Dərələyəz Şərurun şimal-şərqində böyük bir el-obanın, dağ silsiləsinin və elə o yurdda həm də bir kəndin adıdır. Şərurda "Ələyəzə gedirəm" dedikdə, elə bilərsən, rayonun bir kəndinə-kəsəyinə gedirlər. Onlar da "Şərilə gedirəm", "Aşağıya gedirəm" dedikdə eyni məhrəm anlayış nəzərdə tutulurdu. Dərələyəz nəinki biz Şərurluların, eləcə də bütün Naxçıvan mahalının yaylağı, bizim torpaqlar da onların qışlağı idi. Bakıya gedən hər bir Dərələyəzli Şərur stansiyasında qatara minərddi...
Şərur və Naxçıvanda "Ələyəz yeli" "Şimal küləyi" deməkdir. "Evi üzü Ələyəzə tikməzlər, evi üzü Qibləyə tikərlər" ifadəsi də Naxçıvanda işlənən sözsür, yəni evin üzünü cənuba tikərlər ki, Ələyəz küləyinin gətirdiyi qar-yağış qapı-pəncərədən evə girməsin ."Bu gün yaman Ələyəz əsir" – yəni "bu gün şimal küləyi əsir" deməkdir və s.
İş elə gətirib ki, mən uşaqlığımdan Ələyəz dağlarını tanımışam. Kəndimiz (Şərur rayonunun Tənənəm kəndi) dağ kəndi olsa da Müharibədən sonra doqquz kəndi həm kolxoz, həm də sovetlik kimi birləşdirən və mərkəzi də Arpaçayının kənarındakı Qarxun kəndi olan Mehdi Hüseynzadə adına kolxozun tərkibində idi. Atam da bu kolxozda müxtəlif vəzifələrdə - sədr müavini, ferma müdiri kimi çalışan vaxtlarda ailəmiz hər il yaylağa köçürdü. Yaylağa – yəni Ələyəzə. Bu köç biz uşaqlar üçün bir toy-bayram idi. Ağ Kənddən yuxarıya – Selimin Gədiyinə tərəf olan dolaylar Şamaxıdan sonra gələn Ağsu aşırımını xatırladır. Selimin Gədiyinin lap yuxarı başında Südlü Bulaqdır və onun da axarında (altındakı yastanda) Şah Abbas Karvansarasıdır (Mən sonralar erməni abidələrinə həsr olunmuş kitabda Şah Abbas Karvansarasının guya hansısa erməni dığasına mənsub olan abidə kimi verilməsini görəndə təəccübümü gizlədə bilmədin. Ən başlıcası isə odur ki, orada – binanın fasadında kənardan açıq-aydın sezilən qondarma bir xaç görünür). Qırxbulaqda, Göl Yurdda, Murad Təpəsində obaya çatmaq üçün maşınlara tardan yol açmaq lazım idi (qarın çox olduğu və Ələyəz küləyinin tirələdiyi qar yığınına bizlərdə "tar" deyirlər). Bu işi böyüklər, yeniyetmələr icra edərdilər. Bizi dağ çaylarındakı daşların arası ilə şütüyən qızıl-ala balıqlar daha çox heyran edərdi. Baba və Baxşəli, İsmayıl və Bəylər qardaşlarının "Qaz-51"-ləri, Bayraməlinin "ZİS"-i köçümüzü daşıyar, Dəvəçi Qulunun dəvələri isə sürülərlə birlikdə yaylağa qalxardı. Köçün marşurutu əvvəlcədən müəyyən edirlər, sürülərin keçəcəyi kəndlərin sovet sədrləri ilə razılaşdırılardı ki, "qəmbərqulu"su çıxmasın. Avtomobil yolu belə idi: Şərurun Ələyəz istiqamətindəki son kəndi Danzikdən yuxarıda Arpa kəndi gəlirdi. Ermənilər özləri də bu kəndə Arpa deyirdilər, amma rəsmiyətdə kəndin adını dəyişib Areni eləmişdilər. Bildiyimə görə, onlar mümkün qədər kənd-kəsəyin adını akustik cəhətdən uyğun formada dəyişirdilər; Əynəziri Ağavnadzor edirdilər, Kotanlıya Karmiraşen deyirlər, İstusuya Cermuk adı verirlər, Çivəyə dəymirlər, Afşarı dəyişmək haqqında düşünmürlər və s.
Son hadisələr – 1988-ci ildən sonra Dərələyəzdən Şərura da köçənlər oldu. Bu zaman əvvəlcədən Şərurun yeni yaranmış Yenikənd, sonra Şəhid Məmməd, indi isə Danyeri adlanan kəndinə də xeyli azərbaycanlı ailə Dərələyəzdən - Ağ-Kənddən, Qovuşuqdan, Ələyəzdən, Qabaxlıdan, Sallıdan, Horsdan, Çivədən, Ko-tanlıdan, Heşindən, Ovbundan Oğbun, və ya Obun), habelə, Zəngibasarın, Vediba-sarın neçə-neçə kəndindən köçüb gəldilər. Onlarla ünsiyyətdən aydın oldu ki, Dərələyəzdə bütün yer, su, qaya, örüş adları (Əlbəttə, mən onları elmi dildə - oronim, hidronim və s. kimi onomastika vahidləri kimi demirəm) azərbaycan dilində olub və ermənilərin təzyiqi nəticəsində bu incanlar doğma od-ocaqlarını tərk etmiş, bu adlar da tarixə qovuşmuşdur. Çox yaxşı ki, Dərələyəzin güclü elmi potensiala malik ziyalıları bu adları yazıya köçürmüş, geniş oxucu auditoriyasına çatdırmışlar. Mən, aşağıda Sallı kəndindən köçüb gəlmiş insanlardan topladığım bir el şair haqqında bəhs edəcəyəm.
Sallılı Şair Rzaqulu
Sallı kəndi Dərələyəzin sayılıb-seçilən kəndlərindən
olub. Allah bilir, indi üzdəniraqlar o gözəl, azar-baxarlı kəndə
nə qurama-donqar bir ad veriblər. Sallı camaatı xeyirxah, xoş-
niyyət, safürəkli, mərdi-mərdana, sözlərini hər məqamda deyə
bilən, eyni zamanda, həm də şeirə, sözə həssas insanlardır. Bu
kənddən xeyli aşıq-şair çıxıb. Bu ədəbi mühit Aşıq Ələsgər mək-
təbinin təsiri altında olub.
Şair Rzaqulu XIX əsrin sonu, XX əsrin əllinci illərinədək bir dövrdə yaşamış və o qədər məşhur olmuşdur ki, 1937-ci il repressiyasından qorxaraq, az qala şairliyini danmışdır. Ancaq adamlar onun şeirlərini diləzbəri etmiş, sozləri bu gün də yaşlı dərələyizlilərin (onlar bədnam qonşularımızın məlum münasibətindən 50-ci illərdən başlayaraq son qarşıdurmaya qədər 1988-1990-cı illər Sallı kəndindən perikmiş, Şərurun kəndlərindən tutmuş, Bərdənin İmirli kəndinə, Səlyan, İmişli rayonunun müxtəlif kəndlərinə, habelə, Bakıya qədər köçüb-getmişlər) yaddaşla-rında, cib dəftərçələrindədir.
Şair Rzaqulunun axar çaya xitabən deyilmiş "Gedirsən" rədifli şeri (bağlaması) onu az qala hökumətdə sorğu-suala aparıb çıxmayacaqmış. Şeirin məzmunu hökumət adamlarına bir "xeyli" siyasi görünürmüş:
Xudam səni bəxş eyləyib cahana,
Söylə görüm, nə iqbala gedirsən.
Adın düşüb dildən-dilə dahana,
Bir hilalsan, bir hilala gedirsən.
Yaranmışlar olub bir sənə tabı,
Nə gecə dincəlir, nə yatır xabı.
Yığılır bir yerə, əldə tənabı,
Cəhd eyləyib qeylü-qala gedirsən.
Hirslənəndə səngi vurursan səngə,
Dönürsən aslana, misli-pələngə.
Hövsələn yatanda çökürsən həngə
Cilovdarnan hər mahala gedirdən.
Şair Rzaqulunun şerləri poetik cəhətdən bitkindir. Aşıq Ələsgər şer üslubu ona hakimdir. Horslu Şair Bayrama yolladığı bağlamada deyilirdi:
... İsrafil nə üstə, suru nə üstə?
Ona şölə verən nuru nə üstə?
Seçilmiş dəstənin piri nə üstə?
Tez xəbər ver, bir, kütahı neçədir?
... inanmırsan cəm eyləyim dəftəri.
Kim oldu kimlərin əziz yavəri?
Məhəmməd dünyaya gələndən bəri
Salavatın bismillahı neçədir?
Mənə barat vermiş Şahların Şahı-
Açılıb sinəmdə sərraf matahı.
İrza deyər, budur sözün kütahı:
Dəryanın təkində mahı neçədi?
Bağlama şairin həqiqətən yetənəkli bir söz ustası olduğuna dəlalət edir. Şair arpa ilə buğdanı elə maraqla "deyişdirir" ki, deyişmə bir az uzun olsa da onu başdan ayağa oxumaq istəyirsən.
Böyük Vətən Müharibəsindən sonra Dərələyizin azərbaycanlı əhalisini zorla köçürməyə başlayırdılar. Taleyin Səlyan rayonunun Qarağac kəndində atdiğı Şair Rzaqulu oradan Dərələyəzdəki əmoğlusuna yazdığı mənzum məktubda halını elə real boylarda əks etdirir ki, heç bir əlavə izaha ehtiyac qalmır:
Bir yanım Arazdı, bir yanım Kürdü,
Gecə-gündüz mən çəkdiyim fikirdi.
Yayı Ərəbistan, qışı Sibirdi,
Heç bilmirəm qaçım hara əmoğlu!
... Üç ay qışı mən girmişəm qəmirə
Xudam hesab eyləməsin ömürə.
İrast gəldik qarağaşdı Temirə
Bunnarı gətirdik zara əmoğlu...
Horslu şair Bayram da təbli olmuşdur.. O da "qabağından yeməyən" sərt təbiətli söz ustası olduğundan şeirləri xalq tərəfindən sevilmişdir. Onu Sallılı Şair Rzaqulu ilə düşmən etmək istəsələr də bu istək baş tutmamış, hər iki şairin qızları bacılıq olmuş, atalarını dostluğa sövq etmişlər. Yekunda hər iki qıza "əmi"ləri tərəfindən şeir həsr olunursa da, hərbə-zorbalar, deyişmələr də yaşadılmış və günümüzə qədər gəlib çıxmışdır.
Dərələyəz ədəbi mühiti ciddi tədqiqatını gözləyir. Vaxtilə klassik aşıqların, həmçinin şairlərinin şerlərini süd əzbər bilən Sallılı İman kişi artıq həyatda yoxdur. Onu tanıyan Əhəd kişi, Rəbbil, Nəriman Musrafayev, Aloş və Baloş qardaşları həmkəndliləri İman kişinin söz xəzinəsi olduğunu təsdiq edirlər. Mərhum İman kişinin Aşıq Ələsgərdən də çoxlu şer bildiyi məlumdur və bir qismi yazıya alınmışdır. Aşıq Ələsgər Göyçədən Şərilə gələndə ilk qonaq düşdüyü yerlrdən biri Sallı imiş. Sallı camaatının Aşıq Ələsgərə bulaq başında qoç kəsib süfrə açdıqları haqqında danışırlar.
Dərələyəz şifahi ədəbi mühitini tədqiq etmək yaxın və uzaq tarixi keçmışimizi yaxşı dərk etməyə qiymətli töhfə olardı.
P.S. Bu yazının bir qismi "Şərur-Dərələyəz şifahi ədəbi mühiti" və "Köçkün şair" adları altında Naxçıvan Dövlət Universitetinin "Elmi Əsərlər"ində (№ 5 1999, № 8 2001) çap olunmuşdur. Şair Rzaqulunun qızı və kürəkəni ilə Şərur rayonunun Şəhid Məmməd kəndində qohumlarıgildə görüşdük, söhbət etdik. Az keçməmiş onların vəfat xəbərini də eşitdik. Onlar isnad verdilər ki, Şair Rzaqulunun şeir boxçası nəvəsi Loğman müəllimdədir. Loğman müəllimi də tapdıq, telefonda bizə dedi ki, "boğça"nı, mənim, yəni bu sətirlərin müəllifinin də APİ-də müəllimi olmuş, məşhur dilçi alim, professor, millət vəkili Həsən Mirzəyevə vermişdir və Həsən müəllim onları özünün tərtib etdiyi kitabda çap etdirmişdir. (Loğman müəllimin dediyinə görə o kitabda bir az qarışıqlıq düşüb...).
Qardaşım, şair və dilçi alim Ələddin Eyvazovla birlikdə Şair Rzaqulunun şeirlərini mən ilk dəfə Sallılı Əhəd əmidən topladım. Sonra Havuş kəndindən olan tələbə yoldaşım, dil-ədəbiyyat müəllimi Həsən Həsənovdan da bir sıra şeirlər yazıb müqayisə etdik. Şəhid Məmməd kəndində yaşayan Aloş və Baloş qardaşlarının cib dəftərçəsində də bi şeirlər qorunur. Bu barədə ilk dəfə bəhs edən isə Vaxtilə BDU-nun tələbəsi olmuş Qulu müəllim (Qulu Kəngərli)dir. O, bu haqda BDU-nun qəzetində yazmışdır.
Sallı və Hors kəndlərindən, Ağ Kənddən, Çivədən, Qavuşuq, Kotanlı, Ələyəz kəndlərindən, habelə DƏRƏLƏYƏZin adını bu yazıda saya gətirmədiyimiz neçə-neçə öğuz elindən çoxlu say-seçmə insanlar yetişmişdir. Bu mühitin kompleks tədqiqi isə milli yaddaşımıza işıq salan bir qeyrət işidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB