Babək və Hürrəmi Dövləti: Gizlədilmiş, saxtalaşdırılmış…və yazılmamış tarix - ARAŞDIRMA

Tarixin ilk sosial dövlətinin banisi, bəşər tarixinin ən görkəmli sərkərdələrindən biri adlandırılan Babək və hürrəmiliyin ideoloji bazasında aparılmış möhtəşəm qəhrəmanlıq epoxası haqda bəzi həqiqətlər

“Islam dövrlərində əsərlər yazan ərəb və fars tarixçiləri bəzi hərəkatların mahiyyətini və məqsədini düşünə bilməmişlər. Buna görə də, bu hərəkatlara başçılıq edənləri bədməzhəb, dinsiz, kafir adlandırıb, onların möhtərəm adını, əziz xatirəsini çirkin töhmət və iftiralarla bulamış, məqsədlərini, ideologiyalarını yalan sözlərlə təhrif etmişlər. Belə bir iş Babək Hürrəmi haqqında da görülmüşdür”. Məşhur İran şərqşünası Səid Nəfisi

Tariximizin ləkələnməsinə cəhd edilən şərəfli dövrü

Azərbaycan tarixində ən şərəfli dövrlərdən olan Hürrəmilər Hərəkatı (VIII-IX əsrlər) və hərəkatın nəticəsi olaraq Babəkin başçılığı (816-838) vaxtı yaradılan Hürrəmi dövləti haqda bizə gəlib çatan məlumatların böyük əksəriyyəti ərəb tarixçilərinə məxsusdur. Bu tarixçilər də xəlifə sarayında oturub əsl həqiqəti yaza bilməzdilər. Bu səbəbdən də həmin mənbələrdə Xilafətin mövqeyinə uyğun olmayan məqamların obyektiv şəkildə təqdim olunduğuna heç cür inanmaq olmaz.

Ərəb işğalından sonra Babək və hürrəmilik haqda olan-qalan mənbələr də məhv edilib və məhz bu üzdən indi əlimizdəki mənbələrin çoxu xəlifə sarayının saxtakar tarixçilərinin yazdığı cəfəngiyyatlardır. Bu şəraitdən istifadə edən bəzi qüvvələr uzun zamandan bəridir ki, tarixdə öz möhtəşəm izini qoyan bu hərəkatı, bu hərəkatın bazasında yaranmış Hürrəmi dövlətini və onun başçısını ləkələməyə çalışırlar.

Müasir dövrümüzdə isə bəzi xarici dövlətlərdən dəstəklənən və idarə edilən “araşdırmaçılar” bu missiyanı davam etdirmək üçün fərqli metodlara əl atırlar. Gah hürrəmiliyin təktanrıçılığa zidd olduğunu, gah bu ideologiyanın əxlaqsızlığa söykəndiyini iddia edirlər. Lakin görəndə ki, belə cəfəngiyyatlarla bu xalqın gen yaddaşından Babək sevgisini silə bilməyəcəklər, o zaman başqa taktikaya keçdilər. İndi də Babəkin fars olduğu, Sasani dövlətini ərəblərdən qurtarmaq üçün çalışdığı iddia olunur.

Siyasi islam, təriqətçilik ixrac etməklə məşğul olan dövlətlərin ideoloji institutları isə daha fərqli metodlardan istifadə edirlər. Fanatik dindarlar gerçəkləri inkar etmənin fayda vermədiyini, ortada aşkar faktlar olduğunu anlayandan sonra Babəkin müsəlman olduğunu, xilafətin siyasəti ilə razılaşmadığından mübarizəyə qalxdığını iddia etməyə başladılar.

Bəzi araşdırmaçılar bu yalan iddialarla tarixi mənbələri istədikləri kimi şərh edərək mediada ağlasığmaz məqalələrlə çıxış edirlər. Düşünürük ki, bu biabırçılığa son qoymağın vaxtı gəlib çatıb.

Azərbaycana ərəb təcavüzünün real nəticələri

VII əsrdə Yaxın Şərqdə yeni dinin yaranması yarımvəhşi ərəb qəbilələrinin islam ideologiyası ətrafında Ərəb Xilafətində birləşməsinə gətirib çıxardı. Ərəb-islam dövləti VII əsrin ortalarına yaxın hərbi cəhətdən xeyli güclənmiş və bütün ətraf ölkələri öz hakimiyyəti altına almaq üçün istilaçı və talançı yürüşlərə başlamışdı. Xüsusilə də, əsas hədəf şimal-şərq və şimal-qərb istiqamətində yerləşən məhsuldar və zəngin təbiətli torpaqlar idi.

Orta əsr mənbələrdə qeyd olunur ki, ərəblər işğal etdikləri ərazilərdə öz dinlərini “qeyri-kitab əhli” (?) və ya “kafir” (?) adlandırdıqları yerli əhaliyə qılınc gücünə qəbul etdirməyə çalışır, ən qədim təktanrılı dinin (zərdüştlüyün) ən qədim müqəddəs kitabın- (Avestanın) mənəvi sahibi olan xalqımıza qarşı insanlığa sığmayan hər cür vasitə ilə zor işlədirdilər.

Halbuki, “Zərdüştün müvəhhid və təkallahlı olmasını Əli ibn Əbu Talib (Məhəmməd peyğəmbərin mənəvi varisi və islamın ilk imamlarından biri), ondan sonra Hüzeyfə, Səid ibn-Müsəyib və başqaları qəbul etmişlər” (İsmayıl Şəms, “Avesta”).

Həzrət Əlidən “məcusilər” (zərdüştilər) haqda soruşulduqda isə, o, belə cavab vermişdi: “Məcusilərə toxunmayın, onlara kitab və peyğəmbər göndərilmişdir”.

Azərbaycan xalqının ta qədimdən sülhsevər və humanist olduğunu hətta, ərəb tarixçiləri də etiraf ediblər. İbn ən-Nədim yazır: “Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər”.

Azərbaycan xalqına məxsus qədim məbədlər dağıdılır və ya xristianlara (məs. ermənilərə) peşkəş olunurdu. Bundan əlavə, bütün dini-fəlsəfi, elmi kitablar “Quranda yoxdursa, küfrdür” iddiası ilə yandırılır, qiymətli incəsənət əsərləri Xilafət paytaxtına daşınır, alimlər əsir aparılır, ruhani ustadlar öldürülür, təbii sərvətlər, həmçinin əhalinin mal-mülkü qarət olunurdu.

Görkəmli tarixçi akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərində dövrün tarixçilərinə istinadən yazır: “…Ərəblər yerli əhalini sürətlə müsəlmanlaşdırmaq üçün islamı, ərəb dili və digər adət-ənənələrini qəbul etməyənlərin üzərinə olduqca ağır vergilər qoyurdular. Bu vergidən can qurtarmaq üçün əksər adamlar üzdə özlərini bu şərtləri qəbul edən kimi göstərir, hətta özlərinə ərəb adları götürməyə məcbur olurdular”.

Beləliklə, məlum olur ki, islam dinini əldə bayraq edən ərəblər öz ideologiyalarını yeritmək, maddi sərvətlər əldə etmək, münbit torlaqları işğal etmək üçün bu torpaqlarda yaşayan yüz minlərlə insanı öldürmüş, ölkəmizi xaraba qoymuşlar.

“Böyük mütəfəkkir Mirzə Fətəli Axundov bu prosesi belə ifadə edib: “Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır” (Əsərləri İİ cild. Bakı 1961, səh 137)

Babəkin şəxsiyyəti: lider, hökmdar, sərkərdə…

Bir əsrdən artıq davam edən azadlıq hərəkatının son 22 ilində Babək zəruri atributlara malik qüdrətli dövlət yaratmışdı. Bu dövlətin silahlı qüvvələrə başçılıq edən hərbi komandanlığı, Ali şurası, dövlət xəzinəsi, bayrağı, gerbi, ölkənin əyalətlərində mərkəzə bağlı idarəçilik strukturu, ehtiyat silah və azuqə bazaları və s. atributları olub.

«Babək Hürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və məzdəkiliklə bağlı qayda-qanunların bərpasına can atmışdı»- Akademik Ziya Bünyadov.

Babək Hürrrəmi sadə insanları dövlətin vilayət və şəhərlərinə hakim təyin edir, başqa dövlətlərlə müqavilələr bağlayır və səfir göndərirdi. Azərbaycan paytaxtında- Babəkin Bəzz şəhərindəki sarayında isə, Rum İmperatorluğunun səfiri yaşayırdı.

Babək bəşər tarixində sosial bərabərlik və azadlıq ideyalarının ilk carçısı, özünün hakimiyyəti dövründə bu ideyanı gerçəkləşdirən şəxsiyyət oldu. Məhz bütün xalqın bərabər şəkildə yaşadığı, hər şeyin ümumxalq mülkiyyəti sayıldığı bir cəmiyyət quruluşunu, sosial ədalətə söykənən dövlət sistemini ərəblər anlamadığından “hürrəmilərdə arvadlar da ümumidir” deyə böhtan yazırdılar.

Guya onlar bütün vaxtlarını şən musiqi altında yeyib-içməklə, gülüb-oynamaqla keçirirmişlər. Əbu Müzəffər İsfəraini yazır: "hər iki cinsdən olan babəkilər ildə bir gecə o dağda musiqi və mey məclisinə toplaşıb, pozğun işlər görərdilər". Əslində isə, bu ərəb tarixçisinin dediyi gecə, haqqında yəqin ki, heç bir məlumatı olmadığı xalqımızın Tanrıya həsr olunan ən müqəddəs bayramı- Novruz gecəsidir.

Bu iftiralarla bağlı görkəmli tarixçi, akademik Ziya Bünyadov yazır: «İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil«.

Babəkin missiyası və dünyanın ilk qırmızı bayrağı

Babək sevgisi 12 əsrdir bütün azərbaycanlıların qəlbində yaşayır. Hər il 14 martda- Babək Hürrəminin ad günündə minlərlə azərbaycanlı Bəzz qala şəhərini ziyarət edir, böyük şəxsiyyətimizin əziz xatirəsini yad edirlər. Onun ideyaları xalqın mənəviyyatında özünə əbədi və möhkəm yer tutdu. Babək Hürrəminin qaldırdığı qırmızı bayraq yaddaşlarda yaşadı.

Bu bayrağı qəhrəman Azərbaycan oğulları tarix boyu daha bir neçə dəfə dövlət bayrağı kimi dalğalandırdılar. Bu bayraq Səfəvi İmperiyası dövründə bir daha ucaldıldı, 1908-ci ildə Cənubi Azərbaycan inqilabından sonra yaranan Azərbaycan dövlətinin bayrağı kimi qəbul olundu.

1918-ci ildə yaranmış 1-ci respublikanın ilk bayrağı Babəkin, Hürrəmi dövlətinin bayrağı idi- qırmızı fonda ortada aypara və səkkizguşəli ulduz.

2-ci respublikanın- Azərbaycan Sovet Sosialist Respublikasının da ilk bayrağı belə idi- qırmızı rəngdə, yuxarı sol güncdə aypara və beşguşəli ulduz.

Xalqımızın qəlbində Azərbaycanın tarixi torpaqları üzərində güclü dövlət yaradan, ölkədə siyasi-inzibati və sosial-iqtisadi islahatlar həyata keçirən, 100 minlik ordu yaradaraq 22 il ərzində dünyanın ən güclü imperiyasının 6 böyük ordusunu darmadağın edən böyük şəxsiyyət yaşayır. Bu Babəkdir. Onun azadlıq və milli bərabərlik ideyaları bu günkü Azərbaycan dövlətinin əsas qayəsini təşkil edir. Azərbaycan xalqı öz tarixi kökləri üzərində öz dövlətini yaşadır.

2010-cu il sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli sərkərdə Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Təəssüf ki, 13 il keçsə də, müvafiq dövlət orqanları bunu reallaşdırmayıblar. Yəqin ki, tezlikdə bu sərəncamın tələbi reallaşacaq və bu abidə xalqımızın şərəfli tarixini, böyük şəxsiyyətini ləkələyənlərə ən mükəmməl cavab olacaq.

Elçin Bayramlı

araşdırmaçı-jurnalist

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə