"Tərbiyə müəllimin əsas işi deyil, valideynin işidir" - TƏHSİL EKSPERTİ DANIŞDI

"Problemin əsas tərəfi valideyndir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

O bildirib ki, müəllimlər adətən şagirdə o vaxt hirslənir ki, şagird özünü sinifdə apara bilmir, pis rəftarları ilə digər şagirdlərə də pis təsir edir: "Şagird dərsə hazır olmayanda müəllim o qədər hirslənmir, çünki başa düşür ki, bu şagirdin qavrama qabiliyyəti var və bütün şagirdlər əlaçı ola bilməzlər.

Müəllim sinifdə tərbiyəsizlik edən şagird görəndə ona bir-iki dəfə xəbərdarlıq edir. Müəllim də insandır. Növbəti dəfə ola bilər ki, hövsələdən çıxar və şagirdə əl qaldıra bilər. Sözsüz ki, biz bunu xoş qarşılamırıq. Müəllim şagirdə əl qaldırmalı deyil. Mümkün qədər onun həm tərbiyəsi, həm də təhsili ilə ciddi maraqlanmalıdır. Amma dediklərimizin hamısı söz olaraq qalır.

Tərbiyə müəllimin əsas işi deyil, valideynin işidir. Əgər valideyn övladına evdə tərbiyə vermirsə, o tərbiyəni müəllimdən istəməli deyil. Amma biz müəllimdən çox şey tələb edirik. Biz deyəndə ümumiyyətlə, valideynlər, cəmiyyət müəllimdən çox şey istəyir. Təhsil, tərbiyə, və sair istəyir ki, istəyir. Çünki başqa istəyəcəyi adam tapa bilmirlər. Bir valideyn bunu direktordan tələb edə bilmir, gücü çatmır, qorxur. Amma bir müəllimdən istədiyi hər şeyi tələb edə bilər. Əgər övladı ac qalıbsa, bunu da müəllimdən tələb edə bilər ki, "mənim övladım niyə dərs zamanı ac qalıb?" Çox təəsüf ki, müəllimi dildə, sözdə, ictimai yerlərdə göz üstündə gəzirdiririk. Əsas məsələyə gələndə isə bunların hamısı geridə qalır. Müəllimə cəmiyyət olaraq kifayət qədər hörmət etmirik. Bəzən hörmətdən saldığımız üçün də şagirdlər müəllimlərə hörmət etmirlər. Bəzən olur ki, valideynlər aralarında danışarkən belə "Heç kim mənim övladıma heç nə edə bilməz" kimi və daha betər cümlələrlə uşağa əslində müəllimə hörmət etməməyi aşılayırlar. Bunun fəsadlarını biz daha sonra görürük.

Biz nə edə bilərik?

Bu işin, problemin əsas həll yolu valideynlərdir. Valideynlər mütləq şəkildə evdə müəllimləri övladlarının gözündə, ən azı özləri qədər əziz etməlidirlər ki, o uşaqlar müəllimlərə valideynlərinə hörmət etdiyi qədər hörmət etsinlər. Bu problem aradan qalxarsa, demək olar ki, qeyd etdiyimiz problemlərin hamısı problem kimi ortada olmayacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə