Ölkəmiz beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır

Vətən müharibəsindən sonrakı dövrdə dünyada böyük nüfuz qazanan Azərbaycan artıq Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində region və dünya dövlətləri arasında ən mühüm mövzuların müzakirə olunduğu, mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilməsi Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

Belə beynəlxalq tədbirlərdən biri noyabrın 25-də Bakıda, ADA Universitetində ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı və Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans oldu.

Beynəlxalq konfransın iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin və nümayəndələrinin də yer alması Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələlərinin beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırılması baxımından olduqca əhəmiyyətli idi.

Bundan əlavə konfrans iştirakçılarının hazırda cərəyan edən qlobal proseslər, Beynəlxalq təşkilatların qlobal proseslərə təsiri, dövlətdə din və s. kimi suallarına Prezident İlham Əliyevin verdiyi cavablar bir daha beynəlxalq hüququn, beynəlxalq təsisatların fəaliyyət reallıqlarının dəyişdirilməsi, ədalətsizliyə son qoyulması, ikili siyasət yürüdülməməsi istiqamətində oldu. Dünyada reallığın isə, Azərbaycan torpaqlarının işğaldan azad olunması nümunəsində olduğu kimi - xalq, ordu və siyasi iradənin vəhdəti olduğunu bildirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, güclü inam və ölkənin inkişafı ilə bağlı görülən işlər, eləcə də cəmiyyətə verilən mesajlar ondan ibarətdir ki, din dövlətdən ayrı olmalıdır, çünki Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri birgə yaşayırlar, torpaqlarımızın düşmən işğalından azad olunmasında birgə mübarizə apardılar və qələbədə hər kəsin payı var. Azərbaycanda hər kəs vətəndaşlarımızın dini hisslərinə tam hörmətlə yanaşır və bu bizim dövlətimizin üstünlüklərindən və əldə olunan nailiyyətlərindən biridir.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə