İbişi kənddə hamı çox kasıb, fağır bir insan kimi tanıyırdı. Adını da yetim İbiş çağırırdılar .Yetım İbiş özünü nə qədər oda-közə vursa da kasıbçılığın daşını ata bilmirdi ki, bilmirdi. Hərə bir məsləhət verir, hərə bir yol gostərirdi. Ancaq xeyri yox idi ki, yox idi. Nəticəsiz məsləhətlərdən yorulan İbiş öz qisməti, taleyi ilə barışıb, kasıb komasında başını aşağı salıb kasıbçılığını eliyirdi.

Günlərin bir günü İbiş həyətdəki tut ağacının altında oturub köhnə-küləsinə yamaq vuraraq dodağının altında zümzümə edirdi. Əslində bu zümzümədən çox bir yetimin təkliyinə, kasıbçılığına deyilən bir ağıya bənzəyirdi.

İbişin çəpərinin yanından keçən Cəfər kişi bir anlıq ayaq saxlayıb, həyətə göz gəzdirdi. Sonra nə fikirləşdisə taxta qapını açıb, həyətə girdi. Cəfər kişinin gəlişi İbişi öz dünyasından ayırdı. Ayağa durub Cəfər kişiyə xoş gəldin edib, salamlaşdı. Oturacaq kimi istifadə olunan çay daşlarından birində əyləşmək üçün yer göstərdi. Cəfər kişi birbaşa mətləbə keçdi :

-İbiş, bala nə vaxta kimi köhnə -külə yamayacaqsan. Bir əlin-qolun açılsın. Qonşu payı üç gün olar. Özündə bir təpər olsun. Qoşul bu kəndin camaatına. Meşədə qoz –fındıq tökülüb gedir. Yığ gətir bazarda sat. Bəlkə yavaş-yavaş bu kasıbçılığın daşın atasan.

İbiş o qədər məsləhətlərə qulaq asmışdı ki, artıq vərdişkar idi. Bu dəfə də zəif səslə Cəfər kişini başa salmağa çalışdı ki, meşəyə getməyə nə uzunqulağı var, nə də ki, səbəti. Meşəyə əlboş necə getsin.

Cəfər kişi söz verdi ki, ona bir günlük uzunqulaq da tapacaq, səbət də. Təki razı olsun. Bir təhər İbişi razı salan Cəfər kişi elə gecəynən dediklərini İbişin qapısına gətirdi. İşin nə qədər ciddi olduğunu görən İbişin səhərə kimi gözünə yuxu getmədi. Səhəri diri gözlü açdı.

Səhər açılmış, kənd yuxudan oyanmışdı. Kimi mal-qaranı ötürür, kimi həyət-bacanı süpürür, kimi də bulağa suya gedirdi.Yetim İbiş də səbəti uzunqulağa yükləyib, Ya Allah deyib yola düzəldi. Meşəyə çatanda artıq hava tamam işıqlanmışdı. Meşədə o qədər fındıq, qoz, zoğal vardı ki, yığmaqnan qurtarmaq olmazdı. İbiş həvəslə işə girişdi. Səbətin birini doldurub, ikinci səbəti yarı eləmişdi ki, havanın rəngi boğulmağa başladı.Yavaş-yavaş yağan yağış getdikcə şıdırğı leysana çevrildi. Bir anın içində sanki dünya alt-üst oldu. Çaşbaş qalmış İbiş elə bil yuxudaydı, birdən ayıldı. Bir əliylə heyvanın boynundan, bir əliylə bərk –bərk səbətdən yapışdı. Onları itirəcəyindən qorxmuş kimi nə edəcəyini bilmirdi. Hava isə getdikcə daha da pisləşirdi. Leysan yağış İbişi və uzunqulağı qabağına qatıb aparırdı. İbiş qışqırıb imdad diləyirdi. Kola ilişmiş İbiş gözüylə itirdiklərini axtarmağa çalışsa da, gözünə heç nə dəymirdi. Birdən ildırım çaxmağa başladı. Çaxan şimşək sanki İbişin gözünün qarşısında idi. Qorxuya düşən İbiş bəlkə də ömründə belə ürəkdən ağlamamışdı ki, koldan bərk-bərk yapışıb, Cəfər kişinin bir günlük ona verdiyi və gözünün önündə selin apardığı uzunqulaqnan, səbətlərə ürəkdən ağlayırdı. Ağlaya-ağlaya çaxan ildırıma, şimşəyə öz nifrətini bildirirdi:

-Uzunqulağımı apardın, səbətləri apardın, indi nə kösöv götürüb nə məni axtarırsan .Ölsəm də burdan çıxan deyiləm.

Kənddə isə İbişdən çox nigaran Cəfər kişi, kənd camaatı çox böyük məyusluqla havanın açılmasını gözləyirdilər ki, gedib İbişin ya ölüsünü, ya da dirisini axtarıb tapsınlar.

Hava açılsa da İbiş gizləndiyi koldan çıxmaq, kəndə qayıtmaq fikri yox idi. Ürəyində ona kasıbçılığın daşını atmağı məsləhət görüb, meşəyə göndərən Cəfər kişini lənətləyə-lənətləyə zümzümə edirdi.

Mən bu kəndə necə dönüm,

Elə qalım meşədə ölüm.

Yığışın gəlin, meydimə döyün,

Mən bu kəndə nə üzlə dönüm.

Ofelya Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə