Mən həmişə bu gündən sabaha göz dikmişəm,

Amma özüm-özümlə görüşə gecikmişəm.

Qalaq-qalaq işlərim,

Diklərim, enişlərim,

Qələmlə dostluğumdan göyərən vərdişlərim

Məni vuran gah yerə, gah da uçurdu göyə,

Gecikdim ömrüm boyu özümlə görüşməyə.

İztirablar içində yox olsam da varımdan,

Gecikmişəm yaz boyu isti göz yaşlarımdan.

Su verib becərdiyim bəhərimə, barıma,

Gecikmişəm içimdən doğan arzularıma.

Gecikmişəm həyatı həyatımdan ummağa,

Gecikmişəm ən uca, ən müqəddəs hissimin

Başına dolanmağa.

Gecikmişəm, çoxunu əzabıyla bezdirən,

Mənəsə qanad verən

Hər qəmə yox, Allahın sevdiyi bəndəsinə

Pay kimi göndərdiyi o möntəşəm qəmə də.

Gecikmişəm uzaqda mələyən eşqimə də.

Macal da tapmamışam özümlə tək qalmağa,

Özümdən küsdürdüyüm sınıq, qırıq qəlbimi

Bir gün ələ almağa.

Vallah, özüm-özümə çata bilmirəm daha.

Qaç-tutdu oynayırıq, yol uzun, öz-özümü

Tuta bilmirəm daha.

O zaman ki, yorulub çəkilirəm təkliyə,

Taleyimlə barışıb, endirirəm başımı

Amansız gerçəkliyə.

Çəkirəm gündüzümün hesabını hər gecə

Öz-özümlə gizlicə...

Yanlış addımlarımı dərk edincə sonradan

Minbir əzab çəkmişəm.

Dünyaya gəlməkdə də, deyəsən, gecikmişəm...

Bəxtiyar Vahabzadə

Bütün xəbərlər Facebook səhifəmizdə