QİÇS: dünyada və Azərbaycanda vəziyyət - ARAŞDIRMA

Qazanılmış İmmun Çatışmazlığı Sindromu bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabət elminin və şəhiyyənin, o cümlədən də bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problemlərindən hesab edilən bir patologiyadır. Virus mənşəli infeksion xəstəlik olan QİÇS immun sistemin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnir.

Yoluxanların sayı sürətlə artır

Xəstəliyin adı əslində HİV– Human İmmunodeficiency Virus, yəni İİV– İnsan İmmun Çatışmazlığı Virusudur. QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir.

Xəstəlik 1981-ci ildə kaliforniyalı həkim Maykl Hotlib tərəfindən ABŞ-da homoseksuallar arasında aşkar olunub. Rəsmi statistikalaya görə, İİV-lə yaşayan 38,4 milyon insan mövcuddur. BMT-nin müvafiq məruzəsində bildirilir ki, dünya üzrə təxminən 40 milyondan artıq insan bu xəstəlikdən ölüb, bir o qədər də insan dəhşətli xəstəliyin virusunu daşıyır. Dünyada 84 milyona yaxın insanın İİV-ə yoluxduğu ehtimal edilir. Hər il QİÇS-dən 2 milyondan artıq insan ölür.

QİÇS hazırda dünyanın bütün ölkələrində var və sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır. Xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlayıb. Afrikadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılıb.

QİÇS-ə necə yoluxdururlar?

1. Cinsi əlaqə zamanı qoruyuculardan istifadə etmədikdə,

2. Narkomanlar arasında eyni şiprisdən istifadə zamanı

3. Tatuaj zamanı eyni iynə ilə bir neçə nəfər tatu olunduqda

4. QİÇS-li ana uşağını əmizdirdikdə

5. Qan köçürmə zamanı

Bəs İİV hansı yollarla ötürülmür?

• Nəfəslə, öskürmək və asqırmaqla;

• Əl verib görüşmək, qucaqlaşmaq və öpüşməklə;

• İctimai nəqliyyatdan istifadə zamanı;

• Ümumi hovuz, hamam və ayaqyolundan istifadə zamanı;

• Kollektiv idmanla məşğul olduqda;

• Ev və ofis əşyalarından istifadə zamanı;

• Qida və su vasitəsilə;

• Həşəratların sancması ilə.

Azərbaycanda vəziyyət yaxşıdır

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda 8 min nəfərə yaxın İİV-ə yoluxmuş xəstə qeydiyyatdadır. Onların 70% kişi, 30,%-i qadındır.

2019-cu ildə Azərbaycanda insan immunçatışmazlığı virusuna (İİV) yeni yoluxmuş 642 nəfər, 2021-ci ildə isə 505 nəfər qeydə alınıb.

“2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində qeydiyyatda olan bütün xəstələr müvafiq dərman preparatları ilə təmin olunub, əhali arasında bu xəstəliyin profilaktikasına dair geniş maarifləndirmə işi aparılıb. Görülən tədbirlər nəticəsində ölkəmiz insan immunçatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır. Belə ki, 2020-ci ilin göstəricilərinə əsasən, hər 100 min nəfər əhaliyə 5.02 İİV daşıyıcısı var (2019-cu ildə bu göstərici 6.43 olub).

Azərbaycan vətəndaşları arasında 2020-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 13,4%-i, 1987 - 01.04.2020-ci illər ərzində isə aşkar olunan halların 40,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Azərbaycan hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır. Ölkəmizdə İİV-ə yoluxmuş hamilə qadınların 96 faizi antiretrovirus müalicəsinə cəlb olunub. Nəticədə dünya statistikasında virusun anadan uşağa ötürülməsi 5-11 faizdirsə, Azərbaycanda bu göstərici 1,8 faizdir.

Yoluxma halları müxtəlifdir

Ümumiyyətlə, İİV-ə yoluxmaların təxminən 63%-i inyeksion narkotik istifadəsi nəticəsində, 27%-i heteroseksual və homoseksual kontakt nəticəsində baş verir. Bundan başqa, İİV-ə yoluxmuş donorun qanının və orqanlarının transplantasiyası zamanı; İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində; Perinatal yoluxma - İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində baş verə bilər.

Kəskin faza birincili HİV və ya kəskin retroviral sindrom adlandırılır. Yoluxmadan sonra 2–6 həftə ərzində qızdırma, gecə tərləmələri, şişmiş limfa düyünləri, ürək bulanma kimi qripəbənzər simptomlar üzə çıxa bilər.

Kəskin İİV-infeksiyasında simptomların rastgəlmə tezliyi belədir;

-80% qızdırma

-78% yorğunluq

-54% baş ağrısı

-54% iştahsızlıq

-54% artralgiya (oynaq ağrısı)

-51% dəri ekzenteması

-51% gecə tərləməsi

-49% mialgiya (əzələ ağrısı)

-49% ürək bulanma

-46% diareya

-46% qızdırma və ekzentema kombinasiya olaraq

-44% faringit

-37% ağız xorası

-34% boyun tutulması (şişmiş limfa düyünləri səbəbindən ola bilər)

-32% çəki itkisi

24% fotofobiya (işıqdan qorxma)

Bəzi xəstələr yuxarıdakı simptomların fərqinə varmaya bilər və ya bu simptomlar mövcud olmaya bilər. Simptomlar qeyri-spesifikdir. Bu səbəbdən infeksiya üçün risk faktoru göstərən və yuxarıdakı simptomlara sahib şəxslərdə İİV araşdırılmalıdır. Yalnız kəskin faza simptomlarının vasitəsilə İİV-pozitiv diaqnozu qoyula bilməz, İİV-testləri vasitəsilə müəyyənləşdirilməlidir.

İİV-infeksiyasına yoluxma əlamətləri ilk mərhələdə adi soyuqlama, qısa müddətli zökəm, bədən temperaturunun bir neçə gün subfebril olması ilə təzahür olunur və tamamilə keçir.

İlkin klinik əlamətlərə limfa düyünlərinin böyüməsini (limfadenopatiya) spesifik simptom kimi aid etmək olar. Düyünlər ağrısız, elastik, hərəkətli və üzərində dəri örtüyü dəyişməmiş qalır.

Qeyd edilən simptom yoluxmaya şübhə yaradaraq laborator müayinəyə əsas verir.

İİV infeksiyasına yoluxan şəxslər bütün həyatları boyu daimi tibbi yardıma ehtiyacları var. İİV/QİÇS zamanı müalicə və yardımın əsas komponentini antiretrovirus terapiyası (ART) təşkil edir. Bu zaman xəstələrin müalicəyə sadiqlik göstərməsi çox vacibdir. Düzgün seçilmiş ART İİV-ə yoluxan şəxslərin həyat keyfiyyətini və müddətini artırır, opportunist infeksiyaların qarşısının alınması üçün immunitetin kəmiyyət və keyfiyyətcə bərpasına dəstək olur. Aparılan müalicə virus yükünü maksimal dərəcədə aşağı salaraq infeksiyanın digər insanlara ötürülmə riskini azaldır və xəstəliyin proqressivləşməsini maksimum uzun müddətə ləngidilir.

Azərbaycanda İİV-li xəstələrin müayinə və müalicəsi bütün mərhələlərdə pulsuz və könüllüdür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə