Siyasi partiyalar haqda qanun layihəsi nələri dəyişməyi nəzərdə tutur? - ANALİZ

Xəbər verdiyimiz kimi, bu həftə Milli Məclisdə "Siyasi partiyalar haqqında" qanun layihəsi müzakirə olunub. Layihənin 1-ci oxunuşunda Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli layihəsinin zəruriliyi, onun konseptual baxımdan vacibliyi ilə bağlı bəzi məqamları diqqətə çatdıraraq hazırda qüvvədə olan müvafiq qanunun 30 il əvvəl qəbul edildiyini deyib və Azərbaycanın həmin dövrü ilə indiki dövrü arasında müqayisə apararaq bu müddətdə ölkənin ictimai-siyasi həyatında baş verən köklü dəyişiklikləri xatırladıb. Xüsusən də torpaqlarını işğaldan azad edən qalib Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olduğunu vurğulayan Fəzail İbrahimli bu yeni reallıqların və tələblərin, həmçinin keçən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərin yeni qanunda təsbit olunmasının zərurətindən danışıb.

Fəzail İbrahimli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində dövlət və cəmiyyət həyatında baş verən bu böyük dəyişikliklər prosesinə Milli Məclis qanunvericilik müstəvisində öz töhfəsini verməyə bilməzdi. Beləliklə, parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ediblər. Parlamentin sədri siyasi partiyaların təklifini dəstəkləyib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verib.

Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri tərəfindən qanun layihəsinin hazırlanması prosesi barədə məlumat verib. O, layihə hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib. O, bu məsələ ilə bağlı Milli Məclisin ölkədə fəaliyyət göstərən siyasi partiyalara müraciət etdiyini və 47 siyasi partiyadan 250-dən çox təklifin daxil olduğunu, həmçinin Sosial Tədqiqatlar Mərkəzinin qanun layihəsi ilə bağlı sosial sorğu həyata keçirdiyini diqqətə çatdırıb.

Vitse-spiker bildirib ki, bütün bunlar ümumiləşdiriləndən sonra qanun layihəsi geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Sonra qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə geniş dinləmələr və müzakirələr keçirilib. Aparılan müzakirələrdə səslənən fikirlər, irəli sürülən təkliflər nəzərə alınmaqla, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. O, bildirib ki, sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib.

Sonra qanun layihəsi ilə bağlı çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərindən irəli gəldiyini, dünya təcrübəsində və ölkə qanunvericiliyində baş verən dəyişikliklərlə bağlı olduğunu diqqətə çatdırıb.

Əli Hüseynli qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasını, habelə birləşmək azadlığı hüququnu özündə tam ehtiva etdiyini vurğulayıb. O, komitədə sənədin geniş müzakirə edildiyini, komitənin rəyinin müsbət olduğunu bildirib və belə bir əminlik ifadə edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi qəbul olunduqdan sonra ölkədə siyasi islahatların həyata keçirilməsinə, siyasi sistemin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.

Sonra iclasda parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib. O, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı yeni qanun layihəsinin demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlandığını qeyd edib.

O, bildirib ki, Yeni Azərbaycan Partiyasının yubiley mərasimində Prezident İlham Əliyevin nitqi 30 illik ictimai-siyasi tariximizin xronikası, eləcə də siyasi qüvvələrin yaranması və keçdiyi inkişaf yolunun dolğun şəkildə qiymətləndirilməsi idi. Ölkə rəhbəri yeni dövlət quruculuğunu güclü partiyalar sistemi ilə birgə gördüyünü bəyan edib. Zahid Oruc vurğulayıb ki, Prezidentin çıxışını alqışlarla qarşılayan yüzlərlə məsləkdaşları ilə bərabər, 50-yə qədər partiya rəhbərinin siyasi-ideoloji baxışlarındakı fərqlərə baxmayaraq, yeni qalib siyasi sistemi və yeni milli hədəfləri dövlətlə bir görməsi tarixi hadisə idi. Qeyd olunub ki, ona görə də dövlət idarəçiliyində baş verən yeni institusional dəyişikliklər “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunu zəruri edir.

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunun zəruri edən digər məqamlara da toxunan komitə sədri Azərbaycanın sağlam, rəqabətədavamlı, demokratik, sivil siyasi mübarizə ənənəsini yaratmağa qadir olan siyasi qüvvələrə ehtiyac duyduğunu deyib. Zahid Oruc çıxışında layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlərin aradan qaldırılması, layihəyə yeni müddəaların salınması barədə ətraflı məlumat verib. O, yalnız mənəvi baxımdan deyil, həm də siyasi və hüquqi cəhətdən köhnələn əvvəlki qanunun yenisi ilə əvəz olunmasının siyasi partiyaları yeni keyfiyyət və kəmiyyət mərhələsinə çıxaracağını bildirib.

Qanun layihəsinin müzakirələrində deputatlar Elşən Musayev, Tahir Rzayev, Fəzail Ağamalı, Fazil Mustafa, Azay Quliyev, Azər Badamov, Elman Nəsirov, Razi Nurullayev, Siyavuş Novruzov, Tahir Kərimli, Hikmət Məmmədov çıxış ediblər, sənədlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova işçi qrupuna səslənən fikirləri və təklifləri nəzərdən keçirməyi tapşırıb. Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd etmək lazımdır ki, həqiqətən də dövrün tələbləri siyasi partiyalar haqda qanuna da yenidən baxılmasını və bəzi dəyişikliklər edilməsini özündə ehtiva edir. Hazırda bu sahədə nizamsızlıq, qarışıqlıq hökm sürür və bu da cəmiyyətdə çaşqınlıq yaradır. Belə ki, ölkədə 100-dən çox siyasi partiyanın mövcudluğu elan olunsa da, onların təxminən yarısı qeydiyyatdan keçib. Partiyaların 90 faizi cəmi bir neçə nəfərdən ibarətdir ki, bu da həmin strukturun siyasi partiya kimi təqdim olunmasına imkan vermir.

Yeni qanunun bu sahədə nizam yaradacağına və ölkənin siyasi həyatında canlanma yaradacağına inanılır. Belə ki, 100-dən artıq partiya əvəzinə 5-10 iri partiya olacaq ki, bu da onların seçkilərdə, siyasi mübarizədə daha effektiv fəaliyyət göstərməsinə imkan verəcək. Kiçik partiyalar birləşib iri bir partiyaya çevriə biləcək.

Bundan başqa, dövlətin siyasi partiyalara maliyyə yardımları da artacaq ki, bu da onların özlərinin daha güclü maddi-texniki bazasını yaratmalarına imkan verəcək.

Hər bir halda, siyasi partiyalar əhalinin dəstəyini qazanmalı, seçkilərdə iştirak etməli, öz sıralarında ən azı minlərlə üzvü cəmləməli və ölkənin regionlarında təşkilatları olmalıdır. Bu halda həqiqi siyasi mübarizədən söhbət gedə bilər. Yeni qanun da bunu təmin edəcək səviyyədədir. Hələlik, ancaq 1-ci oxunuşdan keçmiş layihə Milli Məclisdə qəbul olunanadək təkliflər və iradların nəzərə alınması, daha da təkmilləşdirilməsi qanunun daha mükəmməl halda qəbuluna imkan yaradacaq.

Elçin

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə