Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi öz aktuallığını qoruyur - TƏHLİL

Bəşəriyyətdə ən dəyərli sayılan insandır, insan həyatıdır və bu baxımdan da insanların təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması hər zaman prioritet məsələ hesab olunub. Hal-hazırda da bu məsələ öz aktuallığını qoruyur. Ona görə ki, müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və qarşılıqlı hörmət şəraitində yaşaması təhlükəsizlik mühitinin yaranması üçün əsaslı zəmin yaradır. Belə bir təhlükəsizlik mühitinin yaranması, əlbəttə ki, fərqli mədəniyyətlərin dialoqundan asılıdır.

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olub. Azərbaycanda müxtəlif inanclara, dini etiqadlara, dilə, adət-ənənələrə mənsub etnik qruplar belə hər zaman sülh şəraitində yaşayıblar. Ölkəmizin ərazidində məskunlaşan müxtəlif milli mənsubiyyətə malik insanlar ayrıseçkiliyə, təzyiqlərə məruz qalmayıblar, əksinə, onlara heç bir fərq qoyulmayıb. Müxtəlif milli mənsubiyyətə malik insanların istənilən sahədə çalışdıqları, onlara hörmətlə yanaşıldığı barədə hər kəs bilir və bu da deyilənləri təsdiq edir. Təsdiq edir ki, Azərbaycan tarixən, yəni bu zamana qədər də tolerant ölkə olub və müxtəlif etnik qruplara humanistcəsinə yanaşılıb, bu gün də eyni yanaşma müşahidə edilir.

İstər coğrafi mövqeyi, istərsə də əhalisinin etnik tərkibi Azərbaycanda müxtəlif dinlərin mövcudluğu üçün şərait yaradıb. Təsadüfi deyil ki, tarix boyu ölkəmizin ərazisində bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar yayılıb. Bu fərqli dini inanclara sahib olan insanlar arasında isə heç zaman hansısa qarşıdurma, yaxud anlaşılmazlıq belə olmayıb. Əksinə, hər kəsin dini inancına hörmətlə yanaşılıb. Bir sözlə, Azərbaycanda tarixən heç zaman istər milli, istər dini, istərsə də hər hansı zəmində heç bir diskriminasiya hadisəsi kimi arzuolunmaz hal olmayıb.

Xatırladaq ki, hal-hazırda dünyanın 21 ölkəsində 12 milyona qədər insan məhz etnik təmizləmə siyasəti nəticəsində qaçqın və məcburi köçkün şəraitində yaşayır. Dünyada baş verən qarşıdurmaların bir hissəsinin də elə etnik-dini anlaşılmazlıqlara görə olduğu bəllidir. Bəzən dünyanın bir çox ölkələrində, hətta eyni dinə mənsub müxtəlif təriqətlər arasında belə mübarizələr olduğu barədə də eşidirik. Bir çox hallarda bu mübarizələr qanlı toqquşmalarla da nəticələnə bilir. Deməli, insanların təhlükəsizliyi, dinc, əmin-amanlıq şəraitində yaşaması mədəniyyətlərarası, dinlər və millətlərarası münasibətlərdən asılıdır. Bu baxımdan xalqlar, millətlər, müxtəlif dini etiqad və inanclara sahib insanlar bir-birinə, bir-birinin etiqadına, inancına hörmətlə yanaşmalı, birgəyaşayışın məsuliyyətini dərk etməlidir ki, bütün dünyada təhlükəsizlik, əmin-amanlıq təmin olunsun. İndiyə qədər heç bir dini, milli qarşıdurmaların olmadığı Azərbaycan, məhz bu səbəbdən də dünya dövlətləri üçün nümunə hesab olunur. Əvvəla ona görə ki, ölkəmizdə bütün dinlərə, istənilən dini inanca sahib olanlara, istənilən adət-ənənə sahiblərinə hörmətlə yanaşılır, kimsə öz milli mənsubiyyətinə, yaxud inancına görə digərlərindən fərqləndirilmir. Digər tərəfdən də, Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün yaradılan şərait, yəni qeyd olunanların müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsi mövcuddur. Bir sözlə, Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilən etnik dini tolerantlıq ölkəmizin dünya birliyinə hərtərəfli inteqrasiya siyasətini həyata keçirməsinə imkan yaradır və hazırda ölkəmizdə bütün dini icmaların bərabər hüquqlara malik olması məhz bu siyasət sayəsində reallaşıb.

Doğrudur, qeyd etdiyimiz kimi, tarixən Azərbaycanda tolerantlıq olub, insanlara inanclarına, etiqadlarına, adət-ənənələrinə, milli mənsubiyyətlərinə görə fərq qoyulmayıb. Ölkəmizdə insanlara kimliyindən, dini düşüncə tərzindən asılı olmayaraq eyni şəkildə yanaşılıb, amma onu da etiraf etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib. Etiraf edilməlidir ki, milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin böyük rolu olub. Artıq bütün bu sadalananlar qanunvericiliklə, qanunla qorunur və Ulu Öndərin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə dini etiqad azadlığının təminatçısı və himayəçisi kimi qəbul edilir.

Azərbaycan ərazisində müxtəlif etnik qrupların yaşadığı günümüzün reallığıdır. Heç kəsə bu vaxta qədər milli mənsubiyyətinə görə bir söz deyilməyib, əleyhində hansısa addımlar atılmayıb, milli və bəşəri dəyərlərə hər zaman böyük hörmətlə yanaşılıb və yanaşılmaqdadır. Din-dövlət münasibətlərinin düzgün qurulmasını şərtləndirən tolerantlıq Azərbaycanda dövlət səviyyəsində dəstəklənir. Bununla yanaşı, müxtəlif dini, etnik mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə hiss edir, onlar da dövlətimiz üçün, Azərbaycanımız üçün əllərindən gələni əsirgəmirlər. Biz bunun 44 günlük müharibə zamanı da şahidi olduq. Şahidi olduq ki, ölkəmizin ərazisində məskunlaşan fərqli milli-etnik qrupların nümayəndələri Azərbaycan naminə canlarından keçməyə hazır olduqlarını bəyan etdilər və müharibədə ürəkdən iştirak etdilər, Azərbaycanın qələbəsi naminə öz töhfələrini verdilər, Zəfərimizə görə hamı kimi sevindilər.

Baxmayaraq ki, separatçı ermənilər tərəfindən bu vaxta qədər xalqımıza qarşı etnik təmizləmə siyasəti yürüdüldüyü, Xocalı faciəsi kimi soyqırımlara imza atıldığı, haqsız və qanunsuz olaraq Azərbaycana qarşı torpaq iddiası qaldırıldığı halda, ən qısa zamanda layiqli cavabları verildiyi halda, yenə də qonşu dövlət kimi Ermənistana sülh təklifi edilib. Bütün bunlar isə, öz növbəsində, Azərbaycanın tolerant, sülhsevər ölkə olduğunu təsdiqləyir. Məqsəd isə təbii ki, birmənalı şəkildə sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasıdır. Deməli, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi öz aktuallığını qoruyur.

İnam Hacıyev

6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə