Yoldaşlıq, dostluq etdiyim, yaşda məndən xeyli böyük olan biri ilə qonşu kəndə yolumuz düşmüşdü. Payızın ortaları idi. Bu vaxtlar bu yerlər üçün ənənəvi olan duman, çiskin başlamamışdı, hələ yağış yağmamışdı. Havalar quraqlıq keçirdi.
Günortaya yaxın həmin kənddə yaşayan qohumumuzun evinə getdik. Hava günəşli və mülayim olduğundan açıq eyvanda əyləşdik. Ev sahibi qabağımıza çay qoydu. Yenicə söhbətə başlamışdıq ki, otuz – otuz beş evdən ibarət olan bu dağ kəndinin ortasından keçib, onu iki yerə bölən yolun ortasında hay – haray səsi qalxdı. Dava düşmüşdü. Qarşılıqlı kişi söyüşləri qadınların çığırtılarına qarışırdı. Ev sahibi dedi ki, qayınlarıdı, Həzərxanı döyürlər. Yaşlı yoldaşım, axı niyə? Soruşdu.
Ev sahibi, Həzərxan kolxozun sahə gözətçisidir, yəqin əkin, mal – qara ziyanlığa girib... arxasını deməyə onun macalı, dinləməyə bizim hövsələmiz çatmamışdı, həyətə çıxmışdıq. Bir az aşkara çıxıb təqribən üç yüz metr aralıdakı, döyülən kişinin söyüş qarışıq qışqırığının gücləndiyi yeri, davanın gedişini, nəticəsini görmək, seyr etmək istəyirdik.
Bu məqamda əynində uzun don, üstündə sırıqlı pencək olan, başı yaylıqlı, uzaqdan çəlimsiz görünən (qışqırdıqca səsi titrəyirdi) bir qız kəndin kənarından qaratikandan hörülmüş çəpərləri tullanaraq keçib gəlirdi. O, kəndin ortasındakı yola çatanda axırıncı aşdığı çəpərdən dartıb bir paya çıxartdı.
Hey! Siz namərdlər! Atamı qardaşsız, oğulsuzmu bilirsiz, başınıza oyun açacağam qışqırırdı. Bu çağırış yox, harayı idi, çox təsir ediciydi, adamın tükləri ürpəşirdi. Bu duyğunun təsiri altında biz də onunla daban – dabana dalaşanların yanına çatdıq.
Ətraf qarışıqlıq idi. Belə məqamları yəqin ki, çox görmüş yaşlı yoldaşım – araya girmə, qarışıqlıqdır, güdaza gedərik, araya salıb vurarlar, kənara çəkil, biz qoşulan iş deyil, biz qonağıq, dedi.
Həzərxan yerdə idi, qalxmağa təşəbbüs etdikcə vurub yerə salırdılar. Zarıldasa da dili susmurdu, söyüşü söyüşünə ara vermirdi.
Mən gözümü qızdan çəkmirdim. O qardaşsız qız atasını necə müdafiə edəcəkdi? O, atasını döyənlərin sətini yarmış, onların arasına keçmişdi, daha doğrusu, onların qarşısını kəsmişdi. Bayaq uzaqdan gördüyüm əynindəki sırıqlı pencəyi çıxarıb sol qoluna dolamışdı, çəpərdən çəkdiyi paya isə sağ əlində idi. Müəyyən qədər güc toplayan Həzərxan sir – sifəti qan içində ayağa durmuşdu, həqiqətən ölümünə layiq söyüşlərinə davam edirdi ki, bu qarşı tərəfin əks həmlələrinə səbəb olurdu. Qız qeyri – adi bir cəldliklə irəli keçib ağacla zərbə endirmək istəyəni vururdu. Bu anda böyür tərəfdən bir neçə gəncin yaxınlaşdığını gördüm. Həm yaşıdlarının arasında əynində əsgər paltarı, çiynində "SA" yazısı olan biri də var idi. O, irəli çıxmaq istəyirdi. Kənardan kimsə ona, sən qarışma, hələ qonaqsan, özləri bilərlər: - deyirdi.
Yəqin ki, Həzərxanın növbəti söyüşü oğlanı yerindən qopardı. O, yanındakılardan birinin əl ağacını alıb Həzərxanın üstünə cumdu, qızı yayındırıb
zərbəni çıyninə endirdi, Həzərxan yerdə idi, sərilmişdi. Yəqin ki, huşuna da itirmişdi. Qız bir addım kənara sıçrayıb: sənə orada bunu öyrədiblər, indi gör, deyib oğlan toparlanmağa macal tapmamış əlindəki payanı onun üzərinə endirdi. Zərbə oğlanın sifətini, almacıq sümüyünü tutmuşdu, qan axırdı.
Döyüşün aktiv iştirakçılarından biri, hündürboy, cüssəli kişi, Fatma! Sənin... deyib ağacı onun təpəsinə endirmək üçün qaldırdı. Fatma; dayı! Qeyrətin olsun, deyib əgər dəysə kəlləsini dağıdacaq zərbədən yayınmaq üçün cəld kənara sıçradı. Dayı hədəfdən yayınmış zərbəsi ilə bərabər ağzı üstə yerə gəldi. Fatma namərd dayıya qəddini düzəldib dikəlməyə macal vermədi. Qarşısına tullanıb çiyninə endirdiyi sərrast zərbə ilə onu yerə, oğlunun yanına sərdi.
Son hədd idi. Dayandırılmasa növbəti həmlədə yəqin ki, faciə olacaqdı. Adamlar çoxalmışdı. Araya girənlər, sakitlik yaradanlar, çılğınlıq edənləri tutub kənara çəkənlər var idi. Davanın sorağına qonşu kənddən sovet sədri də özünü çatdırmışdı.
Harayçılar dayılar tərəfi qırağa çəkdilər.
Mən maraqdan, qeyri – adi vəziyyətdən heyrətlənmiş, hər hansı təhlükəni unutmuşdum, lap yaxına gəlmişdim. Gözlərimi qızın sifətinə zilləmişdim. İlahi! Bu qırğın, həyəcan, təlaş onun gözəl simasının, qeyri – adi, məsum cizgilərini poza bilməmişdi.
Adı Fatma imiş, atasını döyənlər də dayıları.
Yola düzəlmişdik. Qayıdırdıq. Düşdüyümüz evə də dönməyə daha lüzum qalmamışdı. Ətrafda adamlar hələ danışırdılar. Hərə özünəməxsus formada bir tərəfi yamanlayır, digərlərinə haqq qazandırırdı.
Qıraqdan birisi: Burhan oğlunu (dayı Burhan imiş) rayon mərkəzinə milisə şikayətə aparır. Odur ey, dərəni keçiblər, gediblər, deyirdi.
Fatma əzik – üzük edilmiş atasını çiyninə alıb bizim yolumuzun üstündəki, sağ tərəfdə, təpənin qarşısındakı çökəkdə olan, üstü lığlı evlərinə daşıyırdı, indi hara gedirlər, qoy getsinlər, deyirdi.
Dayılar sifəti qanamış, çiynində "SA" hərfləri yazılmış əsgər köynəyi geyinmiş oğlanlarını rayon mərkəzinə milisə şikayətə aparırdılar. Bacılarının qızından, Fatmadan şikayətə gedirdilər.
Aradan bir neçə il keçmişdi. Yenə yolum həmin kəndə düşmüşdü. Qohumumuzun, həmin tanış şəxsin evinin açıq eyvanında oturmuşduq. Ev sahibi ilə olandan – keçəndən söhbət edirdik.
Buradan Həzərxangilin evi aydın görünürdü. Yadıma bir neçə il əvvəlki hadisə düşdü. Fatmanı soruşdum. O dava yadınızdadırmı? Qız atasını necə qorudu, nə qədər qoçaq və məsum qız idi. İndi necədir, dedim.
Ev sahibi: - Ərə getmişdi, ana olacaqdı, övladını dünyaya gətirərkən vəfat etdi – söylədi.
Çox məyus oldum. Gərək heç soruşmayaydım. O qızı ölmüş bilmək istəməzdim. Yəqin ki, dayıları da dəfnində iştirak etmişdilər.
Novruz Nəcəfoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB