HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİASPORU TƏHLİL

"Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar. Təbiidir ki, bu sahədə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var”. Ulu öndər Heydər Əliyevin bu fikirləri səsləndirdiyi Dünya Azərbaycanlılarının I Qurultayından tam 22 il ötür...

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının «Şuşa İli»ndə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada keçirilən V Zəfər Qurultayında 2001-ci ildə keçirilmiş ilk qurultayı ilə bağlı fikirlərini deyib: «2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. «Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır”.

BİZ - ULU ÖNDƏRİN DAVAMÇILARI BU SÖZLƏRİ GERÇƏYƏ ÇEVİRDİK

Dövlət başçısı bildirib ki, artıq Ulu Öndərin davamçıları bu sözləri gerçəkliyə çevirib: «Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir. Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq”.

BİZ BÖYÜK XALQIQ VƏ HEÇ VAXT BU XALQ, AZƏRBAYCAN XALQI İŞĞALLA BARIŞMAQ FİKRİNDƏ DEYİLDİ

Prezident İlham Əliyev onu da bildirib ki, dövlət-ordu-xalq birliyinin, həmrəyliyinin gücü ilə Ulu Öndərimizin arzusunu gerçəkləşdirdik: «Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi. Mən dəfələrlə, o cümlədən birinci Qurultaydan sonra keçirilmiş Dünya Azərbaycanlılarının qurultaylarında çıxış edərkən deyirdim ki, biz heç vaxt bu işğalla barışmayacağıq, nəyin bahasına olursa-olsun öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik... Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda”.

HEYDƏR ƏLİYEV - DÜNYA AZƏRBAYCANLILARININ TƏŞKİLATLANMASI VƏ DİASPOR QURUCULUĞUNDA

Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı dövrünə təsadüf edən həmin illərdə – 1993-cü illərdə ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev beynəlxalq ictimaiyyətin ölkəmizin problemlərinə biganəliyi fonunda soydaşlarımızın dünyadakı səsimiz ola biləcəyinin gerçəyini təbliğ edərək bu istiqamətdə atılan addımları dövlət siyasəti xəttinə çevirdi. Ulu öndər Heydər Əliyev bütün görüşlərində onları yaşadıqları ölkəyə inteqrasiya ilə yanaşı tarixi Vətənlərini də unutmamağa, dünyada yaşayan azərbaycanlıları həmişə həmrəy olmağa və azərbaycançılıq ideologiyası ətrafında birləşməyə çağırış edirdi. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. O gündən başlayaraq dünyada yaşayan azərbaycanlılar hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər. Ulu Öndər 31 dekabr tarixini bayram elan etməklə dünyada yaşayan azərbaycanlıların vətəninə bağlılığını daha da artırmış oldu. Onları birliyə, həmrəyliyə, Azərbaycanın köməyinə səslədi. Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır".

AZƏRBAYCAN DİASPORUNUN İNKİŞAFINDA, BİRLİK VƏ HƏMRƏYLİK YOLUNDA YENİ MƏRHƏLƏ

Azərbaycan diasporu bu gün öz inkişafının birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin onilliyində Ulu Öndər Dünya Azərbaycanlıların I Qurultayının keçirilməsinə qərar verdi və bu qurultay 2001-ci il noyabr 9-10-da baş tutdu. Qurultayın əsas məqsədi dünyada yaşayan azərbaycanlıları təşkilatlandırmaq və bir amal ətrafında birləşdirmək məqsədilə diaspor komitəsinin yaradılması məsələsini müzakirə etmək idi. Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak edirdi. Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına ciddi təsir göstərdi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı dillər əzbəri oldu. Ulu öndər Heydər Əliyev qurultayda dünya azərbaycanlıları həmrəyliyə çağıraraq demişdir: “Beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var. Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan diasporu son illər təşkilatlanır və Azərbaycan icmaları, diasporu yaşadıqları ölkədə, ümumiyyətlə, beynəlxalq aləmdə artıq özlərini göstərirlər. Amma bu, bizim diasporun formalaşmasının ilkin mərhələsidir. Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər”.

2002-ci il iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı və komitə dövlət qurumu olaraq dünyada yaşayan soydaşlarımızla işləməyə başladı. Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında qoyulan əsas məsələ Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, dünya azərbaycanlılarını daha sıx birləşdirmək və informasiya müharibəsindən qalib çıxmaqdır. Beləliklə, dövlətimizin düşünülmüş diaspor siyasəti nəticəsində xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoydu. 2016-cı il iyunun 3-4-də keçirilən Dünya Azərbaycanlıların IV Qurultayında dünya azərbaycanlıların qarşısında duran vəzifələrə toxunan Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün burada lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalıdır, proqram tərtib edilməlidir. Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır”.

ULU ÖNDƏRİN SÖZLƏRİNİ GERÇƏKLİYƏ ÇEVİRƏN QALİB LİDER!

8 noyabr, 2020-ci il – ŞUŞA AZADDIR! Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli əsgər və zabitlərimizdir. Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Çünki Prezidentimiz xalqımızı oddan-alovlardan, məhv olmağın astanasından qurtaran Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinin layiqli davamçısıdır. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - deyən Ümummilli Liderin nə qədər dahi və uzaqgörən şəxsiyyət olduğu hər keçən gün sübut olunur. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğalda olan bütün torpaqlarımızı, o cümlədən Qarabağın tacı Şuşanın nəyin bahasına olursa-olsun, düşmən tapdağından azad edəcəyinə əmin idi. Ulu öndərimizin dediyi kimi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Xalqımız artıq iki ildir ki, tarixi Qələbənin sevinci ilə yaşayır.

Bəli, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı, məhz ulu öndərin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Və müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ideyaları – Heydər Əliyev yolu - Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev tərəfindən uğurla davam edir və bu yol dönməz və sarsılmaz yoldur. Çünki Prezident İlham Əliyev cənablarının dediyi kimi: "Əldə edilən hər bir uğurumuz Heydər Əliyevin xidmətləridir".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə