Heç həyatınızda nəyisə itirmisinizmi? Onun acısını necə hiss edib, yaşamısınız? İtki çox ağır şeydir. Bəzən barışa da bilmirsən. Çox vaxt da inanmırsan itirdiklərinə. Kaş ki, yuxu ola deyə düşünürsən. Hər yerdə gözün axtarır. Düşünəndə ki, bir daha onun geri qaytarılması mümkün deyil, onda xüsusilə dəhşətə gəlirsən. Uşaqlıqda ilk itirdiyim əşya ad günümdə valideynlərimin mənə hədiyyə etdikləri qırmızı qaşlı qızıl üzüyüm olub. Uşaq idim. Çox ağlamışdım. Ancaq nə fayda geri qaytara bilməmişdim. Elə o vaxtdan da qızıla olan marağım azaldı. Sonra çantamı, pulumu, əlcəyimi, sənədlərimi və daha nələri itirmədim. Sən demə bunlar xırda, əhəmiyyətsiz şeylərmiş gələcəkdə itirdiklərimin qarşısında. Bunun üçün nəyinki göz yaşları axıtmağa, heç kədərlənməyə də dəyməzmiş. Övlad itkisi, ardınca torpaq itkisi. Bu imiş itkilərin ən acısı, ən ağırı. Əvvəl vətən, torpaq üçün böyüdəcəyim canımın bir parçasını övladımı, ardınca isə hər şeydən daha əziz olan torpaqlarımızı -Qarabağımızı. O torpaqları itirmək həm də əzizlərimin, eyni adı daşıyan iki doğmamım-baba və nənənin məzarını itirmək idi. Əzizlərimin Tanrı dərgahına qovuşduqları üçün barışdım bu itkimlə. İkinci itkini də gec-tez geri qaytaracağımız ümüdiylə yaşayıram və buna çox inanıram. Çünki topaq itkisini müvəqqəti məğlubiyyət kimi qəbul edirəm. Səbirsizliklə gözləyirəm Qarabağımızı qarış –qarış gəzəcəyim günü. Buz kimi suyundan içdiyim İsa bulağının, ətirli çiçəklərindən yığıb çələng toxuduğum Cıdır düzünün çox həsrətini çəkirəm. Əsil itki sən demə bu da deyilmiş. Zaman keçdikcə daha qaytarılması mümkün olmayan itkilərin şahidi oldum. Bəzi insanların özünü yalandan əsil vətəndaş, millət, torpaq qayğısını çəkən vətənpərvər kimi qələmə verərək, necə simalarını itirdiklərini gördükcə dəhşətə gəldim. Öz itkilərimə şükür etdim. Simalarını itirmiş insanların niyə bu addımı atdıqlarını düşündüm. Görəsən onların qazandıqları, itirdikləri simalarından bu qədər dəyərlidirmi? Zaman keçdikcə anladım ki, həyatda daha dəhşətli itki insanın öz simasını itirməsiymiş və bunu heç vaxt, geri qaytarmaq mümkün deyil. Tanrı bizi o gündən qorusun!
Ofelya Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB