Mayın 25-də yazıçı Sabina Nasifin fəlsəfi-poetik dildə yazılmış “Səmada görüş” romanının təqdimat mərasimi keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə “Oyanış zəngi” adlı videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən kitabın müəllifi Sabina Nasifi əsərin insanın daxilinə səyahət hekayəsi olduğunu bildirib. Onun sözlərinə görə, roman oxucuları həyatın zahiri deyil, batini qatlarına doğru aparır. “Əsərin baş qəhrəmanı Səda adlı təyyarə uçuşu zamanı öz ruhunun dərinliklərinə doğru yola çıxır. Əsərin kulminasiya nöqtəsi qəhrəman Sədanın Riyad şəhərində yaşadığı daxili aydınlanma ilə baş verir. Bu, “Ağın qaraya eşqi” metaforası vasitəsilə göstərilir. Həqiqi hüzur və harmoniya yalnız ziddiyyətlərin birliyi ilə mümkündür. İnsan öz içindəki qaranlığı səmimi şəkildə qəbul etmədən, gerçək işığa çata bilmir. Şəhərdə qadınların qara, kişilərin isə ağ rəngli geyimləri ilk baxışda Sədaya sərt bir ənənənin təzahürü kimi görünür. Lakin bu rənglərin qarşıdurması onu yavaş-yavaş dərin düşüncələrə aparır. Səda bu mənzərədə qadın və kişi, ağıl və ruh, qaranlıq və işıq kimi əks qütblər arasında gizlənmiş vəhdəti kəşf edir”,- deyə müəllif əlavə edib.
Psixologiya elmləri doktoru Elxan Bəylərov romanın ruhani qatlarına toxunduğunu deyib: “Əsər insanın daxilindəki gözəlliyin onun zahiri görkəminə sirayət etməsini çox incə şəkildə göstərir. Burada qələmə və yazıya xüsusi yer verilməsi diqqət çəkir. Son vaxtlar mən də qələmlə yazmağa başlamışam və bunun yaradıcı prosesə təsirini hiss edirəm. Qələmlə yazdıqda beynin sağ və sol yarımkürələri arasında bir növ əlaqə yaranır, sanki insan ilham pərisinin müşayiəti ilə yazır. Bu kitabda da qələmlə yazmaq məsələsi xüsusi vurğulanır. Eyni zamanda, əsərdə yer alan “Oyanış zəngi”, “Oyundan çıxış”, “Səhradan səmaya doğru” kimi başlıqlar özünüdərk prosesinin simvolik mərhələlərini əks etdirir. Bu başlıqlar bir növ insanın özünə dönüşünün yol xəritəsidir. Kitab həm dərin məzmunu, həm də struktur baxımından fərqli və düşündürücüdür”.
Filologiya elmləri doktoru Sevil Həsənova söyləyib ki, kitabı vərəqlədikcə gənc yazıçının düşündüklərini aydın və səmimi dillə ifadə edə bilməsini aşkar edib. Bu isə onun intellektual baxışını və müşahidə qabiliyyətini göstərir.
“Əsərdə esse və şeirlərin başlıqları çox zövqlüdür və mövzuya uyğun simvolik məna daşıyır. Kitabda ana ilə bağlı hisslər çox təsirli şəkildə verilib. Ana olmağın insan həyatındakı ali xoşbəxtlik olduğu ideyası dərin emosional təsir bağışlayır. “Kədərin bənövşəyi rəngi” ifadəsi mənə çox incə və duyğulu gəldi. Bu, müəllifin zərif ruh dünyasından xəbər verir. Esselərdən birində günəşin poetik təsviri də ən çox sevdiyim hissələrdəndir. Əsərdə xoşbəxtlik bir an kimi təqdim olunur və insan daim o anı uzatmağa çalışır. Romanın ən güclü məqamlarından biri, baş qəhrəman Sədanın Yaradanla qurduğu daxili dialoqlardır. Bu dialoqlar sanki real söhbət kimi təqdim olunur və oxucunu dərin düşüncələrə çəkir. Zamanla bu dialoqlar suallar, tərəddüdlər, inamsızlıqdan keçərək ruhani aydınlığa yönəlir”, - deyə S.Həsənova əlavə edib.
BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Sevinc Məmmədova kitabın həm məzmun, həm də təqdimat baxımından innovativ yanaşmalarla zəngin olduğunu diqqətə çatdırıb: “Kitabda QR kodlar vasitəsilə müəllifin öz səsi ilə səsləndirdiyi esse və şeirlərə keçidlər təqdim olunub. Bu texnoloji yenilik oxucunu sadəcə mətnlə deyil, eyni zamanda səs və hisslərlə də ünsiyyətə daxil edir. Beləliklə, əsər oxucunu sanki bir musiqili meditasiya səyahətinə çıxarır. Bu yanaşma həm müasir, həm də dərin duyğularla zəngin ədəbi təcrübə yaradır”.
Sonda müəllif oxucular üçün kitabları imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə