Azərbaycançılıq ideyasının təbliği öz aktuallığını qoruyur – TƏHLİL

Azərbaycançılıq ideyasının təbliği, ilk növbədə, vətənpərvərlik, eləcə də dövlətçilik kimi təməllərə söykənir və bu baxımdan həmin ideyanın təbliği hər zaman öz aktuallığını qoruyur. Ölkənin ərazi bütövlüyünün, suverenliyinin, milli maraqlarının, eləcə də dünya azərbaycanlılarının ümumi maraqlarının qorunmasını, Azərbaycanın mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, öz doğma dilimizi yaşatmağı aşılayan da, məhz azərbaycançılıq ideyasıdır. Bu baxımdan, bizim hər birimiz üçün azərbaycançılıq ideologiyasına xidmət etmək, onu təbliğ etmək ən prioritet məsələ hesab olunur.

Azərbaycançılıq ideyası təkcə respublikamızın, ölkəmizin hüdudlarında yaşayan azərbaycanlıların deyil, bütövlükdə dünyanın istənilən ölkəsində yaşayan, məskunlaşan soydaşlarımızın ideyasıdır. Bu ideya dünya azərbaycanlılarının təşkilatlanması, mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsi baxımından olduqca vacibdir və əvəzsizdir. Elə məhz bu baxımdan da, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında, eləcə də onların ölkəmizlə əlaqələrinin möhkəmlənməsi, bu əlaqələrinin daha da yaxşılaşdırılması Azərbaycan dövlətinin xüsusi diqqət mərkəzində olması, bu istiqamətdə göstərilən dəstək tamamilə başadüşüləndir və heç də təsadüfi deyil, dövlətimiz üçün ən vacib, ən prioritet məsələlərdəndir.

Cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyimizin aparıcı amilinə çevrilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin gördüyü mühüm işlər danılmazdır. Məhz Ulu Öndərin səyi ilə azərbaycançılıq ideyası mahiyyətcə real məzmun daşımağa başladı və praktik olaraq realizə imkanları qazandı. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ulu Öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu.

Ümummilli Lider Heydər Əliyev xarici səfərləri zamanı getmiş olduğu həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirir və çağırış edirdi ki, onlar müstəqil Azərbaycanımızın milli maraqları ətrafında birləşsinlər. 2001-ci ildə keçirilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərmizin dəvət olunduğu Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndər Heydər Əliyev, milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması kimi dünya azərbaycanlıları qarşısında vəzifələr qoydu. Bunun ardınca da, yəni qurultaydan sonra, daha dəqiq desək, 2002-ci ildə Ulu Öndər “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman imzaladı ki, yenə də məqsəd müxtəlif xarici ölkələrdə yaşayan azərbaycanlılarla koordinasiya olunmuş fəaliyyəti təmin etmək və bu sahədə dövlət siyasətini həyata keçirmək idi. Bu gün cəsarətlə deyə bilərik ki, azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyevdir və dahi rəhbər tərəfindən əsası qoyulan bu ideologiya dünyada yaşayan soydaşlarımız arasında milli birlik və həmrəylik yaratmış, haqq səsimizin dünyaya çatdırılmasında əvəzsiz olmuşdur.

Milli mənsubiyyətindən, harada məskunlaşmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər bir insan üçün azərbaycançılıq, ilk növbədə, möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Azərbaycançılıq ideologiyası məhz buna görə həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək deməkdir. Unutmaq lazım deyil ki, azərbaycançılığın gücü, hər şeydən əvvəl fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanlarından asılıdır. Məhz milli birliyin və həmrəyliyin gücü 44 günlük Vətən müharibəsində özünü göstərdi və qələbəyə nail olmağımızda əsas, həlledici rol oynadı. Qazandığımız qələbə, torpaqlarınızın işğaldan azad edilməsi dünyanın harasında, hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya qürur hissi yaşadır. Ona görə ki, bütün dünya azərbaycanlılarının milli iftixar yeri olan bir Vətəni var və bu, Azərbaycandır.

Vətən sevgisi ilə, torpaqlarımızın bütövlüyü uğrunda birləşən, həmrəylik nümayiş etdirən xalqımız, məhz azərbaycançılıq ideologiyasına sadiq qalaraq, Azərbaycan torpaqlarının işğalına son qoydu. Azərbaycançılıq ideyası, vətən sevgisi bizi birləşdirdi, həmrəyliyimizi təmin etdi və düşmən üzərində qələbəmizə ən qısa zamanda nail olduq, Zəfər qazandıq. Şahidi olduq ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, vətən sevgisi ilə ürəyi döyünən hər bir azərbaycanlının birliyi, azərbaycançılıq ideyası milli maraqlarımızın təmin olunmasına xidmət edir. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan mübarizədə hər bir azərbaycanlının öz töhfəsini vermək istəyi və niyyəti qürurverici məqamdır. Bütün dünya azərbaycanlılarının Azərbaycanın haqq səsinə səs verməsi gücümüzə güc qatdı desək, yanılmarıq. Məhz milli birliyimizin, həmrəyliyimizin, azərbaycançılıq ideyasının təbliği bu baxımdan daim diqqət mərkəzindədir, öz aktuallığını qoruyur və indi hər kəs əvvəlkindən də daha çox əmindir ki, azərbaycançılıq ideyası xalqımızın birliyi, həmrəyliyi, qələbələrimiz və uğurlarımız üçün ən vacib şərtdir.

Müəllif: İnam Hacıyev

6.3.9. Azərbaycançılıq ideyasının təbliği”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə