Ədəbiyyat tribunası
Ağalar İdrisoğlu. Bu ad və soyad ədəbiyyat aləminə, teatr ictimaiyyətnə və jurnalistika dünyasına çox yaxşı tanışdır. Çünki, artıq ömürün 45 ilindən çoxunu sənətin bu sahələrinə həsr etməklə, o, bu müqəddəs yollarda böyük zəhmət hesabına, keşməkeşli bir ömür sərf etməklə öz adını ədəbiyyat, teatr və jurnalistika sahəsində tarixə yazdırıb. Məhz bu böyük zəhmətin uğurlu nəticəsi olaraq, 2013-cü ilin may ayında Ağalar İdrisoğlu Prezident mükafatına layiq görülüb. 2013-cü ilin iyun ayının 25-də isə əməyi daha yüksək qiymətləndirilib. Milli Teatrımızın 140 illiyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə ona nəhayət ki, Azərbaycan Rsepubliksının Əməkdar İncəsənət Xadimi fəxri adı verilib. Həmkarımızın, uzun illər bizimlə birlikdə "Azad Azərbaycan" qəzetində çalışan dostumuzun belə böyük mükafatlara layiq görülməsi bizi də çox sevindirir.
Yaradıcılığında heç kimi təkrarlamayan, orjinal düşünca tərzinə malik, öz yolunu, öz çığırını yaradan Ağalar İdrisoğlunun keşməkeşli həyat yoluna, yaradıcılıq uğurlarına gəlin birlikdə bir daha nəzər salaq.
1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu (Mehdiyev), Digah səkkizillik və Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbini bitirib. O, ilk ədəbi yaradıcılığına hələ orta məktəbin doqquzuncu sinində oxuyakən başlayıb. Belə ki, onun ilk məqalələri və kiçik həcimli hekayələri 1966-67-ci illərdə Masallıda çıxan "Çağırış" və "Azərbaycan pioneri" qəzetlərində çap olunub. Elə həmin vaxtlardan da həvəskar aktyor kimi Masallı rayon Mədəniyət Evində Şakir Həsənov və Adil Səfərovun yaratdıqları Miniətür Teatrında çıxış etməyə başlayıb.
İki il Rusiyanın Kalinin vilayətinin Boloqoye şəhərinin yaxınlığındakı raket hərbi hissəsində qulluq etdikdən sonra vətənə qayıdan Ağalar İrisoğlunun teatr aləminə böyük marağı ilk arzusu olan jurnalistikanı üstələyib. Teatr institutunda imtahanlar tez başladığından özünün bilik səviyyəsini yoxlamaq məqsədi ilə sənədlərini 1971-ci ildə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İnjəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə verib. Elə həmin ildə SSRİ Xalq artisti Mehdi Məmmədovun kursuna qəbul olub. Birinci kursu bitirəndən sonra təhsilini ilk arzusu olan jurnalistika fakultəsində davam etdirmək istəyib. Amma professor Mehdi Məmmədovun müdrik fikirlərinə qulaq asaraq, sevimli müəlliminin tövsiyyəsi ilə təhsilini teatr sahəsində davam etdirib. 1975-ci ildə o, bu fakültəni bitirəndən sonra təyinatla Şəki Dövlət Dram Teatrına göndərilib. Yeni yaranan teatrda böyük həvəslə işləməyə başlayıb. Yerli həvəskar aktyorlara səhnə danışığından dərsələr keçib. Truppa müdiri kimi, aktyor truppasının formalaşmasında baş rejissor Vaqif Abbasova köməklik etməyə başlayıb.
1976-cı ilin fevral ayından Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olunduğundan və ailə vəziyyəti ilə əlaqədar olaraq, bu şəhərə gələrək, taleyini Sumqayıtla bağlayıb. O, aktyor kimi yaradıcılığa başladığı dövrdən bu günə kimi qırxa yaxın ayrı-ayrı xarakterli rollarda uğurla çıxış edib. Oynadığı rolların çoxu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (indiki Mədəniyyət və Turizm Nazirliyi), Azərbaycan Teatr Xadimləri İttifaqının ( keçmiş Teatr Cəmiyyəti) və başqa təşkilatların pul mükafatlarına, diplomlara layiq görülüb.
Bir an boş dayanmağı xoşlamayan Ağalar İdrisoğlu 1976-cı ildə texniki peşə məktəblərinin tarixində ilk dəfə olaraq, Sumqayıt şəhərindəki 49 nömrəli texniki peşə məktəbində "Ümid" adlı Teatr-Studiya yaradıb. Sonra bu Teatr-Studiya həmin vaxtlar Sumqayıt şəhərində yenicə istifadəyə verilən Oktyabr Mədəniyyət evində ( indiki 28 may) öz fəaliyyətini davam etdirib. Qısa vaxtın içərisində bu Teatr-Studiyada üç yüzə yaxın yeniyetmə həvəskar ayrı-ayrı yaş qruplarında teatr sənətinin, səhnə danışığının, səhnə plastikasının, musiqinin, ədəbiyyatın, jurnalistikanın sirrlərini bu sahələrin mütəxəssisləri olan müəllimlərdən öyrənməyə başlayıblar. Uğurlu çıxışlarına, maraqlı iş metoduna görə bu Teatr-Studiyanın işi respublikada yayılmağa başlayıb. Və bu kollektiv həmin vaxtlar respublikada keçirilən Teatr Festivallarında birinji dərəcəli diplomlara layiq görülüb. 1979-cu ildə Mədəniyyət Nazirliyinin əmri ilə bu kollektiv Xalq Teatrı adına layiq görülüb və Sumqayıt Gənclərinin "Tənqid-Təbliğ" Xalq Teatrı kimi öz işini davam etdirib. Bu kollektivin 1980-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhnəsində oynadıqları Feyruz Məmmədovun "Bir bayraq altında" teatrlaşdırılmış tamaşası Qızıl medala layiq görülüb. Bu tamaşanın rejissoru kimi Ağalar İdrisoğlu da Qızıl medalla təltif olunub. O, H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında akytor işləməklə yanaşı, yüksək təşkilatçılıq bacarığı və rejissor istedadı olduğuna görə, 1985-ci ilə kimi bu kollektivə də rəhbərlik edib. Həmin vaxta qədər repertuarında Ağalar İdrisoğlunun quruluşunda iyirmidən çox tamaşa olan Sumqayıt Gənclərinin Xalq Teatrı hər həftənin dörd günü Sumqayıt tamaşaçılarının qarşısında özlərinin maraqlı tamaşaları ilə çıxış ediblər. Sumqayıtd Dövlət Dram Teatrı ilə rəqabətə girərək, bilet sataraq pullu tamaşalar oynayıblar. Bu kollektiv öz işini təkjə tamaşalar oynamaqla bitirməyib, həm də şəhərin bütün mədəni-kütləvi tədbirlərində maraqla çıxışlar ediblər. Həmin vaxtlar Sumqayıtda hazırlanan demək olar bütün mədəni-kütləvi tədbirlərin də həm ssenari müəllifi və həm də quruluşçu rejissoru Ağalar İdrisoğlu olub. Bu gün Azərbayjan peşəkar teatrında və incəsənətin ayrı-ayrı sahələrində, ədəbiyyat aləmində, jurnalistikada həmin kollektivin - Ağalar İdrisoğlunun çoxlu yetirmələri çalışır. Onlardan on nəfərindən çoxlu hətta fəxri adlara da layiq görülüblər.
Bu illərdə o, ali rejissorluq təhsili almağı da unutmayıb. 1981-1986-cı illərdə Moskva şəhərindəki A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakultəsini bitrib. Beş il müddətində o vaxtlar Sovetlər Birliyinin, Avropanın ədəbiyyat və injəsənət sahəsində beşiyi sayılan Moskva şəhərində böyük sənət təcrübəsi toplayıb. Bu gün də həmin təcrübəni öz işində tətbiq edir.
1985-ci ildə Azərbayjan Mədəniyyət Nazirliyinin təyinatı ilə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə göndərilən Ağalar İdrisoğlu ilk gündən böyük yaradıcılıq həvəs ilə işə başlayıb. Bu teatrda quruluş verdiyi ilk tamaşalar Məhərrəm Əlizadənin "İlk qurban", Loğman Rəşidzadənin "Toya bir gün qalmış", Eduard Bobrovun "Vicdanla üz-üzə" ( tərcümə edəni Zakir Abbas) tamaşaları təkcə Ağdam teatrsevərlərinin yox, həm də Bakı şəhərindən Ağdama gələn teatr mütəxəssislərinin, ziyalıların böyük marağına səbəb olub. Bu tamaşalardan sonra onun Nobel mükafatı laureatı Alber Kamyunun "Qismət" ( tərcümə edəni Vaqif Əlixanlı) psixoloji dramına quruluş verməsi təkcə Azərbaycan teatrsevərlərini yox, həm də Moskva teatr mütəxəssislərini çox maraqlandırıb. Moskvadan tanınmış beş teatr mütəxəssisi məhz bu tamaşaya baxmaqçün həmin vaxt Ağdama gəliblər. Bu tamaşaya baxandan sonra səhnə əsərinin rejissor yozumu və aktyor oyunu onların xoşuna gəlib. Bu haqda Ümumittifaq mətbuatında maraqlı ressenziyalar çap etdiriblər. Məlum olub ki, "Qismət" pyesinə keçmiş Sovetlər İttifaqında məhz ilk dəfə olaraq Ağalar İdrisoğlu Ağdam teatrında quruluş verib.
Bu teatrda hazırladığı tamaşalara biri-birindən maraqlı, professional quruluş verdiyinə və aktyorlarla yüksək pedaqoji formada işlədiyinə, onların yaradıcılıq potensialını üzə çıxardığına, öz sənətlərinə böyük maraq yaratdığına görə Ağdam rayon paritya komitəsinin birinci katibi, dəyərli ziyalı, ədəbiyyata, inəsənətə böyük qiymət verən Sadıq Nəbi oğlu Murtuzayevin tövsiyyəsi ilə onu qısa vaxtda teatrın baş rejissoru və direktoru vəzifələrinə təyin ediblər. O, 1989-cu ilin yanvar ayına qədər bu vəzifələrdə çalışıb və üç il dörd ay müddətində Ağdam Dövlət Dram Teatrında biri-birindən maraqlı 16 tamaşaya quruluş verib.
1989-cu ilin yanvar ayından Sumqayıt şəhər partiya komitəsinin birinci katibi, dəyərli ziyalı, Sumqayıt şəhərinin qurucularından biri olan Zülfü Salah oğlu Hacıyevin çox böyük istəyi və Mədəniyyət Nazirliyinin göndərişi ilə Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub. Bir il yarımdan sonra isə seçki yolu ilə bu teatrın direktoru və bədii rəhbəri vəzifələrinə seçilib. Həmişə özünün maraqlı ideyaları, təşkilatçılığı, orijinal düşünjə tərzi ilə seçilən Ağalar İdrisoğlu 1991-ci ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının, Musiqili-Dram Teatrına çevrilməsi ideyasını verib. Onun bu ideyası da şəhər rəhbərliyi, Mədəniyyət Nazirliyi tərəfindən yaxşı qarşılanıb və teatra Nazirlər Kabinetinin əmri ilə əlavə 80 ştat verilib. Bu, Sumqayıt şəhərinin və respublikanın teatr həyatında böyük hadisəyə çevrildi. Yeri gəlmişkən həm də onu qeyd edər ki, bu teatrda ilk musiqili tamaşa olan Üzeyir Hajıbəyovun "Arşın mal alan" operettasına da orcinal quruluşu məhz Ağalar İdrisoğlu özü verdi. Bu tamaşanın ilk premyerası 1992-ci ilin 16 aprel tarixində böyük uğurla keçib. Respublika mətuatı həmin vaxtlar bu tamaşaya çoxlu ressenziyalar həsr edib. Azərbaycan televiziyası bu tamaşa ilə bağlı maraqlı proqram hazırlayıb.
Onun rəhbərlik etdiyi teatrlar rəngarəng repertuarına, professional quruluşlarına, tərtibatına, maraqlı aktyor truppasına, aktyorların rollardakı yüksək peşəkar oyunlarına, oynadıqları əsərlərdə roldan-rola püxtələşməsinə görə, mütəxəssislər və tamaşaçılar tərəfindən həmişə yüksək qiymətləndirilib və dövrü mətbuatda bu haqda çox yazılıb. Rəhbərlik etdiyi kollektivlər məhz onun təkilatçılığı və təşəbbüsu ilə Moskvada, Qazaxıstanda, Şimali Osetiyada, Gürcüstanda, Dağıstanda və başqa respublikalarda festivallarda, qastrollarda böyük uğurla çıxış ediblər. Respublikamıza çoxlu mükafatlar, diplomlar gətiriblər.
Bir insan ömrünə bəs etməyən bütün bu işlər azmış ki, o, 1991 və 1996-cı illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyyətinin üzvü və katibi seçilib. 1992-ci ildə onun təşəbbüsü ilə Azərbayjan Teatr Xadimləri İttifaqı Sumqayıt Bölgə şöbəsi yaradılıb. Ağalar İdrisoğlu seçki yolu ilə bu şöbənin də sədri seçilib. Həmin illərdə başda Azərbaycan Teatr Xadimləri İttifaqının prezidenti, xalq artisti Həsənağa Turabov olmaqla, İttifaqın işlərinin qurulmasında, inkişafında, respublika və beynəlxaq səviyyəli, formalı, ayrı-ayrı canrlı festivalların keçirilməsində idarə heyyətinin üzvü və katib kimi əlindən gələni edib Ağalar İdrisoğlu. Onun təklif etdiyi maraqlı ideyalar katiblikdə qəbul olunub və həvəslə tətbiq edilərək, reallaşıb.
Ağalar İdrisoğlunun quruluşçu recissoru olduğu Cəlil Məmmədquluzadənin "Kamança", Vasili Şukşinin "Diribaş adamlar", Camal Yusifzadənin "Səhər qatarı", Rafiq Səməndərin "Dəyişmə", Nəcəf bəy Vəzirovun "Ağa Kərim xan Ərdəbilli", Alber Kamyunun "Qismət", Anarın "Zəncir", Gəfər Cabbarlının "Oqtay Eloğlu", Eduard Babrovun "Vicdanla üz-üzə", Georqi Jaqarovun "Prokuror", Loğman Rəşidzadənin "Toya bir gün qalmış", Georqi Xuqayevin "Qocaların məhəbbəti" və "Varlı ev", Feyruz Məmmədovun "Anasının gül balası", Aleksandr İvaşenkonun "Uşağa bir üç yazın", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Zəlimxan Yaqubun "Aşıq Ələsgər", Ağalar Mirzənin "Məlikməmmədin yeni sərgüzəştləri", Əbdürrəhim bəy Haqverdiyev və Can Keverin "Ağa Məhəmməd şah Qacar", özünün yazdığı "Həyatın astanasında", "Şah İsmayıl", "Sabir Rüstəmxanlının portret cizgiləri" və "İnan mənə", Akif Həsənoğlunun "Yanmış evin nağılı", "Dünyaxanım ev axtarır", Zeydulla Ağayevin "Haray", İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər", Aleksandr Suxovo-Kobılinin "Tarelikinin ölümü", Hidayətin "Məhəbbət yaşayır hələ", Vaqif Əlixanlının "Əcəl atı", Feruz Mustafanın "Pələg ili", Panço Pançevin "Dörd əkizin nağılı" və başqa tamaşaları teatr mütəxəssisləri tərəfindən çox yüksək qiymətləndirilib. Dəfələrlə dövrü mətbuatda bu tamaşalar haqqında biri-birindən maraqlı ressenziyalar çap olunub. Bu tamaşaların bir neçəsi Respublika televiziyası ilə çəkilərək, qızıl fonda salınıb və gələcək nəsillər üçün saxlanılıb. Quruluş verdiyi tamaşaların çoxu mükafatlara, diplomlara layiq görülüb. Onun quruluşunda "Yanmış evin nağılı" (müəllifi A.Həsənoğlu) tamaşası Qarabağ savaşına, erməni işğalçılarının törətdiyi faciələrə həsr olunan respublikada ilk professional teatr tamaşasıdır. Bu tamaşaya görə Ağalar İdrisoğlu Osman Mirzəyev adına mükafata layiq görülüb. Özünün müəllif və quruluşçu rejissor olduğu, milli iftixarımız, dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr etdiyi "Şah İsmayıl" tarixi faciəsi "Qızıl Dərviş" respublika mükafatına, Eduard Bobrovun "Vijdanla üz-üzə", Alber Kamyunun "Qismət" və Georgi Xuqayevin "Varlı ev" tamaşaları isə respublikada ilin ən yaxşı tamaşaları kimi Azərbaycan Mədəniyyət Nazirliyinin və ayrı-ayrı təşkilatların birinci dərəcəli mükafatlarına layiq görülüb. Bu tamaşaların da hər biri geniş ictimaiyyət, teatr tamaşaçıları tərəfindən maraqla baxılan tamaşalar olublar.
Baxmayaraq ki, onun rəhbərlik etdiyi teatr həmin vaxtlar məmləkətimizin ən aparıcı teatrlarından olub, amma 1997-ci ildə ona qarşı olan haqsızlığa, düşmənçiliyə dözməyərək, Ağalar İdrisoğlu ərizə verərək bədii rəhbəri və direktoru işlədiyi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrından işdən çıxıb və Dağıstana işləməyə gedib. Üç il Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr truppasına rəhbərlik edən Ağalar İdrisoğlu bu kollektivlə Dağıstan Respublikasında 100-dən artıq tamaşalar göstərməklə, iki respublika arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində böyük işlər görüb. Həm də bu tarixi günlərə həsr olunan "Sərhədsiz dünyamız" adlı kitab yazıb. O vaxtlar Dağıstanda keçmiş Azərbaycan Dövlət Dram Teatrını bərpa etmək müşkülə düşmüşdü. Yenə də Ağalar İdrisoğlunun orjinal fikri qələbə çaldı. Onun maraqlı ideyası və təklifi Dərbənd ziyalılarının xoşuna gəldi.
Beləliklə, Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yenidən yaranmasında əsas ideya müəlliflərindən, təşəbbüskarlardan və təşkilatçılardan biri də o, oldu. (Seyid Qurbanov, Hüseynbala Hüseynov, Məhəmməd Qurbanov və Ağalar İdrisoğlu.) Dağıstan Azərbaycan ziyalılarının da arzusu bu idi ki, yeni yaranan teatra məhz Ağalar İdrisoğlu özü rəhbərlik eləsin. Amma bu teatra rəhbərlik etməkdə ona Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən çoxlu maneələr yaradıldı. Özünə qarşı bütün bu haqsızlıqları görən Ağalar İdrisoğlu yenidən Azərbaycana qayıtmağa məcbur oldu.
2001-ci ilin fevral ayından Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rejissor kimi işə başlayan Ağalar İdrisoğlu özünün yazdığı "İnan mənə" dramatik faciəsinə bu teatrda quruluş verməklə əmək fəaliyyətini davam etdirib. Sonra Zeydulla Ağayevin yazdığı "Haray" pyesinə quruluş verib. Bu tamaşa yüksək dramaturji materialına və professional, maraqlı quruluşuna görə respublika teatr aləmində faşizm yzərində qələbənin 60 illiyinə həsr olunan tamaşa kimi böyük marağa səbəb olaraq, mütəxəssislər, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Vaqif Əlixanlının "Baş daşları ilə söhbət" monotamaşası ( aktrisa Qəmər Məmmədovanın ifasında) rejissor kimi ona yeni uğurlar gətirib. Onun Dövlət Gənclər Teatrında quruluş verdiyi İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşası da özünün orijinal quruluşu və aktyor oyunu ilə tamaşaçıların, teatr mütəxəssislərinin böyük marağına səbəb olub. 2008-ci ilin aprel ayında ilk premyerası olan, Aleksandr Suxovo-Kobılinin "Tarelkinin ölümü" (tərcümə edəni İnqilab Kərimov) tamaşası Ağalar İdrisoğlu tərəfindən yüksək peşəkarlıqla və orijinal yozumla hazırlandığına görə, təkcə tələbkar tamaşaçıların yox, həm də teatr mütəxəssislərin xoşuna gəlib. Hidayətin "Məhəbbət yaşayır hələ" tamaşası maraqlı rejissor işinə və peşəkar aktyor oyununa görə, onun bu teatrda son rejissor işi olub.
Belə ki, 2009-cu ildə Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdiyinə görə o, quruluşçu rejissor kimi artıq öz işini bu sənət ojağnda davam etdirir. 2011-ci ilin fevral ayının 25-də ilk premyerası olan Vaqif Əlixanlının "Əcəl atı" tamaşası onun bu teatrda ilk rejissor işidir. Tamaşa xalqımızın yaralı yeri olan Qarabağ müharibəsinə həsr olunub. Xalqımızı milli birliyə və döyüşə səsləyən ən maraqlı səhnə əsəridir. 2012-ci ilin dekabr ayının 7-də premyerası olan Feruz Mustafanın "Pələng ili" onun maraqlı, orijinal quruluşunda tamaşaçılara göstərilən ikinci səhnə əsəridir. Ağalar İdrisoğlunun bu teatrda quruluş verdiyi Panço Pançevin "Dörd əkizin nağılı" tamaşasının ilk premyerası 2013-cü ilin mart ayının 10-da Milli Teatrın 140 illiyi günündə olub. Bu tamaşa teatrın rəhbərliyi və bədii şura tərəfindən teatr aləmində bir sensasiya kimi qarşılanıb. Bu gün də tamaşaçıların maraqla baxdığı səhnə əsəridir.
2005-ci ilin mart ayında o, "Avropa Nəşr və Mətbu" evinin müəyyənləşdirdiyi müsabiqədə "İlin ən yaxşı vətənpərvər yazıçı-rejissoru" kimi diplom və qızıl medalla təlitif olunub.
Beləliklə, qırx beş ildən çox teatr aləmində çalışan Ağalar İdrisoğlu, yüzdən çox tamaşalara quruluş verməklə Azərbayjan teatr tarixinə özünün adını maraqlı və öz dəsti-xətti olan bir rejissor kimi, yazıb.
Uzun illər Azərbayanın ayrı-ayrı teatrlarına rəhbərlik edən Ağalar İdrisoğlu, siyasi arenada liderlərdən biri kimi görünməsə də, siyasəti hoqqabazlığa, şantaca çevirənləri, rüşvəti, inhisarçılığı, nadanlığı, təmiz insanların haqqının tapdalanmasını özünün bədii, publisist əsərlərində və quruluş verdiyi tamaşalarda ifşa edib, onları kəskin tənqid atəşinə tutub.
Ağalar İdrisoğlu həyatını aktyorluq, rejissorluq işləri ilə bitmiş hesab etməyib. Adını daşıdığı qardaşını yaşatmaqçün və daxilində bulaq kimi qaynayan bədii yaradıcılığını da mərhum qardaşı Ağanın arzularını çin etmək məqsədi ilə davam etdirib. O, qırx beş ildən çoxdur ki, nasir, dramaturq, publisist, jurnalist kimi yaradıcılığını davam etdirir. Belə ki, yuxarıda yazdığım kimi, onun ilk məqalələri, oçerkləri, kiçik hekayələrə 1966-67-ci illərdən Masallı rayonunun "Çağırış" və respublika səviyyəli "Azərbaycan pioneri" qəzetlərində çap olunub.
47-48 il böyük bir insan ömrü olmaqla, acılı-şirinli, yuxusuz gecələr keçirməklə, düşmənlərilə mübarizə apararaq, öz Mənini sübut etmək məqsədi ilə o, "Həyatın astanasında", "İnan mənə", "Qonaq", "Məhkəmədən əvvəl məhkəmə", "Şah İsmayıl", "Çarəsiz oyun", "İmam Şamil", "Öz qanunları olan şəhər", "Bir gecənin əhvalatı", "Günahsız qurban" və başqa pyeslərin, "Kəfənini geymiş qoca", "Vicdan mühakiməsi", "Ulu Tanrı və ağ gəni əhvalatı", "Bura vətəndir", "Səhnədə keçən ömür yolları", "Teatr sənətinin aşiqi" və başqa povestlərinin, "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı", "Mümkün olmayanı, mümkün eləyən kişi" ("Ömrün akkordları") , "Şahidin şahidləri, şəhidləri", "Qaranlığı yaran işıq", "Bir alim ömrünün səlnaməsi", "Sərhədsiz dünyamız" sənədli, publisist romanların, əllidən artıq hekayənin, essenin, elegiyanın, novellanın, pritçanın, beş yüzdən çox pulisist məqalələrin, elmi yazıların və ressenziyaların müəllifidir. Pyesləri Ağdam, Mingəçevir, Sumqayıt, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Dövlət Gənclər Teatrında və keçmiş Sovetlər İttifaqının bir neçə Teatr–Studiyalarında tamaşaya qoyulub. Bu haqda söz düşəndə o, belə deyir:
- Mənim bəddi yaradıcılığım, 1944-cü ildə ajından anamın qucağında dünyasını dəyişən Ağa adlı qardaşımın adı ilə bağlıdır. Çünki valideyinlərim lap erkən yaşlarımdan mənə təlqin eləyiblər ki, "onun adını sənə ona görə qoymuşuq ki, onu da yaşatmalısan". Mən də onu bəddi yaradıcılığımla yaşadıram.
Bədii yaradıcılığı dövründə bir sıra müsabiqələrdə iştirak edən Ağalar İdrisoğlunun 1982-ci ildə "Həyatın astanasında" pyesi respublika müsabiqəsinin qalibi olaraq birinci dərəcəli mükafata layiq görülüb. 1985-ci ildə "İnan mənə" pyesi Moskvada keçirilən Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsində 48 pyesin içərisində ən yaxşı üç pyesdən biri kimi laureat olub və diploma, pul mükafatına layiq görülüb.
"Şah İsmayıl" pyesi 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Ən yaxşı pyeslər" müsabiqəsində 34 pyesin içərisində ikinci dərəcəli mükafata və diploma layiq görülüb. Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib. Onun "İnan mənə", "Ən xoşbəxt gün", "Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca", "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı", "Qaranlığı yaran işıq" (Maarif Teymurla birlikdə), "Dünya Azərbaycanlıları" (müştərək), "Bir alim ömrünün salnaməsi", "Vicdan mühakiməsi", "Dözə bilmədi" (Sadıq Murtuzayevə birlikdə) adlı kitabları və on beşdən artıq topluda isə hekayələri, pyesləri, tərcümə etdiyi pyeslər çap olunub. O, tərcüməçi kimi də çox işlər görüb. Dünya xalqlarının on pyesini dilimizə tərcümə edib. Bu pyeslərin də bir neçəsi ayrı-ayrı Dövlət Teatrlarında tamaşaya qoyulub. (Vasili Şukşinin "Oyunbazlar", Georgi Xuqayevin "Qocaların məhəbbəti", "Varlı ev", Slovomir Mrocekin "Polis" və başqaları.)
2013-cü ildə Azərbayan Respublikası Prezidentin sərəncamı ilə yazıçı kimi, Prezident mükafatına layiq görülüb.
O, uzun illərdir ki, bizimlə əməkdaşlıq etməklə, bu çətin yolu bizimlə birgə addımlayır və "Azad Azərbayjan" qəzetinin ədəbiyyat, mədəniyyət, incəsənət, elm, təhsil şöbəsinin müdiri vəzifəsində işləyir. Onun biri-birindən maraqlı ressenziyları, məqalələri, portret yazıları bizim qəzetimizin və başqa qəzetlərin, sayıtların səhifələrində mütəmadi çap olunur və oxucuların sevə-sevə oxuduğu yazılar kimi dəyərləndirilir. Ömrünün qırx beş ilindən çoxunu ilk sevdiyi sənət olan jurnalistikaya həsr edən Ağalar İdrisoğlu beş yüzdən çox məqalələrin, ressenziyaların, oçerklərin, publisist yazıların, portrert cizgilərinin müəllifi olmaqla, indi də tez-tez respublikamızda keçirilən tədbirlərdə iştirak edir və bugünki ictimai həyatımızda böyük rol oynayır. Cavan jurnalistlərə özünün təcrübəsini öyrətməkdən və məsləhətlər verməkdən qürür duyur.
Yaradıcılıq işlərdə həmişə birinci olmağı xoşlayan Ağalar İdrisoğlu, məmləkətimizdə ilk Özəl Teatr-studiyanın yaradıcısı, özündə dörd sahəni birləşdirən ilk professional teatr rejissoru, yazıçı, dramaturq və jurnalistdir. Azərbaycandan ilk dəfə onun "İnan mənə" pyesi Ümumittifaq müsabiqəsinin qalibi olub.
Doğulduğu Masallı rayonunun, yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu və Moskvada, Dövlət Teatr Sənəti İnstitutunda təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və ilk Əməkdar İncəsənət Xadimidir.
Gənc dramaturq kimi ilk dəfə Azərbaycanı Riqada, Minskdə, Ukraynada, Maldovada və başqa şəhərlərdə keçirilən yaradıcılıq seminarlarında məhz o, təmsil edib.
Ağdam və Sumqayıt Dövlət Teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər-direktor işləyib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı olub. Teatra əlavə 80 şatat verilib.
Azərbaycanda uzun müddət ilk bədii rəhbər-direktor işləyən teatr mütəxəssislərindən biridir.
Şabran rayon Mədəniyyət və Turizm İdarəsi nəzdində "Şabran" Teatr-Studiyası məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə yaradılıb. İlk tamaşa olan, özünün yazdığı "Vətən ağrıları, Vətən dərdləri" tamaşasına da Ağalar İdrisoğlu özü quruluş verib.
Azərbaycan teatrları içərisində məhz ilk dəfə onun rəhbərlik etdiyi teatr (H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı) Qazağıstanın Cambul, Çimkənd vilayətlərində, Gürcüstanın Qabal, Telavi rayonlarında, Vladiqafqazda və bütövlükdə Dağıstan Respublikasında qastrol səfərlərində olub.
Azərbaycan peşəkar teatr səhnəsinə dünyanın tanınmış dramaturqlarından Nobel mükafatları laureatları Alber Kamyunun, Slavomir Mrocekin, Georgi Caqarovun, dramaturqlar Aleksandr Vasilyeviç Suxovo-Kobılinin, Vasili Şukşinin, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Kirill Obalenskinin, Leonid Cuxovitskinin, Aleksandr İvaşenkonun və bir neçə müasir Azərbaycan dramaturqlarının pyeslərinin ilk gəlişi məhz Ağalar İdrisoğlunun adlı ilə bağlıdır.
Yuxarıda yazıldığımız kimi, o, qırxdan artıq tamaşada biri-birindən maraqlı rollar oynayıb. Yüzdən artıq tamaşaya isə quruluş verib. 5 romanın, 10 povestin, 20 pyesin, 50-dən artıq hekayənin, novellanın, essenin, elegiyanın, pritçanın və 500-dən artıq publisist yazıların, ressenziyaların, oçerklərin müəllifidir. Bu tamaşalar və bədii əsərləri haqqında da dövrü mətbuatda biri-birindən maraqlı ressenziyalar yazılıb. Həm də bu tamaşalar tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Bədii əsərləri, publisist yazıları, ressenziyaları, məqalələri isə oxucuların sevə-sevə oxuduğu əsərlər, yazılardir.
Ağalar İdrisoğlu (Mehdiyev) ədəbiyyat və incəsənət sahəsindəki böyük xidmətlərinə görə, 2013-cü ildə Azərbayjan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar İnəsənət Xadimi fəxri adına layiq görülüb.
O, Azərbayjan Yazıçılar Birliyinin, Azərbayjan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Söhbət əsnasında o, öz ürək sözlərini belə dedi:
- 50 ilə yaxındır ki, məşğul olduğum çətin peşələr olan jurnalistika, ədəbiyyat və incjəsənət sahəsindəki xidmətlərimin belə yüksək qiymətləndirilməsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə, onun müavini Ədalət Vəliyevə və Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar müəllimə özümün dərin təşəkkürümü bildirirəm. Çünki prezident mükafatı və fəxri ad almağımda bu insanların əməyi yüksəkdi. Doğrudur. İllərlə gördüyüm uğurlu işlərə görə fəxri adı və prezident mükafatını çoxdan almalı idi. Amma mane olanlar çox olub… Həyatdır da… Axı mən hər adamın xoşuna gələ bilmərəm. Amma axır ki, haqq öz yerini tapdı.
Ədəbiyyat, incəsənət və jurnalistikaya qədəm qoyduğum ilk günlərdən çalışmışam ki, xaqımın ədəbiyyatı, incəsənəti və jurnalistikası yolunda əlimdən gələni eləyim. Özümü dərk elədiyim vaxtdan Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə bacardığım kimi qulluq eləmişəm. Amalım həmişə xalqımızın milli birliyi, vətəndaş həmrəyliyi uğrunda mubarizə aparmaq olub. Mənim qəti fikrim belədi ki, biz yalnız bu müqəddəs yolla, milli birliklə məmləkətimizi dünya ölkələri sırasında ən öndə gedən ölkələrdən biri eləyə bilərik. Çünki atalarımız da deyib ki, "birlikdən qüvvət doğar. Birlik olmayan yerdə dirilik olmaz".
Dahi Əfzələddin Xaqani də deyir:
- İstəsən güzgü tək saf olsun ürək,
Sinədən on şeyi atasan gərək.
Haram, qiybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk.
Azərbaycanın müstəqilliyini görmək bu torpağın övladı olan bir ziyalı kimi mənə də nəsib olub. Bu müstəqilliyi qorumaq da biz ziyalıların ən ümdə vəzifəsi və müqəddəs borcu olmalıdır. Çünki vətəninin müstəqilliyini sevməyən və vətənə təmənnasız qulluq eləməyəni heç kimi sevməz.
Kim necə fikirləşir-fikirləşsin. Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, müasir Azərbaycanın yaradıcısı, memarı, qurucusu Heydər Əliyevin ideyalarının, uzaqgörən siyəsətinin bu gün İlham Əliyev tərəfində uğurla davam etdirilməsini mən alqışlayıram. Bu ideyaya, siyasətə də məmləkətimizin çiçəklənməsi və inkişaf eləməsi üçün həmişə xidmət eləməyə hazıram. Böyük dahilər deyib ki, "əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdi. Əgər ağlın varsa, qızıla, nüfuza, yalan vədlərə aldanma. Qoy sənə rəhbərlik edən yalnız təmiz vicdanın olsun. Ən çətin iş özünü dərk eləmək, xalqına xidmət eləmək, ən asan iş isə başqalarına məsləhət verməkdi". İndi də məsləhət verənlərin sayı çoxalıb…Təəssüf ki, lar çoxalıb…
Hacı Tofiq SEYİDZADƏ,
Jurnalist-publisist, Türkiyə Akademiyasının fəxri professoru
Ağalar İdrisoğlunun bədii əsərlərindən seçmələr
ANAMIN NAĞILI
(Hekayə)
Uşaq yaşlarımda anam mənə çoxlu nağıl danışıb. Lap çox... Onun danışdığı nağılları dəfələrlə eşitsəm də, hər dəfə sakitcə oturub, maraqla qulaq asardım. Çünki anam bu nağılları elə maraqla danışardı ki, elə bil özü də bu nağılların iştirakçısı olmuşdu. Elə bil bu hadisələr onun öz başına gəlmişdi... Amma nağıllardan birıni danışanda, neyçünsə həmişə ala gözləri dolar, gözəl, ağ siması qaralar və bir müddət harasa uzaqlara baxıb, bu bayatını deyərdi:
Əzizinəm hər aylar,
Hər ulduzlar, hər aylar.
Balası ölmüş analar
"Bala" deyib haraylar...
Sonra da anam mənim balaca, totuq əlimdən tutar, həyətimizin günbatan tərəfindəki qara, böyük daşın yanına gətirərdi. O, bu qara daşa qəmli-qəmli baxıb, səssizcə ağlayardı. Mən də anamın ağladığını görəndə, gözlərimin yaşı yanağımdan sinəmə axardı. Əziz adamını itirmiş kimi ağlayardım. Uşaq ağlımla, düşüncəmlə başa düşürdüm ki, bu qara daş nə isə müqəddəs bir daşdı. Və bu qara daşın altında kimsə yatır. Bu, kiminsə, əziz bir adamın qəbridi. Ancaq kimin? Başa düşə bilmirdim. O nağıl yaddaşıma elə hopmuşdu ki, illər keçəndən sonra anamın söylədiyi nağılların çoxunu unutdum; təkcə o nağıldan başqa. O nağıl mənim həyat yolum, həyat çırağım oldu. O nağıl mənim ali məqsədim, əsas ideyamın daşıyıcısına çevrildi. O nağıl məni həmişə mübarizəyə, haqqı müdafiə eləməyə səslədi. Davalara, müharibələrə, günahsız insan qanı tökənlərə nifrət bəsləməyi öyrətdi. İnsanların haqqını müdafiə eləməkçün məni hüquqşünas elədi o nağıl. Haqqa tapınmağı, həmişə haqqın tərəfində olmağı mənim daxilimdə tərbiyə elədi. Bəlkə də elə o nağıl məni yazıçı elədi...
Anam həmin nağılı belə söyləyirdi:
- Oğul balam, noğul balam, şəkər balam, gül balam. Biri vardı, biri yoxdu. Allahdan savayı yer üzündə çoxlu insanlar vardı. Bu insanların içərisində Məhəmməd adlı bir ata, Sona adlı bir ana və onların da, bax, sənin kimi bapbalaja, sənin kimi totuq-motuq bir oğlu vardı. Adı sənin adın kimi Murad idi. Bu balaca oğlan murada, muraza çatdırmışdı həm atasını, həm də anasını. Onların sevincləri, arzuları, istəkləri yer, göy qədər idi. Nələr arzu eləmirdilər Muradın atası, anası...
Bu vaxt yerlə göy bir-birinə qovuşdu. Göyün üzünü qara buludlar örtdü. İnsanların oxşamaları, ağıları, yalvarışları, göz yaşları yerdən göyə ujaldı. Bir matəm bürüdü bu məmləkəti, bu eli, bu obanı. Dedilər ki, dava başlayıb. Dedilər ki, kişilər torpağı, Vətəni, anaları, uşaqları qorumaqçün gərək davaya getsinlər. Yoxsa faşist adlanan yağı düşmən gəlib torpaqlarımızı torba ilə daşıyacaq. Bizi yurd-yuvamızdan didərgin salıb, özü də gəlib burada ağalıq eləyəcək. Yurd-yuvamıza sahib çıxıb deyəjək ki, bu yerlər elə əzəldən mənim dədə-babamın olub. Mənim əcdadımın sümükləri var bu torpaqda. Siz bu yerlərə gəlməsiz. Siz bu yerlərə yadsız... Bütün bunları özündə götür-qoy eləyən Məhəmməd ata da dava paltarını geyinib, əlinə silah götürüb getdi Vətəni, torpağı, arvadını, oğlunu, elini, obasını qorumağa...
Ana tək qaldı. Bircə körpəsi ilə. Ana tək qaldı öz cavan ömrü, taleyi ilə. Əynindəki hələ də rəngi solmayan toy paltarı ilə. Bu paltarını çıxarıb qara paltar geyindi ana. Qara yaylıq bağladı. Qara geyindirdi bircə Murad balasını da. Bə nə?... Axı Vətən darda idi. Yağı düşmən bu yerlərə jan atırdı. Yağı düşmən qana susamışdı. Belə vaxtda ağ, ya da güllü paltar geyinə bilməzdi ana. Belə vaxtda şən mahnı oxuya bilməzdi Sona. Belə vaxtda toylar, çal-çağırlar olmazdı. Allah bağışlamazdı belə işləri, belə günahları. Yoxsa günlərini daha qara gətirərdi bu məmləkətin. Yağı düşmənə daha çox güc-qüvvət verərdi. Qarı düşmən də sədləri, bənd-bərəni aşıb bu yerlərə gəlib çıxardı. Bunu həmin məmləkətin insanları bildiyindən hamı qara geyinmişdi. Hamı səfərbər olmuşdu. Hamı bir olmuşdu. Hamı kini, küdurəti, vəzifə, nəsil, tayfa davasını bir yana atıb, yumruq kimi birləşmişdi. Qocası da, qarısı da, cavanı da, uşağı da təkcə bir şey fikirləşirdi: "Vətən torpağını yadellilərdən təmizləmək. Nəyin bahasına olursa-olsun, yadların tapdağında qalmamaq. Köçkünlük, didərginlik ömrü yaşamamaq. Gedib kimlərinsə qoltuğuna sığınmamaq"...
Bu dərd azmış kimi Ulu Yaradan aclıq imtahanına da çəkdi bu məmləkəti, bu milləti. Həmin il çox quraqlıq oldu. Taxıl bitmədi. Çörək olmadı. Təndirlər qalanmadı. Tabaqlar boşaldı...
Acından ananın da qarnı belinə yapışdı. Üç gün qucağındakı oğlu Murad "çörək", "yemək" deyib ağladı, zarıdı... Dördüncü günü dörd yaşındaca gözlərini əbədi yumdu Murad. Beləcə uşaq yaşında acından zarıya-zarıya köçdü bu dünyadan Məhəmməd atanın, Sona ananın bircə gül balası. Yaşamağa heyi, taqəti qalmayan anaya Ulu Tanrı tərəfindən güc, qüvvət gəldi. O, "bala" deyib, zülüm-zülüm ağladı. Qıyha çəkdi. Balası gözlərinin qarşısında öldürülən yalquzaq tək haray qopartdı... Sifətində dırnaqları ilə şırımlar, yaralar açdı Sona. Ağ bənizi al qana boyanda ananın... Amma balasını geri qaytara bilmədi. Qurtara bilmədi onu ölümün pəncəsindən. Əzrayılın əlindən. Həmin gün səhərə kimi qucağında balasının meyidi zarıdı, oxşama dedi Sona ana... Səhəri gün qar basmış yeri, torpağı zərif əlləri ilə, barmaqlarıyla diddi, qəbir qazdı ana öz balasına. Öz ciyarparəsinə...
Oğlunu torpağa tapşıran gün, ana özü də sağalmaz dərdə düşdü. Sağalmaz bir xəstəlik tapdı Sona ananı; ürək getmə xəstəliyi... Beləcə qəbrin yanında ürəyi getdi Sona ananın. Onu, ərləri Böyük Vətən Müharibəsindəki qanlı-qadalı davada olan qadınlar birtəhər evə gətirdilər. Üç gün ölü kimi yatdı Sona ana. Elə bildilər ölüb. Cavan bir ailəyə belə zülüm verdiyinə, Murad kimi gül balaya, Sona kimi qənirsiz gözələ qıydığına görə yamanladılar Əzrayılı. Əzrayılın cildinə girmiş, günahsız insanların qanına susamış yağı düşməni… Dördüncü gün Sona ayıldı. Oğlunu soruşdu. "Ölüb" dedilər. İnanmadı ana bu sözə. "Murad hey!.. Ay Murad… Ömrüm-günüm Murad…", - deyə çağırdı, haray qorardı, ucadan səslədi körpəsini Sona ana. Murad hay vermədi. Muradın səsi gəlmədi... Murad bir daha görünmədi. Amma Muradın ruhu tez-tez ananın röyalarına gəldi. Ana hövlnak yuxudan ayıldı. Körpəsini yanında görmədi. Yenə də ürəyi getdi. Səsi, qışqırığı, harayı həyət-bacanı götürdü. Səsinə, harayına qonşular tökülüşdü. Əllərini ovuşdurdular, alnına su vurdular Sona ananın. Min cür əzab-əziyyətlə ürək keçməsindən ayıltdılar onu...
… Həmin ilin baharında dava qurtardı. Yağı düşməni öz evinə qədər qovdu igid əsgərlərimiz. Düşmən məcbur oldu ki, təslim olsun. Məcbur oldu ki, özünün cinayətkar, qəsbkar olduğunu boynuna alsın. Bir daha günahsız qanlar tökməyəcəyinə, anaları, ərləri övladsız, övladları atasız, anasız qoymayacağına, başqa məmləkətə soxulmayajağına söz verdi, and içdi düşmən. Bizim igid əsgərlərdən aman dilədi. Hətta təslim sənədlərinə, daha bundan sonra başqa millətlərin torraqlarını zəbt etməyəcəkləri, işğalçılıq siyasəti aparmayacaqları ilə bağlı sənədlərə imza atıb, möhür də vurdular…
Bu vaxt Məhəmməd ata sapsağlam, amma saçları ağappaq ağarmış vəziyyətdə davadan qayıtdı. Beş ilə elə bil o, otuz il qocalmışdı. Evdə xəstə yatan arvadı Sonanı gördü. Oğlu Muradı soruşdu. Qonşular, " Murad acından ölüb", - dedilər. Həyətin günbatan tərəfindəki Muradın qəbrini ona göstərdilər. Oğlunun ölüm xəbəri sarsıtdı onu. Beş illik davada yüzlərlə ölüm, qan, qada, dəhşətli hadisələr, məhrumiyyətlər görən Məhəmməd heç belə sarsılmamışdı…
Lakin tez də özünü ələ aldı. Çünki davanın qan-qadası mətinləşdirmiş və bir qədər soyuqqanlı eləmişdi onu. O, hardansa böyük, qara daş tapıb, gətirib həmin yerə qoydu.
Məhəmmədin gəlişi ilə Sonanın da gözlərinə işıq gəldi. Məhəmmədin nəvazişini, ona diqqətini, qayğısını görən Sona, ərini özünə arxa-dayaq bilib, "kəfənini" cırdı. Ayağa durdu. Yaşamağa həvəsi, istəyi artdı. Ürəyində, beynində yeni arzular, ümidlər, istəklər çiçək açdı...
...Yenidən həyat qaynadı. Qələbə çalmış insanların yaşamağa, qurub-yaratmağa inamı, ümidi artdı. Axı, "inam, ümid həyatın sərmayəsidi", -deyib atalar. Yağı düşmənin uçurub dağıtdığı, tari-mar elədiyi yolları, evləri, kəndləri, şəhərləri təmir elədi, yenisini tikdi insanlar. Haqq-ədalət onlar tərəfində olduğundan ulu Tanrı bu insanlara çox böyük güc-qüvvət, var-dövlət verdi. Atalar, analar dünyaya yeni övladlar gətirdilər. Məhəmməd ata ilə Sona ana da yenidən övlad istəyinə düşdülər. Düz on ildən sonra böyük Yaradan onlara yenidən bir oğul payı verdi. Bu oğlanın da adını Murad qoydular; ilk Muradın qırılmış həyatını yaşaması üçün. İlk Muradın çata bilmədiyi muradlara ikinci Muradın çatmasıyçün. Dünyaya gələn bu körpə Murad da öz gəlişilə unutdurdu Məhəmmədə, Sonaya dörd yaşında dünyasını dəyişən oğul dərdini, oğul itkisini, oğul dağını. Qardaşının adını daşıyan Murad, onların bütün ümidlərini, istəklərini, arzularını doğrultdu... Əsl oğul, Vətən, torpaq, millət qeyrəti çəkən kişi oldu Murad...
... İllər keçdi. Mən anamın nağılları ilə böyüdüm. Və günlərin bir günü bildim ki, anamın danışdığı bu qəmli əhvalat nağıl yox, əsl həqiqət imiş. Bu həqiqət də, bu tarixçə də başqasının yox, elə mənim öz atamın, anamın və dörd yaşında ikən anamın qujağında dava vaxtı ajından ölən, indisə mən adını daşıdığım nakam qardaşımın başına gəlib bu faciə. Bu qəmli əhvalat...
Mən də atamın, anamın istəyi ilə iki ali məktəb qurtarmışam. Qardaşımın adından yazıb-yaradıram. Öz adımdan isə beynəlxalq səviyyəli hüquqşünas olmaqla, haqqı müdafiə eləyirəm. Və bu yolda var qüvvəmlə vuruşuram ki, yer kürəsi qazan kimi qaynamasın, davaların kökü kəsilsin. Qaçqınlar, köçkünlər, didərginlər olmasın. Uşaqlar atasız, anasız, kimsəsiz qalıb acından ölməsinlər. Həmişə sülh, əmin-amanlıq olsun yer üzündə. Heyif ki, hələ də öz istəyimə çata bilmirəm. Çünki Yer kürəsini yenə də qan çanağı olan nadürüstlər, nakəslər, bədxahlar başına götürüb...
Artıq hər tərəfində od püskürən, qanlar tökülən planetimizdə bu günahsız qanları axıdan qəsbkarları, cinayətkarları, qaniçənləri gördükdə, ucadan bağırmaq, onların yaxasından tutub qışqırmaq, bu vəhşilərə anamın nağılını danışmaq istəyirəm. İstəyirəm ki, onlara deyəm:
-- Ey adını insan qoyan vəhşilər, qaniçənlər, qəddarlar, qəsbkarlar, atasından bixəbərlər, insanlıq adına ləkə olanlar! Əzrayılın dəyirmanına su tökənlər! Məgər sizi ana doğmayıb? Məgər siz analarınızın nağıllarını eşitməyibsiz?.. Məgər, haqsızlığa etiraz eləyən analarınızın gözündə yaş görməyibsiz? Axı belə getsə, ərlərini, övladlarını, yaxınlarını itirən anaların göz yaşları gec-tez selə-suya dönəcək. Və bu sellər, sular da yer kürəsini məhv eləyəcək. Yer kürəsini sel, su basacaq. Anaların göz yaşına görə də ulu Tanrı sizi qarğıyacaq. Qarğıyacaq ki, niyə siz o göz yaşlarını görmürsüz. Və böyük Yaradan Yer kürəsini tar-mar eləyəcək. Axı, zaman-zaman bu Yer planeti bizim kimi adamlarla dolub-boşalıb. Yəqin ki, onlar da bizim kimi davalar, qırğınlar törətdiklərinə görə, bu yerin, göyün sahibi onları məhv eləyib. Yer planeti selə-suya qərq olub. Sonra böyük Tanrı elə möcüzələr yaradıb ki, sellər, sular çəkilib. Yeni canlılar yaradıb. Və ümid edib ki, yeni yaratdığım bu adamlar öz sələflərinin bəd, pis əməllərini yəqin ki, davam etdirməzlər. Lakin əfsus... Sədd heyif ki, Yaradan da zaman-zaman öz inamında yanılıb. Artıq o, indi yenə də bu planeti dağıdıb, yenisini yaratmaq barədə fikirləşir…
Çünki hər gün təbiətdə baş verən fəlakətlər, tufanlar, qasırğalar, zəlzələlər, sunamilər artıq bundan xəbər verir... Barı bir anlıq siz də öz analarınızı fikirləşin… Bu gözəl planetimizin gələcəyini, onun qoynunda böyük arzularla, əməllərlə yaşayan insanları, fidan körpələri, heç olmasa öz övladlarınızın gələcək taleyini, aqibətini düşünün! Düşünün!.. Hələ ki, gec deyil… Onu da bilin ki, müharibə vəhşiliyin pik nöqtəsi, insanlığın sonu deməkdi.
Bakı şəhəri
May-iyun 1972-ci il
Bəzi əlavələr 2010-cu ilin may ayında olub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB