ABŞ-da yaralı maral ovçunu öldürüb

ABŞ-ın Arkanzas ştatında ovçu ov zamanı vurduğu maralın hücumu nəticəsində ölüb.

SİA xəbər verir ki, bu “iHeartRadio” portalı yerli rəsmilərə istinadən məlumat yayıb. Hadisə Yelvill şəhəri yaxınlığında baş verib.

“Mən 20 ildir ki, ovçuluq və balıqçılıq üzrə ştat komissiyasında işləyirəm və bu, təcrübəmdə gördüyüm ən qəribə hadisələrdən biridir”, - deyə komissiyanın sözçüsü Keyt Stivens bildirib.

Stivensin dediyinə görə, 66 yaşlı Tomas Aleksandr ov tüfəngi ilə erkək bir maralı vurub. Ovçu heyvanın yanına yaxınlaşaraq onun ölüb-ölmədiyini yoxlamaq istədikdə, maral ona hücum edib və Aleksandr ciddi xəsarətlər alıb. Yaralı kişi yaxınlarına zəng vurmağı bacarıb və onlar da öz növbəsində xilasedicilərlə əlaqə saxlayıblar. Lakin ovçu xəstəxanaya aparılarkən orada keçinib.

Ovçuluq və balıqçılıq komissiyasının rəyinə görə, T.Aleksandrın hücum nəticəsində aldığı yaralardan ölüb-ölmədiyi dəqiq bilinmir. Ştat komissiyasının tövsiyələrində bildirilir ki, “öldürülmüş” marallara yaxınlaşmazdan əvvəl ovçular onun təxminən 30 dəqiqə hərəkətsiz olduğundan əmin olmalıdırlar. Aleksandrın bu tövsiyələrə əməl edib-etmədiyi isə məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə