(Hekayə)
Dünəndən qərarlaşdırmışam ki, bu istirahət gününü dincələcək, iş, məişət qayğılarından mümkün qədər uzaq olacağam. Fikrimi axşamdan evdəkilərə də bildirmiş, xahiş etmişəm ki, işin içindən iş çıxarıb saqqızımı oğurlamasın, planımı pozmasınlar. Səhər tezdən həyətə düşüb əlimlə əkib boya-başa çatdırdığım ağacların arası ilə var-gəl edir, fikrimdə dağı arana, aranı dağa daşıyıram. Payızın son ayı olsa da, qışın nəfəsi hiss olunur. Buludlu payız səhərində sazaq qılınc kimi kəsir, günəşdən imdad diləyən saralmış yarpaqlar budaqlardan qoparaq isinmək üçün torpağın qoynuna tələsir. Çox keçmir ki, canımı titrətmə bürüyür, gəzintiyə ara verib evə dönürəm. Elektrik qızdırıcısı qoşulmuş zalda, divanın üstündə mürgüləyən nəvəmin yanında yerimi rahatlayıram. İmkan düşəndə maraqla izlədiyim "Ovqat" verilişi təzə başlanıb. Televizor adəti üzrə şəbəkəyə qoşulub. Pultu götürüb düyməsini basıram. Ekran açılmır. Evdəkilərə səslənirəm ki, televizorun azarı nədir ki, işləmir?
Uşaqların anası cavab verməyə macal tapmamış nəvəm Tural məsafədən idarəetmə dəstəyini əlimdən alır və: - Baba indi düzəldərəm, hara baxmaq istəyirsən? – deyə soruşur.
- Hələ bir televizor işləsin, ekran açılsın. "Ovqat"a baxmaq istəyirəm, - cavabını verirəm.
- Buyur, baba, hazırdır. Bu da istədiyin kanal. Əvvəl bu düyməni basmaq lazım idi, sonra da bu birisini, - deyib mənə televizoru işlətmək qaydalarını izah edir. Gülürəm, həm də ürəyimdən bir fəxarət hissi keçir. Dördüncü sinifdə oxuyan nəvəmdən öyrənirəm. Necə də gözəldir. Necə də gözəldir!…
Yan otaqdan bizə baş çəkməyə gəlmiş qızımın səsi gəlir:
- Tural, babanı incitmə, bura gəl.
Tural: - Ana, babam televizoru qoşa bilmirdi, mən işə saldım. Necə işə salmağı da öyrətdim, - deyə lovğalanır.
Müğənni qız şirin, ürəyəyatımlı səslə gözəl bir el mahnısını ifa edir. Canı yanmış həqiqətən də yaxşı oxuyur. Görək qonaq kimdir? Kaş söz adamı, ruh adamı ola. Arzum ürəyimdə qalır. Bu gün siyasətçi dəvət ediblər. Siyasətçi hara, "Ovqat" hara? Nə isə, bugünkü "Ovqat" da belə getdi!
Anasının çağırışını qulaqardına vuran Tural verilişə könülsüz baxdığımı hiss edib icazəmlə zövqünə uyğun kanal axtarır, yəqin ki, türk kanallarından birini seçəcək. Atamın adını qoyduğum oğul nəvəm Nəcəf də gözlərini ova-ova zala daxil olur, adəti üzrə yanağını öpdürür və dizimin üstündə yerini rahatlayaraq bibisi oğluna qoşulur. Bir-birlərinə aman vermirlər, hərə yaşına uyğun veriliş axtarır. Nəhayət Nəcəf Turala güzəştə gedir, barmaqlarını ovuşdura ovuşdura:
- Baba, bəs kompyuter işi nə olacaq, gəzmək məsələsi nə vaxta qaldı? Baba, axı söz vermişdin, - deyə dizimə sarılır. Cavab vermirəm və nəvazişlə başını sığallayıram.
Nəcəf gələn il məktəbə gedəcək. Bu ildən tanış müəllim yanına göndəririk ki, yazmağı öyrənsin. Bir neçə gün əvvəl Zaur onu müəllimin yanından gətirəndə dil boğaza qoymadan israr edir ki, sən zəngin düyməsini sıx və kənara çəkil. Qapını açan kimi səni yox, məni görsünlər. İnansınlar ki, müəllim yanına tək gedib-gələ bilərəm. Sənin də işin azalsın və mənə görə vaxt itirməyəsən.
Anası Nəcəfi səsləyir: - Babanı incitmə, axı baban axşam dedi ki, bu gün gəzmək olmayacaq. Çıx yuxarıdan dəsmalı gətir mənə!
Nəcəf mızıldana-mızıldana cavab verir: - Gedə bilmərəm, yorulmuşam, ayağım ağrıyır. Qoy Tural gedib gətirsin.
Ay Allah, bəhanəyə bax. Bu uşaq hara gedib ki, yorula, yaxud ayağı ağrıya?
Turalın qardaşı Nicat və evimizin sonbeşiyi Bəhruz da bunlara qoşulur. Hər ağızdan bir avaz gəlir. Nə mənim bunları yanımdan qovmağa ürəyim gəlir, nə də bunlar arada-bir üzünü gördükləri babalarından əl çəkmək istəmirlər.
- Baba, atamla telefonla danışdım. Bilirsən, orada – Çində nə bişirib yeyirlər? – deyə Nicat sual dolu gözlərini mənə zilləyir.
Uşağı birtəhər yola vermək istəyir, cavab verirəm ki: - Nicat, atan evdən apardığı yeməklərdən yeyər, oradakılardan yeməz, narahat olma.
Düşünürəm ki, bizim uşaqlığımız hara, bunlarınki hara? Yaşlarından çox qabağa getməyiblər ki? Körpə Bəhruz gözünün içindən gülür, gülüşü ilə ürəyimi aparır. Dili ilə deyə bilmədiklərini gözləri ilə deyir: - Mənə get deyə bilməzsən, səninlə qalıram, burada, sən olan yerdə.
Uşaqların əhatəsindən çıxıb pəncərənin qabağına gəlir, arxa həyətə baxıram. Günəş buludların arasından çıxıb nuru yerə səpələsə də, havada içəridən səsini eşitdiyim yüngül bir payız küləyi var idi. Xəyallarım məni ağuşuna alır, uzaq uşaqlıq illərimə, uşaqlığımın bir qış gününə aparır. Onda mən də dördüncü sinifdə oxuyurdum və on bir yaşım var idi. Həmin gün də bazar günü idi, çünki mən məktəbə getməmişdim.
O il qışın üzü insafsız adamların üzü kimi dönmüş, dekabrdan yağan qar əriməyə macal tapmamış yanvarda da üst-üstə dekabr qarının üstünə qar qalanmış, yollar, cığırlar buz bağlamışdı. Qara çayın güneyində, Semaqonu yaylağı və Oğlan qalası ilə qabaq-qənşər yerləşən kəndimiz bu qış doğurdan da üşüyürdü: Həmin il yay quraqlıq keşmiş, camaat qış üçün kifayət qədər odun, yanacaq tədarük etsə də, özləri üçün bol ruzi, heyvan-qaraya kifayət qədər ot-ələf toplaya bilməmişdilər. Dağ yerlərində yaşayış və güzəranla bağlı bir çox şeyin təbiətdən asılı olması dağ yerlərində doğulub boya-başa çatanlara yaxşı məlumdur. Yaz, yay quraqlıq keçdimi, ya silsilə yağışlar uzun müddət davam etdimi, kəndlinin güzəranı yarı-yarıya bu başdan tənəzzülə uğrayır. Kəndimizin və ətraf kəndlərin quraq keçən yaz-yayını, güzəranın çətinə düşməsindən üşüyən bir neçə qışını görmüşəm. Güzəran yaxşı keçməsə, dolanışıqda bolluq olmasa, od-ocaq adam qızdırarmı? Əlbəttə, yox!
Bütün dağ kəndlərində olduğu kimi, həmin qış səhərində biz də erkən oyanmış, hərəmiz gücümüzün müqabilində bir işin qulpundan yapışmışıq. Atam peçi qalamış, palıd yarmaçalarla doldurulmuş peç pul kimi qızarmış, gum-gum gumbuldayırdı. Anam inəkləri sağıb südü süzmüş, otağın tən ortasında qurulmuş peçin üstündə səhər yeməyimizə çörək qızdırır, sıyıq hazırlayırdı. Çox keçmədi ki, yeməyimiz hazır oldu. Anam yerdən sərilmiş xalçanın üstündə süfrə saldı. Mən, qardaşım və üç bacım (biri təzə-təzə dil açırdı) valideynlərimizlə bərabər bardaş quraraq səhər yeməyinə oturduq. Oturacağımız yerlər isə evimizin mizanlarına görə əvvəldən bəlli idi. Anam yaşca bizdən kiçik olan bacılarımı yedirir, südlü sıyığın soyuduqca üz bağlayan qaymağından qaşıqlayıb mənim və qardaşımın qabına qoyurdu.
Səhər yeməyini yeyə-yeyə atam tapşırıqlarını verməyə başladı. Yaşca məndən kiçik olan qardaşıma: - Sən mal-qaranı suvarıb, yemləyərsən. Cığırla Səməd bulağına, ya da Kolata apararsan ki, çeşmədən su içsinlər. Göldə suvarma ha, heyvanların içini don vurar, - tapşırığını verdi. Səhər tezdən bu işləri özü görmüş, axşam yenə də bizə usburd olmadan bu işlərlə özü məşğul olacaqdı. Anam və bacılarım özlərinə aid işlərlə məşğul olacaqdılar. Bir də analara, qadınlara nə tapşırıq? Evin, ocağın min əziyyəti, qayğısı onların çiynində deyilmi?
Atam mənə sarı dönüb onsuz da dünəndən ucundan-qulağından bildiyim tapşırığını elan etdi: - Əminə demişəm, onların da atını götürüb öz atımıza yan çidar edərək Əngəxərana, Mərdangilə gedirsən. Mərdana xəbər göndərmişəm. Mal-qaranın yemi azalıb, elə görünür ki, qış uzanacaq. Mərdanın yemi çoxdur. Bir az da geçsə verməyə ağrınar. İki yük ot alıb gətirirsən. Çalış atları əməlli-başlı yüklətdir...
Mərdan əmi xalamın əridir və bilirəm ki, öz mal-qarasının yemi azalsa belə, imkanı özündən, olmasa qonum-qonşudan dərz-dərz yığıb məni əliboş geri qaytarmayacaq.
Qardaşıma verdiyi tapşırıqdan anladım ki, atam bu gün evdə olmayacaq. Soruşmağa lüzum yox idi, yəqin ki, kəndimizin üç kilometrliyində yerləşən qonşu kənddəki kolxoz idarəsinə gedəcəkdi. Adəti üzrə atam idarəyə kəsə yolla, piyadaların, miniklə yalnız usta at minicilərinin keçə bildiyi sərt sıldırım ortasını yalayaraq keçdiyi dar cığırla gedəcəkdi. O cığırla ki, bizə sərf etdiyindən o, işə, işlərinin dalınca, mən və qardaşım da məktəbə yay-qış bu cığırla gedib-gələrdik. Qarda, şaxtalı günlərdə cığırın eni bir ayaq izi qədər daralar, küləkli günlərdə, xüsusilə germic əsəndə cığır büsbütün itərdi. Amma yenə yolumuzu dəyişməz, ayağımızın altında qumqarışıq qar, fəhmlə, heç bir çətinlik çəkmədən uzaq yolumuzu yaxın edərdik. Atam təqaüdə çıxana, biz də məktəbi qurtarana qədər bu cığırdan istifadə etdik. Çətinə düşməyimiz, sürüşüb yıxılmağımız yadıma gəlmir.
Atam qabaqda, mən də arxasınca evdən həyətə çıxdıq. Qış günəşi qarı par-par parıldatsa da, hava çox soyuq idi. Kiçik çilədən on gün qalsa da, çilə çiləliyində, boz üzünü göstərməkdə idi. Atam dəmirçi Murtuza keçən həftə nallatdırdığı kəhər atı evin tinindəki tövlədən həyətə çəkdi. Yüyənini təndirəsərin payasına keçirib yəhəri atın belinə basdı, təngini bərkiddi, sonra köhnə palazı iki qat edib yəhərin üstünə sərdi və kanbağı ilə atın belinə sarıdı. Səliqə ilə dəstələdiyi on iki qucaqlıq sicimi də atın tərkinə bağladı. Üzünü mənə çevirib: - Atdan arxayın ol, nə büdrəyər, nə də səni yolda saxlamaz. Görsən çətinə düşübsən, yüyəni başına dola, başın burax, quyruğundan yapış. Gətirib səni evə çıxaracaq. Əmingilin də atı hazır olar. Ondan da ehtiyyat eləmə, bir az tənbəl olsa da, möhkəm atdır. Yubanma, tez yola düş. Gecikmə, çalış hava qaralmamış qayıda biləsən, - deyə işinin dalınca yollandı.
Atam cığırı keçib təpəni o üzə aşandan sonra mən evə döndüm. Qonaq otağına keçdim. Kəllələri nikkeli, hələ mən dünyaya gəlməmişdən alınmış, köhnə evimizdən təzə evimizə köçmüş çarpayının altındakı kardon yeşiyi dartıb çıxartdım. Yeşiyi açıb atamın burada saxladığı təklülə tüfəngi və içində beş-altı dolu giliz olan qatarı götürüb, yeşiyi təzədən yerinə itələdim. Qatarı belimə bağlayaraq tüfəngi lüləsi yerə dəyməsin deyə boynumdan asdım. Çölə çıxdım. Bu müddətdə anam da özünə aid olan hazırlıq işlərini başa çatdırmış, xurcunu sovqatla doldurmuş, xalamgilə göndərmək üçün hazır vəziyyətdə saxlamışdı. Başqa vaxtlar əlimdə tüfəng görəndə haldan-hala düşən anam məni beli patrondaşlı, çiyni tüfəngli görəndə duruxsa da bir söz demədi. İkimiz də həyətə düşdük. Anam xurcunu atın tərkinə, sicimin üstünə qoyub möhkəm-möhkəm bağladı. O da tapşırığını verdi: - Xurcun açılmaz, ağzını tikmişəm, eləcə də xalana çatdırarsan. Deyərsən ki, səni tez yola salsınlar. Amanın günüdür, qaranlığa qalma.
Əmimgilin evinə tərəfinə baxıram. Həyətləri aydın görünür. Bu evi tikilmiş də "yox" sözü bilmir ki... Bəhanə gətirib atı verməsəydi tək atla gedərdim. Mənə bir az asan olardı. Odur, atı hazırlayıb. Məndən yaş yarım kiçik oğlu at yedəyində, yolun ağzında məni gözləyir. Atın yüyənini payadan çıxarıb həyətin yola sarı olan səmtinə çəkir, sol ayağımı üzəngiyə qoyaraq quş çevikliyi ilə yəhərə sıçrayıram. Dalımca su səpən anamla sağollaşıb yola düşürəm. İndiyə qədər məni beli qatarlı, çiyni tüfəngli görməyən anamın çöhrəsində nigarançılıqla yanaşı, qürur nişanələrini də oxuyuram.
Əmimgilin evinə çatıb yerə düşmədən atın yüyənini oğlunun əlindən alıb yan tərəfdən mindiyim atın yəhərinə bağlayıramKənddən çıxıb Gədik yolu ilə Əngəxərana doğru çapıram. Çiynimdə tüfəng olduğundan, özümü dünyanın bəxtəvəri hesab edirəm. On dəqiqədən sonra Gədiyin hamarına çatdım. Buradan gedəcəyim kəndə iki yol var. Bir qədər aşağı enəndən sonra xarabalıqları indi də görünən qədim yaşayış yerinin köhnə qəbirsanlığının yanından keçən və o kənddən yadigar qalan bir neçə nəhəng qoz ağacının yetim kimi boyun bükdüyü talaya çıxan, oradan da üzü enişə gedib dərin dərədən keçən güney yolu idi ki, bu yol ikinci yola nisbətən qısa olsa da, ilin belə vaxtlarında gediş-gəli üçün sərfəli deyildi. İkinci yol isə kəndimizin ətrafında ən hündür yer olan Nişandəstiqdən, qalın Gerconi meşəsinin (indi o meşədən əsər-əlamət qalmayıb) üstündən, hər yerdə təpələrdən, bircə yerdə çox da dərin olmayan selovdan keçən uzun yoldur. Uzaq da olsa, gediş-gəliş çox olduğundan, iz düşüb cığır açılan ikinci – Gədik yolunu seçdim.
Enişin-yoxuşun qalın, həm də donmuş qarın bir az da uzatdığı yolu at ayağına olsa belə bir neçə saata keçib kəndə çatdım. Əynimdə qalın paltar, əlimdə anamın toxuduğu yun əlcək, ayağımda üç sap bəzəkli yun corab olsa da rezin çəkmələrin içində ayaqlarım atın üstündə üşümüşdüm.
Əynim qalın, əlimdə anamın toxuduğu yun əlcək olduğundan bədənim o qədər də üşümürdü. Ayağım da bəzəkli üçsap yun corab olsa da, ayaqlarım rezin çəkmənin içində üşüyür, barmaqlarımın don vurmasından ehtiyat edirdim. Odur ki, hərdən atdan düşüb piyada yeryirdim.
İki tərəfli qalın tikanla hörülmüş çəpərin ortasındakı açıq toqqazdan həyətə keçdim. Xalam eyvanda, əri həyətdə idi. Xalamın əri mənə yaxınlaşdı, atın yüyəninə əlini atdı, tullanıb yerə düşdüm.
Məni qucaqlayıb, sən qoçağım, qışın bu vaxtında, tək, iki atla necə gəlmisən? Çənəmin bir tərəfini ağzına saldı. Xalam mənə yaxınlaşa-yaxınlaşa nə ürəklə səni tək-təkinə bu soyuqda-sülyanda göndəriblər, qorxmadın ki, dinmədim. O da qucaqladı, məni evə dartmağa başladı.
Hələ atları yerbəyer edək gəlirəm dedim. Ətrafa baxırdım. Gözüm tövlənin böyründəki samanlığa ilişdi. Ot tayalarını da hələ açmamışdılar. Üstünün qarını süpürməmişdilər. Deməli, gəldiyim məqsəd müsbət həll olunacaqdı. Bu başdan arxayınlaşdım. Mərdan atın birini həyətin kənarındakı tut ağacına, birini keçib həyətə girdiyi toqqazın dirəyinə bağladım. Atların qabağına bolluca yem qoydum. Mən artıq evə keçmişdim.
Boynumdan asdığım tüfəngi çıxarıb qapının arxasında küncə dirədim, qatarı da çıxarıb üstünə qoydum. Otağın ortasında odun peçi yanırdı. Yaxınlaşdım, əllərimi peçə yaxınlaşdırıb qızınmağa başladım. Xalam – peçə çox yaxın durma, otaq istidir. Tədricən qızın. Orada, xalçanın üstündə otur, dedi və həyətə çıxdı. Bir az keçmişdi həyətdən toyuqların qışqırtısı gəldi. Bildim ki, birini kəsiblər mənimçün. Günorta yeməyi bişirəcəklər. Xalam mənə yaxşı yemək yedirib yola salacaqdı.
Xalam əri ilə evə döndü. Mərdan, qoçağım, səni ot üçün göndəriblər – dedi.
Dedim ki, bəli, atam dedi get xalangildən e, m ... gildən iki yük ot al gətir. Heyvanlarımızın yemi azalıb. Bu xalamın ərini necə çağırım: - Əmi, dayı, ya adı ilə bilmirdim, elə-belə ümumi şəkildə müraciət edirdim. Sən, siz, nə bilim (İllər keçdi yenə elə ondakı kimi konkret adla müraciət etməmişəm).
Xalama - sən uşağa çay ver, yemək hazırla, mən də gedim atların yükünü hazırlayım. Ancaq yüklərini çatmağı bir az axşama salaq, əl-ayaq yığışana. Çünki qonşular da bizdən ot istəyiblər, verməmişik. Yaxşı düşmür, dedi. Yaxın qonşumuz Qaryağdıgil tamam üzüblər, - söylədi və evdən çıxdı.
Mən çay içdim, çörək yedim, xalamın kiçik yaşlı oğlu ilə də xeyli oynadım.
Artıq gün ötmüşdü. Xalam gedək köməkləşək, yükləri çataq. Yola düş, axşamdır, dedi:
Geyindim, qapının arxasında, küncdə söykədiyim tüfəngi və dolu patronu olan qatarı götürüb boynumdan asdım, həyətə, xalamın əri ilə yüklərin yanına çəkdikləri otların yanına gəldim.
Hər iki atın yükü çatıldı. Xalamla sağollaşdıq. Əri qabaqda, mən arxada, yüklü atlar da yedəyimizdə səhər gəldiyim, həyətə girdiyim yerdən yola çıxdıq. Darvazadan çıxandan sonra gölün kənarı ilə keçən iyirmi-otuz metrlik cığırı keçib diki qalxmağa başladıq. Kəndin kənarındakı nil ağaclarından olan meşə zolağının üstündən keçən əsas yola çıxdıq.
Xalam əri qonşunun atının noxtasını öz atımızın böyür tərəfinə yan çidar edə-edə: - Gədik yolu ilə get, səhər gəldiyin yolla. Yüklər möhkəmdir, dağılmaz. Ancaq hərdən böyür tərəfə keçib arxadakı atın yükünə baxarsan. Atana, anana salam de. Haydı qoçağım, yola düş: - dedi, məni qucaqlayıb sıxdı, ayrıldıq.
Mən piyada, yedəyimdə iki at səhər gəldiyim, qardan sonra cığır düşmüş Gədik yolu ilə kəndimizə doğru, xalam əri geriyə durduğumuz yerdən görünən evinə yola düşdük.
Bir az irəli getmişdim ki, qaranlıq düşdü. Hava ayaz idi. Arxada, kənddə evlərinin pəncərələrindən su kimi süzülən lampa işığının şölələri getdikcə uzaqlaşırdı. Yolu keçdikcə, irəlilədikcə hesablayırdım. Qar və gecə də olsa yolu, keçəcəyim yolun yeri ilə adlarını yaxşı bilirdim. Bu təpədən sonra hara gələcək. Hələ çox getməliydim. Kənddən bir kilometrdən bir az çox uzaqlaşmışdım. İndi güneyin başına çatmışdım. Sazaq başlamışdı. Meh qar dənələrini donmuş təbəqənin üstü ilə qovduqca qış görmüş, qış yaşamış insanlara tanış olan bir səs, musiqi çalırdı. Atlar yedəyimdə gedirdi. İrəli baxa-baxa, izi itirmədən irəliləyirdim.
Evimizdə isə anam gözləyirdi. Səhər yola saldığı oğlunu, məni. Atam da gözləyirdi məni və gətirəcəyim iki at yükü otu. Yəqin ki, həmdə düşünürdü; - bacaracağammı!
Axşam düşdükcə anamın təlaşı da artır. Atam səhər getdiyi qonşu kənddəki Kolxoz idarəsindən qayıdıb həyət-bacada bəzi işlərə əl yetirəndən, heyvan-qaranı yemləyib, yerbəyer edib, evə dönəndə anam ona – Nəcəf! Sən bir qarış uşağı qışın bu vaxtında, kiçik çilədə iki atla buradan bir dünya yol olan Ənəxərana göndərmisən, artıq gecədir, uşaq gəlməyib, özün də, belə arxayın dayanıb durmusan. Bəlkə mənim uşağımı "əşiva" parçalayıb?
Atam, heç nə olmaz, indi gələr deyir. Anamı sakitləşdirməyə çalışır. Anam, dayanma, uşağın qabağına get, təkid edir. Atam gedirəm deyib yola düşür.
Qonşumuz həyətindən atamın tez-tələsik onların evlərinin yanından keçdiyini görüb soruşur ki, nə olub, hara belə gedirsən? Atam deyir ki, Bəhruzun səhər getdiyidir, qayıtmayıb, qqabağına gedirəm, söyləyir. Qonşu da narahat olur, deyir, mən də gəlirəm. O da atama qoşulur. Səhər mən getdiyim yolla Gədiyə doğru hərəkət edirlər.
Yolun yarısını gəlmişdim. Güneyin başındakı böyük selova gəlib çatmışdım. Atlar arxamca rahat gəlirdi. Donmuş qar qırıntıları çəkməmin altında əzilir, atların ayaq tappıltıları sazaqın qovub qarın üstü ilə fırlatdığı dənəciklərin səsinə qarışıb bir ahəng yaradırdı. Qulağım artıq bu səsə alışmışdı. Əlavə bir pıçıltı olsa belə dərhal eşidərdim.
Selovdaki su yarğanını adlamışdım ki, Nişandəstiqdən məni çağıran səsi eşitdim. Atam idi. Bəhruz ehey, məni çağırırdı. Cavab verdim, o eşitmədi. İndi qonşumuz çağırırdı, Bəhruz, ey, mən də qışqıra-qışqıra cavab verirdim. Eşidirəm... Buradayam..., gəlirəm deyirdim.
Eşitmirdilər, elə bil yarışa dayanmışdılar. Növbə ilə çağırırdılar. Səslərinin gücünü yoxlayırmış kimi. Atam çağırdıqca həm ürəklənirdim, həm də qəhərlənirdim. Qabağıma atam gəlmişdi axı. Selovun olduğum yerindən təpəyə qədər, azı iki yüz metr, bəlkə də çox məsafə var idi. Ora çatsaydım mənim uşaq səsimi eşidəcəkdilər. Darıxmağa başladım. Atamın çağırdıqca səsinin narahatlaşdığını hiss etdim. Çiynimdəki tüfəng yadıma düşdü. Xalam ərindən ayrılanda doldurmuşdum, xəzinəsinə giliz qoymuşdum. Tüfəngi çiynimdən aşırdım, çaxmağını çəkdim. Səmaya tutub sinəmə sıxdım və tətiyi çəkdim. Açılan güllə səsi gecənin sakitliyini, sükutunu yardı. Atamla qonşumuz bir-birinə Bəhruzdu, güneyin dərəsini keçib gəlir - deyirdilər, səslərini eşidirdim. Atam Bəhruz! Qoçaq oğlum, ata qurban gəl! Buradayıq, gözləyirik deyirdi. Yaxınlaşdıqca onların əhvallarının açıldığını, zarafat edib güldüklərini eşidirdim.
Nişandəstiqə çatdım. Atam məni köksünə sıxdı. Qoçaq oğlum, dedi, qonşu da xeyli təriflədi. Mən qabaqda bacardıqca iri sürətlə gedirdim, kişilər atları çəkib gətirirdilər.
Evimizə çatmışdıq. Atam atların yükünü boşaldacaqdı. Anam evin arxasında gözləyirdi. Məni ağuşuna aldı. İçəri necə aparmışdı bilmirəm. İndi böyük otağımızda ayaq üstə dayanmışdım.
Anam hələ məni qucağından buraxmamışdı. Onun sərin, qeyri-adi ətri olan göz yaşları sol yanağından cığır açmışdı, üzü aşağı axırdı. Uşaqlar matıxıb durmuşdular. Yəqin düşünürdülər ki, Anamız niyə ağlayır. Qardaşımız ki, qayıdıb gəlib!
Birdən bu nədir! Üzümdə nə axtarıram... Əlimi üzümə aparıbmışam, sol yanağıma. Yəqin anamın gözündən süzülüb yanağımda cığır açan damcını axtarmışam. Əlimsə islanmayıb.
Nəvələrim baba-baba, çağırırlar. Baba, bizi gəzməyə apar, evdə bezdik, təkid edirlər. Dönüb Bəhruza baxıram. O da diqqətlə mənə baxır. Bayaqki kimi gülümsəmir. Dalğın-dalğın baxır. Bu uşağa nə oldu? Hə, axı o da mənimlə yolda idi!
Uşaqlar ətəklərimdən sallanıb bab, gedək deyirlər.
Gədəcəyik, Vallah indi gedirik. Qoy Bəhruz bir gülümsəsin, gedirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB