Yuri Tavrovski: “Strateji baxımdan Çin Zəngəzur dəhlizinə lazımi diqqət yetirəcək” - MÜSAHİBƏ

Rusiya-Çin Dostluq, Sülh və Əməkdaşlıq Komitəsinin Ekspert Şurasının sədri, rusiyalı şərqşünas və çinşünas Yuri Tavrovski “Caliber” analitik mərkəzinə müsahibəsində dünyaya və regionda baş verən siyasi, iqtisadi proseslərlə yanaşı, nəqliyyat dəhlizlərinin, xüsusən də Zəngəzur dəhlizinin perspektivlərinə də toxunub. Müsahibəni təqdim edirik.

- ABŞ Rusiya, Çin, Türkiyə və Azərbaycanı qondarma “Demokratiya Sammiti”nə dəvət etməyib. Yalnız Vaşinqtonun müttəfiqləri və bəzi kiçik ölkələr, o cümlədən, Ermənistan dəvət aldı. Belə bir sammitin arxasında hansı məqsəd dayanır?

- Qəribədir ki, onları dəvət etməyiblər. Bu tədbirin məqsədi avtokratiyanı demokratiyaya qarşı qoymaqdır. Biz sizinlə avtokratlar bölməsinə düşdük, qalanların hamısı alovlu “demokratlar”.

İlk dəfədir ki, belə bir tədbir keçirilir. Amerikalılar Komintern kimi bir orqan yaratmağa çalışırlar- 1919-cu ildə bolşeviklər tərəfindən yaradılmış orqan. Və bu, beynəlxalq anti-avtokratik internasional olacaq. İlk növbədə, bütün bunlar Çin və Rusiyaya qarşı yönəlib. Mən hətta qeyd edərdim: ilk növbədə Çinə qarşı, çünki ABŞ üçün ideoloji təhlükə odur. Prezident Trampın dövründə ticarət müharibəsi gedirdisə və ixracın idxalı üstələməsi, texnologiyanın oğurlanması ilə bağlı iddialar irəli sürülürdüsə, Bayden dövründə artıq ideologiya ön plana çıxırdı. Niyə? Çünki Bayden Demokratik Partiyanı təmsil edir və onlar ənənəvi olaraq ideologiyaya diqqət yetirirlər. Demokratlar Partiyasında neokonservatorlar çox güclüdür. Bunlar trotskiist ideologiyanı mormonlarla, protestantlarla, yəhudilərlə qarışdıraraq bu kvaziamerika dinini yaradan keçmiş trotskistlərdir: “Amerika dağda məbəddir”, “Amerika vahid olmalıdır”, “Bütün dünyaya əmr edən bir dövlət olmalıdır”, “Bütün rəqiblər aradan qaldırılmalıdır”. Məhz buna görə Sovet İttifaqı və Amerika “demokratik” dəyərlərinə rəqib olan kommunist ideologiyası ortadan qaldırıldı. İndi növbə Çindədir. Nüfuzlu Amerika jurnallarında dərc olunan məqalələrdə bu neo-mühafizəkar mütəfəkkirlər ideologiyanın ticarətdən, elmi sahədən daha önəmli olduğunu yazır.

Bunun kimə qarşı yönəldiyini hamı düzgün başa düşdü. Rusiya cavab vermir. Çinlilər isə reaksiya verirlər. Onlar öz əks-forumuna- İnsan Dəyərləri Forumuna başlayıblar, forum bir neçə gün ərzində 3 mərhələdə: 4-5, 9-10 və 14-15 dekabrda keçiriləcək.

Çinlilər məni forumun sessiyalarının birində çıxış etməyə dəvət edəndə Si Cinpinin də iştirak edəcəyinə eyham vurdular. Yəni təsəvvür edirsinizmi, çinlilər bu foruma nə qədər diqqət yetirirlər. Onların Çin xüsusiyyətlərinə malik sosializm ideologiyası var. Və onlar bunu təkcə öz ərazilərində deyil, Çindən kənarda da inkişaf etdirmək niyyətindədirlər. Yəni bütün bunlar ciddidir.

- Bu günlərdə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ABŞ Prezidenti Co Bayden arasında videokonfrans keçirilib. Niyə Çinə davamlı təzyiqlər fonunda bu mümkün oldu? Və ikitərəfli münasibətlərdə bundan sonra nə gözləmək olar?

-Bu, qaçılmaz və zəruri idi. Çünki Çinlə ABŞ arasında rəqabət çox təhlükəli həddə, təhlükəli xəttə çatıb. Hər kəs hətta müharibənin təsadüfən başlaya biləcəyindən danışmağa başladı. Təbii ki, söhbət həm Amerika təyyarədaşıyan gəmilərinin, həm də Çin təyyarədaşıyanlarının və sualtı qayıqlarının olduğu Tayvan boğazından gedir. Hamımız bilirik ki, orada gərginlik çox yüksəkdir. Çinlilər ardıcıl olaraq xəbərdarlıq edirlər ki, qırmızı xətlər keçərsə, kəskin tədbirlər görməyə məcbur olacaqlar.

Belə bir məqsədsiz toqquşmanın qarşısını almaq üçün iki ölkə liderlərinin videokonfransı lazım idi, məncə, onun əsas mənası budur. Təsadüfi deyil ki, prezident Bayden heç kimin gözləmədiyi videokonfransda ABŞ-ın Obama dövründə formalaşdırdığı ənənəvi mövqeyini təsdiqlədi- ABŞ “vahid Çin” prinsipini tanıyır. Yəni, müstəqil Tayvan ola bilməz. Vaşinqton son 30 ildə imzalanmış 3 sənədi tanıyır. Yəni bunlar Amerikadan Çinə çox ciddi güzəştlərdir və bu, istəmədən müharibənin başlaması təhlükəsini azaldır.

Əsas odur ki, ABŞ və Çin ticarət tərəfdaşıdır. Onların ticarəti nəhəngdir və Trampın başlatdığı bütün ticarət müharibələrinə baxmayaraq, böyüməyə davam edir. Həm də bəzi prinsiplər, sağlam təməllər olmalıdır. Hesab edirəm ki, bu, çox vacib və vaxtında keçirilən videokonfrans idi. Amma bu, heç də gərginliyin azalması, fundamental risklərin, o cümlədən hərbi xarakterli risklərin azalması üçün yaxşı heç nə vəd etmir. ABŞ-da keçirilən sammit də bu fikri təsdiqləyir, çünki soyuq müharibə mühiti yaradılır. Əslində, bütün dünya Çin və Rusiyaya qarşı Soyuq Müharibədə iştiraka dəvət olunur. Üstəlik, xatırlamaq yerinə düşər ki, bu, ABŞ-ın Çinlə döyüşmək üçün başqa ölkələri “işə götürməsi” ilk dəfə deyil. Koreya müharibəsi 1950-1953. Onda 15 ölkə Şimali Koreyada Çin qoşunları ilə döyüşməkdə ABŞ-a kömək etmək üçün öz qoşunlarını göndərdi. Vyetnam müharibəsi isə Çini ehtiva edən bir müharibə idi. Oraya 8 ölkə öz qoşunlarını göndərdi.

Amerikalılar ideoloji strukturdan başlayacaq, sonra isə hərbi struktura keçəcəklər, bunu Hindistan, Avstraliya və Yaponiyanın iştirakı ilə yeni QUAD qruplarının yaradılması sübut edir. Soyuq müharibəyə, onun qaynar mərhələsinə hazırlıq gedir, hərbi hazırlıq gedir, eləcə də ideoloji, ticarət və s.

- Noyabrın 11-də Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin partiyanın yaradılmasının 100 illiyinə həsr olunmuş 6-cı plenumu başa çatıb. Belə məlumatlar var idi ki, ÇKP-nin qətnaməsində “Bir kəmər, bir yol” təşəbbüsündən bəhs edilmir. Siz Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin bütün plenumlarını izləyirsiniz. Doğrudanmı qətnamədə bununla bağlı məlumat yer almayıb?

- Plenum oldu, tarixi məsələlərlə bağlı çox mühüm qərar qəbul edildi. Amma onun əsas mənası geri çevrilməsi deyil. O, irəli baxır. Əsas məsələ ondan ibarətdir ki, Si Cinpinin hakimiyyətinin 9 ili ərzində çox böyük uğurlar əldə olunub və ona öz siyasətini həyata keçirmək üçün qeyri-məhdud vaxt vermək lazımdır. Gələn il partiyanın 20-ci qurultayında onun 10 ildən sonra da hakimiyyətdə olacağı aydındır.

Qətnaməyə gəlincə, bu, böyük mətndir. Çin üzrə mütəxəssis olmayan jurnalist həmkarlarımızın qətnaməni oxumağa vaxtı və gücü çatmadı. Və burada İpək Yolu ilə bağlı bütöv bir bölmə var. Bu, Si Cinpinin 2013-cü ildə ortaya qoyduğu münasibətdir. Buna görə də rejimin yaratdığı və saxladığı “balinalardan” birinin hardasa yoxa çıxması belə ağlasığmazdır. İpək Yolu Təşəbbüsü davam edəcək. Bu, artan iqtisadi blokada, Çin mallarının çatdırılması üçün dəniz yollarında güclənən təhdidlər fonunda daha vacibdir. Ona görə də bütün infrastruktur dəhlizləri çox vacibdir. Məhz, infrastruktur İpək Yolu İqtisadi Zonası və 21-ci Əsrin Dəniz İpək Yolu ilə bütün bu təşəbbüsün əsasını təşkil edir. Beləliklə, hər şey qaydasındadır. Eyni sürətlə irəliləyirik. Sadəcə, bu sürətin artacağını bilmirəm, çünki indi Çində maliyyə nizamı qurulur, pul artıq ətrafa səpələnmir. Amma biz irəli gedəcəyik.

- “Bir kəmər, bir yol” təşəbbüsü kontekstində Çin Cənubi Qafqaz regionu ilə gələcək əməkdaşlığa necə meyillidir?

- Çinlilər müxtəlif istiqamətlərə gedirlər. Bu təşəbbüs çoxdan Avrasiyadan kənara çıxıb. Hesab edirəm ki, Cənubi Asiyaya xüsusi diqqət yetirirlər. Amma onlar üçün prioritet təbii ki, Avropadır. Gəlin ədədlər prizmasından baxaq. Çinin Avropa ilə ticarəti 600 milyard dollardır. Cənubi Asiya daha kiçikdir. Bu iqtisadi dəhliz Amerikanın Əfqanıstandan çıxarılmasından sonra mühüm əhəmiyyət kəsb edir. Bu, geostrateji və geoiqtisadi mənzərəni dəyişir. Bunun prioritet olacağını düşünmürəm. Diqqət və ayrılan vəsait də artacaq. Bu bölgə üzrə mütəxəssis olmasam da, mənim proqnozum budur.

- Sizcə, Zəngəzur layihəsi gələcəkdə Çini maraqlandıra bilərmi?

- Düşünürəm ki, ilk növbədə çinlilər hər şeyi hesablayacaq. Strateji cəhətdən Zəngəzur dəhlizinə lazımi diqqət yetirəcəklər. Düşünürəm ki, bütün bunlardan sonra onların əsas prioriteti Çin-Qazaxıstan,-Rusiya-Belarus-Polşadan keçən, Çin mallarının aslan payının keçdiyi mövcud xəttdir və bu axın getdikcə artır. Amma bu yolda darboğaz var - Polşa. O, ABŞ-ın sadiq müttəfiqi kimi malların hərəkətini ya ləngidə, ya da dayandıra bilər. Necə ki, dəniz ipək yolunda Malakka boğazı var, burada iki və ya üç gəmi keçidi bağlamaq üçün kifayətdir. Eynilə, bizim Avropa marşrutumuzda Polşa kimi boğulma nöqtəmiz var.

Zəngəzur dəhlizində - bunu mütəxəssislər təhlil etməlidir, mən onlardan deyiləm,- belə strateji risk nöqtələri varmı? Çinlilər də bu cəhətdən hesablayırlar. Onlar təkcə pul saymırlar. Onlar baxırlar ki, hansısa ölkənin texniki çətinliklər yaratması ehtimalı varmı? Orada plato çökə bilərmi?. Bu, təkcə Çində deyil, həm də iştirak edən ölkələrdə böyük maraq yaradacaq çox maraqlı, yeni layihədir. Gözləyək.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə