Vaqona girən əliuşaqlı qadına öz yerimi verdim. O hələ əyləşməmiş yanındakı 29-30 yaşlı əri (görünür əri idi) mənə öz təşəkkürünü bildirdi. Qadın da təşəkkür etməyi unutmadı. O yavaşca pıçıldadı:

- Çox sağ olun.

Mənə tanış gələn bu həzin pıçıltını eşidən kimi nəzərlərim onun üzünə dikildi. Mən özümü, ətrafdakıları, harada olduğumu bütünlüklə unutdum. Bu o idimi? Doğrudandanmı gördüyüm, əyləşmək üçün yer verdiyim, bu uşaqlı qadın o idi? Doğrudandanmı mən yenə onun pıçıltısını eşitdim?

Doqquzuncu sinfi qurtaran kimi yaz-yay işlərində atama kömək etməyi qərara almışdım. Gələn il ona kömək edə bilməyəcəkdim. Onuncu sinifin buraxılış imtahanları, ali məktəbə qəbul imtahanları mənim əsas işim olacaqdı. Odur ki, o ilki yayı heç yerə getmədim.

Bir neçə gün olardı ki, məktəbdən buraxılmışdıq. Bu günlər ərzində mən ev işləri ilə yanaşı, ot yığımı iməciliklərində də iştirak edirdim. Bir gün ot yığımına getmədiyim üçün səhər yuxudan gec oyandım. Həyətdə anamla Bulqeyis xalanın səsi eşidilirdi. Anam deyirdi:

- Lap yaxşı eləyib. Gözəl, səfalı kəndimiz var. Havası təmiz, yeməyi bol, qoy yesin ağarandan ətə-qana gəlsin. Şəhərə gedəndə tərifləsin bizim kəndi.

Bulqeyis xala isə deyirdi:

- Elə mən də onu deyirəm ay Bəsti. Kəndimiz qonaqsevər, hörmətcil kənddir. Hansı evə istəyirsən get qapısını aç, göz üstə yerin var…

- Kəndiniz çox xoşuma gəldi - deyə mənə tanış olmayan səs cavab verdi. - Adamları da mehriban adamlara oxşayır.

Marağım mənə güc gəldi. Durub paltarımı geyindim. Həyətimizdə, ağacın altında düzəltdiyimiz skamyada arxası evə tərəf bir qız və Bulqeyis xala əyləşmişdi. Anam isə onlarla danışa-danışa süfrə düzəldir və tez-tez samovarı üfürürdü.

Əl-üzümü yuyub qonaqlara xoşgəldin etdim. Anamın işarəsindən sonra qonaqlarımızla üz-üzə əyləşdim. Bulqeyis xala mənə zarafat etdi:

- Ay qırışmal, bığ yerin tərləyib deyə daha bizlərə gəlib eləmirsən?

- Bulqeyis xala, o qədər iş var ki, gərək bir vaxt olsun, mən də gəlim.

Bu vaxt qızın mənə baxdığını hiss etdim və dərhal qızardım. Bulqeyis xala və anam hiss etməsin deyə üzümü yana çevirdim. Bunu qız özü də bildi. Bulqeyis xala ilə anam haqdasa söhbətə başlamışdılar. Bizim ilk tanışlığımız belə oldu…

Sənubəri kəndimizə ingilis dili müəllimi göndərmişdilər. Cəmi iyirmi bir yaşı var idi. Baxanda ona on yeddi - on səkkiz yaş verərdilər. Bu çəlimsiz qız institutu bitirib bizim kəndə işləməyə gəlmişdi. Bulqeyis xala iki mərtəbəli, dörd otaqlı geniş balkonlu evinin birini ayırıb ona vermişdi. Sənübər müəllimə ilə Bulqeyis xala ana-bala kimi mehriban dolanar, bütün biş-düşlərini bir yerdə edərdilər. Bakıdan Sənubər müəllimənin yanına gələn qohumları Bulqeyis xalanın payına ayrıca gətirər, qayıdanda da kənd nemətləri aparardılar.

Mənim oxuduğum sinfə ingilis dili dərsini Sənubər müəllimə yox, Ələkbər müəllim deyirdi. Odur ki, mən Sənubər müəlliməni ancaq tənəffüs vaxtı təsadüfən görürdüm. Lakin, o, qonşuluğumuzda yaşadığı üçün tez-tez bizə gələr, kənd həyatına aid bilmədiyi bəzi şeyləri anamdan soruşar, kiçik bacıma həmişə qayğı göstərərdi.

İki aya yaxın olardı ki, dərslər başlanmışdı. Bir gün tənəffüs zamanı onuncu "A" sinfinin uşaqları dedilər ki, köntöy Bəkir dərsi pozub, Sənubər müəllimə də özünü saxlaya bilməyib, əsəbdən ağlayaraq sinfi tərk edib. Söz mənə çox pis təsir etdiyi üçün Bəkiri kənara çəkib dedim:

- Ədə, ay ayı, iş başına qəhətdir, ya nədir? Müəlliməni niyə əsəbləşdiribsən? Gərək elə köntöylüyünü ona da bildirəydin?

- Nə olub axı? Mən ona nə dedim ki? Mövzunu oxuyurdu, mən də arxada özüm üçün mürgü vururdum. Birdən gözləmədiyim halda məndən soruşdu ki, - "qud moninq çıldırın" nədi? Mən də dedim ki, "qud moninq çıldırın yəni - vurub qıçını sındırım". Uşaqlar da başladılar gülməyə, dərs də pozuldu.

Bəkirin nə vaxt vurub ağız-burnunu qanatdığımı özüm də bilmədim. Onu sonrakı dərslərə girməyə qoymayıb ağız-burnu qanlı halda özümlə bərabər Sənubər müəllimənin yanına gətirdim.

Sənubər müəllimə evdə tək idi. Yenə ağlayırdı. O, qapının ağzında məni və ağzı-burnu qanlı Bəkiri görüb yerindəcə donub qaldı. Mən sakitcə Köntöyə bir-iki dürtmə ilişdirib üzr istəməyə məcbur etdim. Bəkir neçə dəfə üzr istədisə də Sənübər müəllimə ona heç cavab vermədi. Çıxıb əl üzünü yudu, içəri qayıdıb mənə əyləşməyi təklif etdi. O, gah mənə, gah da Bəkirə baxırdı. Birdən gülə-gülə Bəkirə işarə ilə dilləndi:

- Ağız-burun nədir belə?

Bəkir bir söz deməyib mənə baxdı.

- Səndən heç gözləməzdim, Çingiz. Adam da öz yoldaşını belə edərmi? - Deyə Sənubər müəllimə gülümsəyərək mənə baxdı.

- Öz cəzasıdır alıb, - dedim. - Hələ bəxti gətirib ki, qol-qabırğasını sındırıb şilküt eləməmişəm. O, bir də sənə qarşı kobudluq eləsə özündən küssün!..

Özüm də bilmədən Sənubər müəlliməyə "sən" deyə müraciət etdim. Məni bir anda bu səhvim üçün tər basdı. Sənubər müəllimə isə mənim ona "sən" deməyimdən sanki, razı halda gülümsünüb, ağlamaqdan qızarmış iri, qara gözlərini süzərək mənə baxdı…

Elə, o, gündən başlayaraq Sənubər müəllimə ilə mənim aramda bəzi münasibətlər yaranmağa başladı. O, ilk dəfə olaraq mənə tapşırdı ki, ona həmişə "sən" deyə müraciət edim və Sənubər müəllimə yox, sadəcə olaraq Sənubər deyim…

Sənubərin anası kəndə gəlmişdi. Bir neçə gün qalandan sonra şəhərə qayıdırdı. Onu axşam qatarı ilə yola salmaq üçün Sənubərlə mən vağzala gəlmişdik. Qatar stansiyaya çatan kimi, mən tez Qəmər xalanın minəcəyi vaqonu, kupesini tapıb çamadanlarını yerbəyer etdim. Bütün bunları elə cəldliklə edirdim ki, sanki, qatarın tez yola düşməsi üçün tələsirdim.

Qatar gedəndən sonra stansiyada bizdən başqa on, on beş adam ancaq olardı. Sanki, bir neçə dəqiqə bundan əvvəl adamlarla dolu olan yer bura deyildi. Çox qəribə bir sakitlik yaranmışdı. Bu sakitliyi yalnız uzaqlaşmaqda olan qatarın təkərlərinin tıqqıltısı pozurdu.

Mən evə qayıtmaq üçün maşın axtarmaq məqsədi ilə bilet kassalarının qarşısındakı meydançaya tərəf boylandım. Sənubər mənim fikrimi başa düşüb dilləndi:

- Maşın neyləyirsən? Lazım deyil.

- Bəs evə getməyək?

- Gedək, ancaq piyada, kəsə yolla.

- Gec olar Sənubər. Hava soyuqdur, sənə soyuq olar.

- Yox, gec olmaz. Mən bu uzun, soyuq payız gecəsini çoxdan gözləyirdim. Sən mənim yanımda olduğun üçün üşüməyəcəyəm. Sənin oduna, olovuna qızınacağam.

Mən onun sözlərində olan mənanı başa düşə bilmədim. Biz stansiyadan uzaqlaşdıq. Sənubər mənim sol tərəfimdə kiçik addımlarla yeriyirdi. Qolumdan tutmuşdu. Ürəyim bərk-bərk döyünürdü. Bədənimi tər bassa da üşüyən adamlar kimi titrəyirdim.

- Çingiz?

- Hə.

- Üşüyürsən?

- Yox.

- Bəs niyə titrəyirsən?

- Heç özüm də bilmirəm?!

O, bir anda əlini qolumdan çəkib, çevik hərəkətlə plaşını əynindən çıxartdı və mənim çiynimə saldı.

- Yox sən üşüyürsən, - dedi.

- Sən nə edirsən, Sənubər? Mən üşümürəm, əksinə mənə çox istidir.

- Sənə soyuqdur, əsirsən Çingiz…

Sənubər məni bərk-bərk öz sinəsinə sıxmışdı. Onun isti nəfəsi boynumu qızdırır, gözəl ətir qoxuyan qısa saçları üzümü dalayırdı. O, köynəyinin yaxasını yırtmağa can atan döşlərini sinəmə sıxaraq məni qucaqlamışdı. O, bütün bunları elə cəld və həm də təmkinli etdi ki, mən ona qarşı heç bir əks müqavimət göstərə bilmədim. Snki, Sənubər bu gecəyə əvvəldən hazırlanmışdı. O pıçıldadı:

- Çingiz.

Mən cavab vermədim.

- Çingiz, bilirsən nə var?

- Nə var?

- Ay ləv yu.*

Mən yenə də susurdum.

- Çingiz sən necə? Sən də məni sevirsən?

Mən nə edəcəyəmi, nə cavab verəcəyimi bilmirdim. Sənubər mənim susmağımda davam etdiyimi görüb, məni özünə daha da bərk sıxaraq öpməyə başladı. O, məni öpə-öpə:

- Demək sən də sevirsən, sən də sevirsən, - deyə pıçıldayırdı…

O uzun, soyuq payız gecəsi biz evə qayıdanda artıq sübh çağı idi. Biz müxtəlif bəhanələrlə demək olar kı, hər axşam görüşürdük. Biri-birimizə ilk sözümüz "ay ləv yu" olardı. Çünki, Sənubər mənim dilimdən bu sözləri tez-tez eşitməyi xoşlayırdı.

Dərs ili qurtarmağa bir neçə gün qalmış Sənubər qısa müddətə Bakıya getdi. Qayıdandan sonra mənə dedi ki, gələn dərs ilindən o şəhərdə işləyəcək. Səbəbi də odur ki, mən Bakıya oxumağa gedirdim, o mənsiz kənddə darıxacaqdı.

Ondan bir neçə gün sonra Bakıya gəldim. Mənə telefon nömrəsi, ev ünvanı vermişdi ki, Bakıya gələn kimi ona zəng edim. Lakin, mən onu nə yazdığı telefon nömrəsində, nə də verdiyi ünvanda tapa bilmədim. Dörd il idi ki, onu axtarırdım. İndi gördüm. Əri və uşağı ilə. Mənə aydın oldu ki, doğrudan da Sənubər o uzun, soyuq payız gecəsi məni yandırıb, oduma qızınırmış…

Fevral 1976-cı il

"Ölüm sözünün mənası"

Təzəcə tamam olmuşdu uşağın üç yaşı həmən hadisə baş verəndə. Yuxu kimi gəlirdi onun yadına o günki hadisələr. Hamı ağlayırdı. Hamı onu qucağına götürür, öpür, əzizləyirdi. Nə hadisə olduğunu bilmirdi. Gözləri həyətlərinə yığılmış çoxlu adamların arasında atasını axtarırdı. Lakin, tapa bilmirdi. Həyətdəkilərin arasında atasını…

Hər şeyi ondan gizlədirdilər. Ona demişdilər ki, atan uzun müddətə, uzaq bir yerə gedib, gec gələcək. Gələndə sənə çoxlu, rəngbərəng oyuncaqlar, çoxlu təkərləri olan böyük maşın alıb gətirəcək. Sevinmişdi uşaq atasının "Getdiyi səfərə". Elə o gündən də atasının "uzun səfərinin" tez başa çatmasına, öz oyuncaqlarının, gəlməsini səbirsizliklə gözləyirdi. Uşaq beləcə böyük ümüdlə ata yolu gözləyir. Günlər ayları, aylar illəri əvəz edirdi…

O gündən, o hadisədən sonra anasının da şənliyi, gülüşü azalmışdı. O gündən, o hadisədən sonra anası daha iri, qırmızı güllü paltarını geymirdi, başına çoxlu gülləri olan, zərli saçaqlı yaylığını örtmürdü. Qırımızı güllü paltarı da, çoxlu gülləri olan zərli saçaqlı yaylığı da şifonerdən asılı qalmışdı. Uşaqda elə bir fikir yaranmışdı ki, anası o paltarları atası qayıdanda geyinəcək. Odur ki, o, hər gün səhər yuxudan oyanan kimi anasından gizli, onun geyindiyi paltarlara baxardı:

- Bu gün də geyinmədi, demək atam qayıtmayacaq…

Bir gün anası ona təzə paltar geyindirdi. Əlinə bir dəstə gül verdi, içi şəkilli kitabla dolu çantasını götürdü, məktəbə gəldilər. Dərsə!

Birinciyə getdi uşaq. Hər gün onu məktəbə anası gətirdi, anası apardı. O biri uşaqları isə, ataları da gətirib, aparırdılar.

Uca boylu, qara kostyumlu, ağ köynəyinə güllü qalstuq taxan bir cavan oğlan idi onların müəllimləri. Müəlliminin qalstukunun gülləri, anasının şifonerdən asılmış qırmızı güllü paltarının, çoxlu gülləri olan zərli, saçaqlı yaylığının güllərinə bənzəyirdi. Hərdən uşağa elə gəlirdi ki, ona dərs deyən müəllim onun atasıdır. Özünə, o uzaq səfərdən güllü qalstuk alıb ki, anası qırımızı güllü paltarını geyəndə, çoxlu gülləri olan zərli, saçaqlı yaylığını başına örtəndə biri-birlərinə daha çox yaraşsınlar…

Bir gün müəllim uşağı lap qarşı skamyada əyləşdirdi. (Uşaq üçüncü sırada əyləşirdi). Onun başını sığalladı, əzizlədi…

Anası uşağı aparmağa gələndə qırmıızı güllü paltarını geymişdi, çoxlu gülləri olan zərli, saçaqlı yaylığını başına örtmüşdü. Sevindi uşaq. Ona elə gəldi ki, atası, o gün, o hadisədə getdiyi "uzaq səfərdən" qayıdır, ona görə də anası bu gün qırmıızı güllü paltarını geymiş, çoxlu gülləri olan zərli, saçaqlı yaylığını bağlamışdı.

Heç nə xəbər almadı uşaq anasından. Heç yerə çıxmadı evdən, oturub atasının "yolunu gözlədi"…

Axşam oldu, atası gəlmədi. Anası isə qırmızı güllü paltarı əynində çox şən və qəşəng idi…

Anası uşağı yatağına saldı. Uşaq yatdı, şirin yuxu gördü. Gördü ki, atası gəlib, onu qucağına götürüb. Hey öpür-öpürdü. Onun üçün çoxlu rəngbərəng oyuncaqlar, çoxlu təkərləri olan böyük maşın alıb. Atası onu çoxdan görmədiyi üçün:

- Mənim oğul balam, mənim kişi balam, - deyib öpə-öpə ağlayırdı. Uşaq da atasına qoşulub ağladı, amma sevincdən. Birdən necə oldu, atası da, oyuncaqlar da yox oldular. Uşaq yuxudan ayıldı. Heç kim, heç nə yox idi. Anasının yatağına tərəf boylandı. Zəif gecə işığında anası ilə yanaşı atasının uzanıb yatdığını gördü. Özündən asılı olmayaraq "Ata" deyərək bərkdən qışqırdı və onların yatağına atıldı…

İşıq yandı, yenidən hər şey puç oldu. Uşaq özünü atasının yox, anası ilə bir yastığa uzanmış müəlliminin sinəsinin üstündə gördü. Kor-peşiman müəlliminin sinəsinin üstündən qalxdı. Körpə gözləri bir müddət qəzəblə anasına dikildi. Yanaqlarından göz yaşları süzülsə də, səsini çıxarmadan öz yatağına girdi. O, vaxt, o hadisə günü tez-tez eşitdiyi "ölüm" sözünün mənası indi ona aydın oldu…

İsrail İsmayılov

Bütün xəbərlər Facebook səhifəmizdə