Klassik media və sosial media: tənzimləmə prinsipləri necə olmalıdır? - I YAZI

Media və sosial şəbəkələrdə informasiya təhlükəsizliyi necə təmin edilməlidir?

Xəbər verdiyimiz kimi, avqustun 10-da Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.

Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransda Baş Prokurorun müavini, Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Mətbuat Şurasının sədri, eləcə də nüfuzlu media orqanlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilmiş, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.

İşgüzar tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.

Son vaxtlar bu kimi tədbirlər artıq aktuallaşıb. Çünki mediamızda və sosial şəbəkələrdə vəziyyət dözülməz həddə çatır. Bu, artıq bütün vətəndaşların jurnalist funksiyasına yiyəndiyi bir platforma halına gəlib və informasiya məkanı müxtəlif siyasi, dini, etnik, sosial və cinayətkar qrupların təbliğat və mübarizə meydanına çevrilib. Bu vəziyyətdən isə həm cəmiyyətimiz, həm dövlətimiz zərər çəkir. Demək, bu sahədə tənzimləmələrə, nəzarətə ehtiyac var. Lakin bu, senzura demək deyil. Dünya ölkələrində media qanunlarına necə riayət olunursa, bizdə də elə olmalıdır.

Mətbuat azadlığı necə tənzimlənməlidir?

Media ictimai rəyə ciddi təsir edən, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə azadlıq verilib. Lakin bu azadlıqdan necə istifadə edilməsi müzakirə mövzusudur. Peşə etikasına riayət etmək, yaradılmış şəraitdə öz işinə vicdanla yanaşmaq bu azadlıqların əsas şərtidirmi? Sosial şəbəkə istifadəçilərinin media funksiyası əldə edərək cəmiyyətə zərərli və təhlükəli saxta informasiyalar yaymasına görə heç bir cəza olmamalıdırmı? Bu yazımızda bunu aydınlaşdırmağa çalışacağıq.

Ölkəmizdə mediadan şəxsi məqsədləri üçün istifadə, şərəf-ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, özəl və işgüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarına kifayət qədər rast gəlinir.

Mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet medianın sürətli inkişafı, dövlətin mediaya yardımları müsbət tendensiyalardandır. Lakin bu prosesin mənfi tərəflərini də qeyd etmək lazımdır. Yəni, kəmiyyət cəhətdən inkişaf var, keyfiyyət tərəfdən isə yox.

Azərbaycanda mətbuat azadlığından sui-istifadə halları son vaxtlar getdikcə artır. Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə belə bir sual çıxır- İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxara bilərmi? Bu suala cavab vermək üçün mövcud vəziyyəti nəzərdən keçirməyə ehtiyac var.

Tam nəzarətsizlik və cəzasızlıq şəraitində, ultra-azadlıq mühitində aşağıdakılar baş verir:

1. Mətbuat vasitələrinin sayı ifrat dərəcədə artır, istənilən kənar şəxsin bir vəsiqə alaraq jurnalist kimi ortada dolaşması ilə medianın və jurnalistlərin nüfuzu aşağı düşür.

2. Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj kimi halların çoxalmasına gətirib çıxarır ki, bu da cəmiyyətdə narazılıq yaradır, insan hüquqlarının pozulmasına səbəb olur.

3. Oxucu auditoriyasının minlərlə qəzet, sayt arasında parçalanması nəticəsində hər media vasitəsinin izləyici sayı aşağı düşür, gəlirlər azalır, peşəkar jurnalistlər bu sahədən uzaqlaşmağa və onların yerini diletantlar tutmağa başlayır.

4. Hətta təhlükəli siyasi, dini və digər təşkilatlar belə mətbu orqanlar təsis etməklə cəmiyyətdə zərərli ideyaları təbliğ edir, antimilli, antidövlət təbliğatı aparırlar.

5. Bir çox qəzetlər, saytlar yaranmış münbit şəraitdən maksumum yararlanaraq reketçiliklə məşğul olmağa başlayır və jurnalistikanı gözdən salırlar.

Azərbaycanda mətbuat azadlığı necə başa düşülür?

Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar.

Əgər ölkədə media azadlığı olmasaydı, həbs olunan, cərimə olunan jurnalistlərin sayı-hesabı olmazdı, çünki ölkə mediasını izləyəndə hər gün yüzlərlə ciddi qanun pozuntusuna, məmurların təhqirinə, vətəndaşların şantajına rast gəlmək olur. Amma jurnalistlərin məhkəməyə vermə hallarına çox nadir hallarda rast gəlinir.

Jurnalist vəsiqəsi bəzi hallarda qoruyucu sipər kimi cibdə daşınır. Vəziyyət o yerə gəlib çatıb ki, cibində jurnalist vəsiqəsi olan adam ağır cinayət edəndə və buna görə həbs ediləndə yazırlar ki, bəs filankəs jurnalist olduğuna görə azad edilməlidir.

Hətta iri məbləğdə rüşvət aldığı yerdə yaxalanan “jurnalist”lərin həmkarları tərəfindən müdafiəsi halları da var. Bu, cəmiyyət üçün çox mənfi bir nümunədir. Əslində, belə “jurnalist”lərə qarşı mübarizəni ilk növbədə elə biz özümüz aparmalıyıq.

Qaş düzəltməli olan medianın göz çıxartması

Son dövlərdə informasiya texnologiyalarının sürətli inkişafı və sosial media adlandırılan bir sistemin meydana çıxması media sahəsində ziddiyyətli vəziyyət yaradıb. Belə ki, artıq internet saytlar və sosial şəbəkə kanalları özlərini media kimi təqdim edərək zərərli informasiyaları cəmiyyətə ötürə bilirlər. Bir sıra media subyektləri və sosial şəbəkə kanalları tərəfindən intihar halları və cəmiyyət əxlaqına zərbə vuran materialların yayımlanması cəmiyyətdə narahatlıq yaradır və haqlı olaraq ictimai narazılığa səbəb olur.

Medianın 3 əsas funksiyası var- məlumatlandırma, maarifləndirmə və əyləndirmə. Bu gün özünü media kimi qələbə verən subyektlər isə bu funksiyaların əvəzinə özləri üçün yeni funksiyalar müəyyənləşdiriblər- aldatma, təşvişə salma, təhrik etmə. Bunu bir çoxları bilməyərəkdən etsə də, bilərəkdən edənlər də az deyil. Normal mediada əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat və təsvirlərdən istifadə olunmamalıdır.

Bizdə ictimai qınaq da zəif olduğundan, saxta xəbərlər yayan, zərərli təbliğat aparan subyektlər qınaq və etiraz əvəzinə izləyici kütləsi və müvafiq olaraq da pul əldə edir. Halbuki, əhalinin maariflənmə səviyyəsi yüksək olmalı, cəmiyyətə zərər vuran belə media subyektləri və sosial şəbəkə kanalları istifadəçilər tərəfindən kütləvi blok edilməlidir.

Yeni qəbul olunmuş Media haqda Qanun bu halları da tənzimləyəcək bir qanun olsa da, hələlik qanunun tələbləri tam tətbiq olunmadığından belə hallara çox rast gəlinir. Amma bəzi məsələlər var ki, heç qanunla da tənizmlənmir. “Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil. Məsələn, qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir. Amma etik kodekslər, vicdan və sosial məsuliyyət olmalıdır ki, mən nə yazıram, nə təbliğ edirəm, cəmiyyətə nə verirəm. Bu hər şeydən əvvəl insanlıq, vətəndaşlıq məsələsidir.

Bu məsələlərə həm ictimai həm də dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac böyükdür. Əksər ölkələrdə belədir. Əks halda media və sosial şəbəkə kanalları cəmiyyətə fayda verməli olduqları halda zərər vermiş olurlar. Məsələn, nüfuzlu sosial araşdırma mərkəzlərinin araşdırmalarına görə, intihar, zorlama, qətl xəbərlərinin mediada geniş yayılması insanların şüuraltında yerləşərək tədricən psixologiyanı dəyişir və cəmiyyətdə həmin halların artmasına səbəb olur. Xüsusən də uşaq və gənclərdə bu daha pis nəticə verir. İndi əksər uşaqların əlində smartfon var və onlar bu tip zərərli məlumatlara çıxışı çox rahatdır. Bu səbəbdən belə məsələlərə ciddi nəzarət edilməlidir.

Ardı var

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə