"Bayramdan sonra kortəbii surətdə pəhriz saxlamaq olmaz" - MÜNASİBƏT BİLDİRİLDİ

"Sağlam qidalanma dedikdə orqanizmə lazım olan karbohidrat, yağ, zülal, mineral və vitaminlərin qəbulu nəzərdə tutulur. Buna ət və ət məhsulları, süd məmulatları, meyvə-tərəvəz daxildir. Onların tərkibində kifayət qədər mineral və vitaminlər var. Yəni, sadaladıqlarım bütövlükdə sağlam qida rasionunu təşkil edir. Sağlam qidalanmaq istəyən şəxslər qida rasionunda bu məhsullardan istifadə etməlidir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ofelya Tahirova deyib.

Onun sözlərinə görə, bayramdan sonra kortəbii surətdə pəhriz saxlamaq olmaz: "Belə pəhrizlər orqanizmə müxtəlif problemlər yaradır. Xüsusilə, xroniki xəstəlikləri olan şəxslər necə gəldi pəhriz saxlaya bilməz. Şəkər, təzyiq, böyrək, öd xəstəliyindən əziyyət çəkən insanlar üçün qeyri-sağlam qidalanma təhlükəli fəsadlar törədə bilər. Ona görə də, pəhriz üçün qidalar fərdi şəkildə seçilməlidir”.

Dietoloq sözlərinə davam edərək bildirib ki, hər birimizin evində bayram süfrəsində milli yeməklərimiz olur və həmin təamlardan dadmaq ciddi problem yaratmır: "Çünki bu, uzun müddətli proses deyil. İki gün sonra yenidən sağlam qidaya qayıda bilərik. Xüsusi qaydalara əməl etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, un məmulatlarından az istifadə etmək məqsədəuyğundur. Həmçinin, gündəlik yeyilən qidanın həcmi bir qədər azaldıla bilər. Aktiv həyat tərzi də bu məsələdə vacib rol oynayır. Lakin yaşlı insanlar və qeyd etdiyim xəstəliklərdən əziyyət çəkən şəxslər bayram günlərində də öz qida rejiminə diqqət etməlidir. Həmin insanlar bayram şirniyyatlarını günün birinci yarısında qəbul etsələr, daha yaxşı olar. Axşam saatlarında ağır yeməklər, şirniyyatların qəbulu məsləhət deyil. Qazlı və şirəli içkilərlə birlikdə qida qəbulu da yanlışdır. Belə qidalanma növbəti günlərdə köp və qəbzliyə, mədə ağrılarına səbəb ola bilər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə