Axşam idi, günəş al-qırmızı rəngə boyanmışdı. Badam ağacının dibindəki daşın üstündə qoca bir kişi oturmuşdu. Ortaboylu idi. Xırdaca gözləri uzun, ağarmış qaşlarının altında gizlənmişdi. Üzünü qırışlar bürümüşdü. Bığı, saqqalı qar kimi ağappaq idi. Ağ paltar geyinmişdi. Badam ağacı qocalmışdı, kişi də qocalmışdı. Badam ağacının yalnız bir budağı sağlam idi. Yaşıl yarpaqlarından bilinirdi. Badam ağacının quru budaqlarına bir neçə quzğun qonmuşdu. Onların sayı tədricən artırdı. Ətrafda nə dağ, nə də çay var idi. Susuzluqdan qurumuş çəmənlik səhranı xatırladırdı. Badam ağacına qədər uzanan yol burda ikiyə ayrılırdı. Badam ağacı bu yol ayrıcının ortasında bitmişdi.
Bu yoldan insanlar çox az istifadə edirdilər. Təsadüfən yolunu azanlar burda dayanırdılar.
Qoca rahatca oturaraq kədərli gözləri ilə uzaqlara baxırdı. Seyr ediləsi elə bir şey də yox idi. Səhranı andıran ucsuz-bucaqsız çöldü, çöldə yoldu və yol ayrıcında badam ağacıydı.
Qocanın gözünə üfüqdə yaxınlaşan bir qara nöqtə sataşdı. Quzgunlar uçmaq fikrində deyildilər və quru badam ağacının budaqlarında yerlərini bərkitməkdəydilər. Qara nöqtə tədricən yaxınlaşırdı. Qoca qara nöqtəni gözdən itirməməyə çalışırdı.
Qara nöqtə handan-hana yaxınlaşdı, böyüdü, gənc bir oğlana döndü. Çiynindən dolu bir kisə asmışdı. Qocaya yaxınlaşaraq salam verdi və çiynindən asılmış kisəni yerə qoydu. Bir hövurluğa nəfəsini dərmək üçün qocanın böyründə oturdu. Ağır kisə gənci həddindən artıq yormuşdu.
Qoca soruşdu:
- Oğlum, hardan gəlib, hara gedirsən?
- Baba, hardan gəlib hara getdiyimi heç özüm də dəqiq bilmirəm.
Qoca mənalı-mənalı köksünü ötürüb susdu. Bu dəfə gənc sual verdi:
- Baba, bəni-insan olmayan bu yerdə neyləyirsən?
- Ölümümü gözləyirəm, oğlum, - qoca kədərlə dedi.
Gənc ayağa qalxdı, kisəni çiynindən asdı, qoca ilə xudafizləşib yoluna davam etdi. Lakin iki yolun heç biri ilə getmədi. İki yolun arasında tamam təzə bir iz sala-sala, cığır aça-aça irəllədi. Tədricən qara nöqtəyə çevrildi, sonra isə tamamilə gözdən itdi.
Qoca gənc oğlanı axıracan izlədi.
Günəş batdı, axşam oldu. Gecə yağış yağdı, uzun sürən quraqlıqdan sonra qurumuş çöl-çəməm sevindi.
Səhər günəş dünyanı nuruna qərq etdi. Badam ağacında quzğunlar yox idi.
Badam ağacının altındakı daşın üstündə oturmuş qoca dad aha gözə dəymirdi…
Almaz Mirzəoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB