Yay şumunun əhəmiyyəti NƏDİR? - DETALLAR

Cərgəarası becərilən bitkilərdən fərqli olaraq taxıl altından çıxan tarlalarda şum gecikdirilərsə, şum qatı həddindən artıq quru olur. KTN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mineral gübrələrin elmi əsaslarla verilməsi taxılın qida maddələrinə olan təlabatını ödəyir və buna görə də, müasir dövürdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz əkilir. Belə hallarda taxıldan sonra taxıl əkiləcək sahənin hazırlanmasına kövşənliyin üzlənməsindən başlanmalıdır. Bu əməliyyat adətən torpaqda olan nəmliyin saxlanması və alaq cücərtilərinin məhv edilməsi məqsədilə aparılır. Lakin tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan şəraitində suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur ki, burada aparılan üzləmə nəmlik toplamaq və onu saxlamaqda bir tədbir kimi özünü doğrultmur, əksinə, quru torpaqda aparılan üzləmə onu bir daha da qurudur və strukturunu pozur ki, nəticədə əsas şumun aparılması da gecikir. Gec aparılmış şumda sahə kəltənli olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa alətlərlə yenidən becərmək lazım gəlir. Ona görə də taxıldan sonra sahənin taxıl üçün hazırlanması zəmi biçilən kimi torpağı dərhal laydırlı kotanla 25-30 sm dərinlikdə şumlamaq məsləhətdir.

Dəmyə şəraitdə isə 6-8 sm dərinlikdə üzləmə yaxşı nəticə verir. Taxıl yığımından növbəti taxıl səpininə qədər 3-4 ay vaxt qaldığına görə torpağı bir neçə dəfə becərmək mümkündür. Əkinçilikdə buna torpağın yarımherik şəklində hazırlanması deyilir.

Yay şumundan sonra növbəti taxıl səpininə üç-dörd ay vaxt qalır. Bu müddətdə yay şumunu bir neçə dəfə diskili alətlə becərməklə onu normal hala gətirmək olur. Belə ki, bu müddət ərzində torpaq hamarlanır, yumşaq səpin qatı yaranır ki, buna bir növ torpağın yarımherik üsulu ilə becərilməsi deyilir.
Payızda qaldırılmış şumda isə becərməyə vaxt az qaldığından keyfiyyətli becərmə aparmaq müəyyən qədər çətin olur. Ona görə də payız şumuna nisbətən yay şumu böyük üstünlüyə malikdir.

Yaşıl yem və silosluq qarğıdalıdan sonra torpağın becərilməsi

Yaşıl yem və silosluq qarğıdalıdan sonra payızlıq taxıl səpiləcəksə, əvvəlcə sahə bitki qalıqlarından təmizlənir və sonra 20-22 sm dərinlikdə şumlanır. Əgər qarğıdalı üçün vaxtında dərin dondurma şumu aparılarsa və vegetasiya dövründə cərgə aralarında keyfiyyətli becərmə həyata keçrilərsə, o zaman bir qayda olaraq qarğıdalı altından çıxmış tarlalar alaq otlarından təmizlənmiş olur. Qarğıdalıdan sonra tarlada torpağın təmiz və kifayət qədər yumşaq olmasını nəzərə alaraq, belə tarlaları dərindən şumlamaq məsləhət görülmür. Belə tarlalarda taxıl əkini zamanı qarğıdalının gövdələri yığıldıqdan sonra torpağı 10-12 sm dərinliyində diskli üzləyicilərlə iki dəfə becərmək kifayət edir. Müşahidələr və aparılan təcrübələr göstərir ki, bu becərmələr laydırlı üzləyici və ağır diskli malalarla aparıldıqda daha yaxşı nəticə alınır. Bu zaman yanacağa və vaxta qənaət edilmiş olur. Maya dəyəri aşağı düşməklə vəsaitə qənaət olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...