“Tədris proqramı kifayət qədər ağırdır“ - TƏHSİL EKSPERTİ İRADINI BİLDİRDİ
“Orta məktəblər üçün kitab çapı işində Azərbaycan hələ ki, dünya ilə ayaqlaşa bilmir. Çünki kitab sənayesi hər gün inkişaf edir, hər gün yeni avadanlıq istehsal olunur amma bizdə hələ də nəşriyyatlar köhnə avadanlıqlardan istifadə edərək bu işi həyata keçirirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, məhz kağız, rəng və digər keyfiyyətlərinə görə Azərbaycandakı orta məktəb kitabları ilə Avropada çap olan kitablar arasında ciddi keyfiyyət fərqi var: “Bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Yəni tədris materiallarının sadələşdirilməsi əvəzinə, müddətin uzadılması ilə onun sadələşdirilməsi haqqında düşünülür ki, həyata keçirilən tədbirlər nəticəsində isə proqram daha çox ağırlaşır.
Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı, şagirdlər. Düşünürəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və "bir udumluq" olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var.
Təəssüflər olsun ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu dərsliyi oxuyan uşaq necə olmalıdır. Onlar bunu düşünür: kitabda nə artıqdır, nə yox. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonra hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır.
Hal-hazırda real vəziyyət budur ki, Azərbaycan məktəbində ibtidai sinifdə şagird müəllimin köməyi olmadan dərslikdən heç nə anlaya bilmir. Çünki dərsliklər kifayət qədər ağır yazılıb. Dünya təcrübəsindən bir misal deyim: Kanadada deyirlər ki, uşağa bilik öyrətməkdən əl çəkin. Şagirdə özünütəyinetmə imkanı verin. Yuxarı siniflərdə instruktor olması kifayətdir. Tapşırıq verir, şagird isə informasiyanı özü axtarıb tapmalıdır. Dərsliksə şagirdin müstəqilliyini inkişaf etdirmir. Əksinə, onu çərçivəyə salır. Həyatda nə müəllim həmişə onun yanında olacaq, nə də düzgün yazılmış dərslik.
Xüsusi ilə qeyd etmək istəyirəm ki, orta məktəblər üçün dərslik hazırlanarkən, tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir.
Ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır. Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazmaq deyil. Amma təəsüflər olsun ki, hal hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir.
Şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurikuluma uyğun olaraq verilməməlidir. Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər.
Eyni zamanda, müəllim mövzuya aid olan çox yüngül səviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər. Yəni, tapşırıqlar bu hallarda verilə bilər. Ümumilikdə isə şagirdə ev tapşırığı verilməməlidir, şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir. Tərbiyənin özü də ailə və məktəbdən gəlir. Şagirdlərimiz məktəbdən evə gedərkən sırf fiziki tərbiyə ilə məşğul olan müəyyən işlər görməlidirlər. Yəni, onlar əyləncəli idmanla məşğul olmalı, həyətə çıxmalı, qonaq getməli, ailədə yaşlı baba və nənə varsa onlarla, valideynləri ilə vaxt keçirməlidirlər. Evə tapşırıqlar ona görə verilməməlidir ki, şagirdin istirahətini keçirməsi üçün ona imkan yaradılsın.
Müəllim adi ev tapşırıqlarının əvəzində, uşaqlara mövzunun işlənməsi üçün elə tapşırıq verə bilər ki, həmin mövzuya aid olan bilgini evdə, həyətdə, gəzintiyə getdiyi məkanda və s. əldə edə bilərlər. Bilik hər şey yaddan çıxandan sonra insanın beynində qalan bir məhsuldur. Həyati bacarıqlarına sirayət edən mövzu şagirdin biliyi olur. Yəni, biz şagirdlərə daha çox tapşırıq versək, onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək. Müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin”.
Bütün xəbərlər Facebook səhifəmizdə