“Autizm erkən uşaqlıq dövründə ortaya çıxan və uşağın inkişafına təsir edən mürəkkəb bir neyroinkişaf pozğunluğudur. İlk əlamətlər bəzən 8 aylıqdan hiss olunsa da, əksər hallarda 18–30 ay aralığında daha aydın görünür. Statistik olaraq oğlan uşaqlarında daha çox rast gəlinir”. Bu sözləri SİA -ya açıqlamasında nevropatoloq Jalə Qarayeva bildirib.
Onun sözlərinə görə, autizm zamanı əsas çətinliklər üç sahədə özünü göstərir: sosial münasibətlərdə çətinlik, ünsiyyət və dil inkişafında gerilik, həmçinin məhdud maraqlar və təkrarlanan davranışlar. Bu xüsusiyyətlər hər uşaqda fərqli şəkildə və fərqli şiddətdə müşahidə oluna bilər:
“Autizm “autizm spektri pozuntuları” (ASD) adlanan geniş bir qrupun tərkibinə daxildir. Bu spektrə tipik autizm, Rett sindromu, Asperger sindromu və uşaqlıqda parçalanma pozğunluğu kimi hallar daxildir. Bu formalar bir-birinə oxşar olsa da, klinik xüsusiyyətlərinə görə fərqlənə bilər.
Autizmli uşaqlarda davranış xüsusiyyətləri erkən dövrdən diqqət çəkir. Onlar çox zaman göz təması qurmaqda çətinlik çəkir, jest və mimikalardan düzgün istifadə edə bilmirlər. Sosial münasibətlərdə passiv və ya qeyri-adi davranışlar sərgiləyə bilərlər. Bəzi hallarda özünə zərər vermə və ya aqressiv davranışlar da müşahidə oluna bilər.
Ünsiyyət və dil inkişafı autizmdə ən çox təsirlənən sahələrdəndir. Bəzi uşaqlar ümumiyyətlə danışmaya bilər, digərlərində isə nitq gecikmiş şəkildə inkişaf edir. Ekolaliya (sözlərin təkrar edilməsi), üçüncü şəxsdə danışmaq və ya sözləri fərqli mənada istifadə etmək kimi xüsusiyyətlər tipikdir. Göz təması və bədən dili ilə ünsiyyət də çox vaxt zəif olur.
Oyun davranışları da fərqlidir. Autizmli uşaqlar simvolik və ya təqlidə əsaslanan oyunlar oynamaqda çətinlik çəkirlər. Onlar oyuncaqlardan məqsədinə uyğun istifadə etməkdənsə, məsələn, maşınları düzmək və ya təkərlərini fırlatmaq kimi təkrarlanan hərəkətlərə üstünlük verirlər.
Diqqət və fəaliyyətlərdə də fərqliliklər olur. Bəzi uşaqlar müəyyən bir fəaliyyətə uzun müddət fokuslana bilir, lakin başqasının yönləndirdiyi fəaliyyətlərə diqqət yetirməkdə çətinlik çəkirlər. Gündəlik rutinlərin dəyişməsi isə onlarda narahatlıq və qəzəb yarada bilər.
Zəka səviyyəsi autizmli fərdlərdə çox müxtəlifdir , ağır zehni gerilikdən yüksək intellektə qədər dəyişə bilər. Bəzi uşaqlarda epilepsiya kimi əlavə nevroloji problemlər də müşahidə oluna bilər.
Təkrarlanan hərəkətlər autizmin ən xarakterik əlamətlərindəndir. Sallanmaq, əl çırpmaq, fırlanmaq, barmaqlarla qəribə hərəkətlər etmək kimi davranışlar tez-tez rast gəlinir. Bu hərəkətlər bəzən uşağın özünü sakitləşdirmə üsulu kimi də ortaya çıxır.
Duyğu (sensor) həssaslığı da autizmdə mühüm yer tutur. Uşaqlar bəzi səslərə, işıqlara, toxunuşlara və ya dadlara həddindən artıq həssas və ya əksinə laqeyd ola bilərlər. Məsələn, yalnız müəyyən rəngdə və ya teksturada olan qidaları qəbul edə bilərlər.
Sonda qeyd etmək lazımdır ki, autizm bir xəstəlikdən çox fərqli xüsusiyyətləri əhatə edən bir spektrdir. Erkən diaqnoz və düzgün təhsil dəstəyi ilə bir çox autizmli fərd ünsiyyət qurmağı öyrənə, cəmiyyətə uyğunlaşa və müstəqil həyat sürə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB