44 günlük müharibədə Azərbaycanın müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tarixində yeni hərbi-siyasi uğura imza atdı. Belə ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Ermənistanın kapitulyasiyası haqqında imzaladıqları sənədə görə, Ermənistan dekabrın 1-dək işğal altındakı Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz təslim etdi.Ağır məğlubiyyətə uğramış işğalçı Ermənistanın kapituluasiya aktını imzalaması bu ölkənin onurğa sütununu qırdı. Razılaşmaya uyğun olaraq Ağdam və Kəlbəcərdən sonra dekabrın 1-də Azərbaycanın böyük ərazisinə və sərt relyefinə malik Laçın rayonundan Ermənistan silahlı qüvvələri, o cümlədən 27 ildir burada qeyri-qanuni məskunlaşmış ermənilər çıxarıldı.Bu gün biz 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızın azad olunmasını və ölkəmizin ərazi bütövlüyünün bərpasını böyük qürur hissi ilə qeyd edirik. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində nizami ordumuz tərəfindən faşist və terrorist Ermənistanın demək olar ki, əksər cinayətkar silahlı quldur dəstələri darmadağın edildi, düşmənin texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

​Artıq Laçın şəhərində Azərbaycanın dövlət bayrağı dalğalanır. Bu rayon təbii sərvətləri ilə zəngindir və işğaldan azad edildikdən sonra kənd təsərrüfatına yararlı torpaqları ilə ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə xeyir verəcəkdir. Rayonda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq, əhəng istehsalına yararlı Laçın əhəngdaşı və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf Ağoğlan, Əhmədli, kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil yataqları və istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları vardır.

​Ümumiyyətlə, işğaldan əvvəl Laçında 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi mövcud idi. Bununla yanaşı, rayonda yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və gön-dəri qəbulu müəssisəsi, kimya birliyi, baytarlıq müalicəxanası, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, yüngül sənaye və yerli sənaye kombinatları, iki asfalt zavod, beton zavod, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, iki daş karxanası fəaliyyət göstərirdi.

​Müharibədən qısa vaxt keçməsinə baxmaqyaraq həmin ərazilərdə sürətlə aparılan bərpa quruculuq işləri artıq öz töhvəsini verir. Ali Baş Komandanın işğaldan azad olunan ərazilərə səfəri dövlət başçısının işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafına nə dərəcə mühüm əhəmiyyət verdiyinə 30 il ərzində ermənilər tərəfindən darmadağın və viran edilən torpaqlarda artıq abadlıq və quruculuq işlərinə başlanılmasını göstərmək olar. Bu səfərlər zamanı cənab İlham Əliyev 30 ilə yaxın dövrün nisgilinə, acısına, torpaq həsrətinə son qoyularaq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasından böyük qürur hissi ilə danışır. Burada işə salınan Güləbird Su Elektrik Stansiyası və İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolu işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq işlərinin bariz nümunəsidir. Həyata keçirilən layihələr arasından Laçında beynəlxalq hava limanının tikilməsidə xüsusilə qeyd olunmalıdır. İnşa ediləcək beynəlxalq hava limanı Azərbaycan və eləcə də işğaldan azad olunan ərazilərimiz üçün mühüm əhəmiyyət daşıyır.

​Artıq böyük qürur hiss ilə deyə bilərik ki, tarixi Zəfərimizdən keçən bir il ərzində torpaqlarımızdan Erməni vandalizminin izləri pillə-pillə silinməyə başladı. Artıq həmin ərazilərdə yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, şəhərlərin, kəndlərin baş planları, layihələri hazırlanır, yaşayış binalarının təməlləri qoyulur. Bir sözlə həmin ərazilərimizə yeni nəfəs gəlir.

Məmləkət Qaraçobanova

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı​​​

Bütün xəbərlər Facebook səhifəmizdə