiş ərazilərin də potensialından istifadə olunması istiqamətində ciddi addımlar atmağa başlayıb. BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən, eyni zamanda, elektrik enerjisi ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyası tikiləcək, onların 5-i artıq istismara verilib. Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək.

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə