Azərbaycan bütün azadlıqların təmin edildiyi ölkədir - TƏHLİL

Hüquqi dövlətin qurulması ölkəmizdə dövlət müstəqilliyinin bərpa edilməsindən sonra əsas məqsədlərdən olub və 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında, eləcə də 1995-ci ildən qüvvəyə minən ilk Konstitusiyamızda bu dəyərlər öz əksini tapıb. Ölkədə bütün münasibətlərin qanunlar əsasında tənzimlənməsi məhz hüquqi dövlətin qurulduğunu təsdiq edir və bu baxımdan Azərbaycan bütün dünyada hüquqi dövlət olaraq tanınır.
İstənilən ölkədə münasibətlər qanunla tənzimllənməli, həmin ölkədə yaşayan insanların, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması qanunlarla müəyyən edilməlidir. Hər bir ölkədə qanunun aliliyi prinsipi ciddi şəkildə qorunmalı, qanunlar da işlək olmalıdır və məhz bütün bunlar hüquqi dövlətin mühüm əlamətlərindəndir. Qanunlar isə, təbii ki, ədalətli, qərəzsiz olmalı, bu baxımdan da insanların, vətəndaşların iradəsini ifadə etməlidir, əks halda, mövcud ola bilən ədalətsiz qanunlar belə məhz hüquqi dövlətin bütün təməl prinsiplərinə zidd hesab olunur.
Hüquqi dövlətdə insan hüquqlarının pozulmazlığı dövlət tərəfindən gözlənilir və elan edilir ki, hər kəsin toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları, azadlıqları var, hansıki bunlar məhz dövlət tərəfindən qorunur. Bunun üçün isə təbii ki, dövlətin qanunvericiliyi, hüquqi dövlətin təməl daşı olan Konstitusiyası olur. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin 1-ci bəndində də qeyd olunduğu kimi, Azərbaycan hüquqi dövlətdir və bu hüquqi dövlətin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarını tanımaq, təmin etmək və eyni zamanda müdafiə etməkdir.
Xatırladaq ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra demokratik-hüquqi dövlət quruculuğu özünün inkişaf mərhələsinə qədəm qoydu, baxmayaraq ki, bu heç də asan başa gəlmədi. Çünki, ölkəmiz öz müstəqilliyinin ilk illərində çox çətin durumda idi, mürəkkəb proseslər cərəyan edirdi və hökm sürən özbaşınalıq, hakimiyyətsizlik, yaxud səriştəsiz və uğursuz hakimiyyət, bunun fonunda da vətəndaş müharibəsi təhlükəsi, hətta ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması demokratik-hüquqi dövlət quruculuğunu çətinləşdirirdi. Sözsüz ki, yenicə müstəqilliyini bərpa edən bir ölkə, özü də daxili çaxnaşmaları pik həddə çatan bir ölkə üçün demokratik-hüquqi dövlət quruculuğu ilk növbədə sabitliyin bərqərar olunmasından keçirdi. Bu mühüm vəzifənin, bu ağır işin, çətinliyin öhdəsindən isə Ümummilli Lider Heydər Əliyev uğurla gəldi və xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ilk növbədə sabitliyi təmin etdikdən sonra demokratik-hüquqi dövlət quruculuğuna zəmin yaradıldı və bunun öhdəsindən də müvəffəqiyətlə gəlindi. Artıq ölkədə sabitlik, yəni şərait olduqdan sonra hüquqi dövlət quruculuğu üçün imkanlar yarandı və Ulu Öndərin rəhbərliyi ilə demokratik-hüquqi dövlət quruculuğuna başlanıldı. Bir sözlə, ölkəmizdə hüquqi dövlət quruculuğu da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və nəticəsi də göz önündədir.
Əlbəttə ki, hüquqi dövlətin formalaşması ilk növbədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Vətəndaşların öz hüquq və azadlıqlarını bilmədikləri, sosial məsuliyyətlərini dərk etmədikləri cəmiyyətdə nə demokratiyadan, nə vətəndaş cəmiyyətindən, nə də hüquqi dövlətdən danışmağa dəyməz. Bu baxımdan vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti hüquqi dövlətin mövcudluğu üçün zəruri şərtdir və insan azadlığından, insanların hüquqlarından xəbəri olmayan, özünü ifadə edə bilməyən cəmiyyət üçün hüquqi dövlət anlayışı yaddır. Məhz vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğu bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatlarının yaradılması məsələsi ilə əlaqədardır.
Heç də bütün dünyada insanların hüquq və azadlıqları təmin olunmur və bu gün dünyaya demokratik dövlət kimi özünü sırıyan ölkələrin əksəriyyətində bu mənada kifayət qədər problemlər var. İnsanların hüquq və azadlıqlarının pozulması hallarına dünyanın ən inkişaf etmiş ölkələrində belə rast gəlinir və bu dövlətlərdə hüquqi-demokratik dövlət adına xələl gətirən yetərincə neqativlər mövcuddur. İnsanları dərisinin rənginə görə fərqləndirən ölkələr bu gün dünyaya demokratiya dərsi keçməyə qalxsa da onlar üçün Azərbaycanın təcrübəsi bir örnək sayılır, müsbət nümunə kimi qəbul olunur. Müxtəlif şəkildə fərqli yanaşmaların sərgilənməsi fonunda belə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə qlobal səviyyədə yetərincə qiymətləndirilir və bu heç də təsadüfi deyil. Bu ona görədir ki, Azərbaycanın bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. Ölkəmizdə 1993-cü ildən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Bir-birinin ardınca beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində qanunvericilik davamlı olaraq təkmilləşdirilib. 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncam ilə məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının İnsan Hüquqları Günü elan edilib.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesi sözün əsl mənasında demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlib və hazırda həmin bu proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla davam etdirilir. Ölkəmizdə hüquq sisteminin davamlı inkişafını təmin edən də məhz Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirdiyi islahatlardır.

İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə