Taxıl tədarükündə daha yüksək nəticələr əldə etmək olar - TƏHLİL

Hazırda dünyanı narahat edən əsas məsələlərdən biri məhz ərzaq təhlükəsizliyi ilə bağlıdır. Ərzaq məhsullarına olan tələbatın günbəgün artdığı zaman insanların qida məhsullarına olan ehtiyaclarının ödənilməsi sözsüz ki, ön planda durur. Xüsusilə taxıl bitgilərinin, ərzaqlıq buğdanın əkilib-becərilməsi, tədarükü, ehtiyat üçün toplanılması ən vacib məsələlərdən sayılır.

Azərbaycanın ərzaqlıq buğda ilə özünü tam təmin edə bilməsi, məhsul bolluğu yarandığı təqdirdə ixracının reallaşdırılması prioritet məsələlərdəndir. Ən azından yerli istehsalla ərzaqlıq buğdaya olan tələbatın qarşılanması nəzərdə tutulur ki, əks halda biz ildə təxminən 1 milyon 200 min - 1 milyon 300 min ton buğda idxal etməyə məcburuq. İdxal isə əsasən, Rusiyadan, Qazaxıstandan, eləcə də Ukraynadan olmalıdır və Rusiya-Ukrayna qarşıdurması üzündən bu ölkələrdən buğda idxalında hazırda bütün dünya ölkələri üçün çətinliklər ortaya çıxıb. Deməli, hər bir ölkə öz-özünü təmin etməli, daxili istehsal hesabına ən azından daxili tələbatı ödəməlidir, yaxud da çətinlik olsa belə buğda idxalını reallaşdırmalıdır. Doğrudur, bu məhsulun qiymətinin bahalaşması ilə əlaqədar həmin ölkələrdə daha çox məhsul istehsal olunacağı barədə mütəxəssislər nikbin proqnozlar verirlər, amma nəzərə almaq lazımdır ki, ən doğru, ən üstün yol daxili istehsalı artırmaq, kifayət edəcək həddə çatdırmaqdır. Bunun üçün isə ölkədə taxıl əkininin artırılmasına, ona qulluq edilməsinə, tədarükünə xüsusi diqqət ayrılmalıdır və təsadüfi deyil ki, bu məsələyə dövlətimiz tərəfindən xüsusi diqqət ayrılır və görülən işlər də qənaətbəxş hesab edilir. Elə bu baxımdan da bu il buğda tədarükündə nikbin proqnozlar vəd edilir və məhsul yığımında ortaya çıxan göstəricilər də bunu təsdiqləyir.

Taxıl məhsullarının daxili bazarda bahalaşmasının qarşısını almaq üçün də dövlət səviyyəsində mütəmadi tədbirlər görülür. Diqqətə çatdıraq ki, buğda istehsal edən və tədarük edən sahibkarlara müxtəlif güzəştlərin edilməsi çörək və digər un məmulatlarının qiymətlərinin artmamasına hesablanıb. Ölkəmizdə çörək və digər un məhsullarının qiymətlərinin münasib olması da təsadüfi deyil və məhz qeyd olunan məsələ ilə bağlıdır. Bir sözlə, dövlətimiz tərəfindən buğda istehsalı və tədarükü xüsusi nəzarət altında olmaqla yanaşı, eyni zamanda bu sahədə çalışan fermerlərə də qayğı göstərilir, xüsusi diqqət ayrılır və müxtəlif güzətlər formasında bu özünü təsdiq edir. Məqsəd istehsalı artırmaqdır və taxıl istehsalçısı olan fermerlərə dövlət dəstəyinin gücləndirilməsi də bu baxımdan təqdirəlayiqdir, çünki nəzərə alsaq ki, iqlim dəyişikliyi səbəbindən digər kənd təsərrüfatı məhsulları kimi buğda əkini də risk altındadır. Bu baxımdan da məhsuldarlığın aşağı düşməməsi, əksinə, artırılması üçün daim dövlət dəstəyi göstərilməkdədir. Məhsul tədarükündə olan artım, əlbəttə ki, dövlətimiz tərəfindən atılan addımların məntiqi nəticəsi kimi dəyərləndirilir.

Artıq neçə gündür ölkəmizdə taxıl biçininə başlanılıb və daha yüksək məhsuldarlığın olacağı gözlənilir. Diqqətə çatdıraq ki, bu il ölkəmizdə 1 milyon 19 min 934 hektar sahədə taxıl əkini aparılıb, hansıki həmin əkin sahələrinin 606 min 338 hektarı buğda, 413 min 596 hektarı isə arpa sahələridir. Onu da qeyd edək ki, ilk öncə taxıl bitgisi olan arpa biçininə başlanılır, ardınca isə bir neçə gündən sonra buğda əkini başlayır. Nəzərə çatdıraq ki, artıq aran rayonlarında arpa biçini başa çatıb, özü də ən optimal müddətdə. İndi isə həmin bölgələrdə buğda biçininə start verilib və işlər uğurla davam etdirilir. "Aqroservis" ASC-nin yerli bölmələrinin 417, fiziki və hüquqi şəxslərin isə 569 kombaynının iştirak etdiyi aktiv biçin prosesinə 1000-ə yaxın taxılbiçən kombayn cəlb olunub. Biçin prosesi ilk öncə kiçik və orta təsərrüfatlarda aparılır və növbəlilik prinsipi əsasında həyata keçirilir. Kombaynlara tələbatının öncədən müəyyənləşdirilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun şəkildə rayonlarda dislokasiya edilməsi əsdiq edir ki, bu il biçin prosesində texnika ilə təminatda problem yoxdur.

Fermerlərin özlərinin belə sözlərinə görə, taxıl tədarükündə bu il yüksək məhsuldarlıq gözlənilir və onlar biçinin nəticələrinə əsasən məhsuldarlığın bol olacağını bildirirlər. Sözsüz ki, nəticəni əvvəlcədən hesablamaq da çox vacib şərtdir. Beləki, sünbüldə taxıl dənəsinin sayının miqdarı məhsuldarlığın nə qədər olacağını öncədən xəbər verir. Məsələn, sünbüldə 72 ədəd taxıl dənəsinin olmasını nəzərə alan fermer hər hektar sahədən 60-70 sentner taxıl tədarük edəcəyinə əvvəlcədən əmin olur. Sözsüz ki, məhsuldarlığa suvarma və aqrotexniki qulluq əsaslı təsir edir. Əgər taxıl əkildiyindən sonra aqrotexniki qulluq edilməzsə, yüksək məhsuldarlıqdan danışmağa dəyməz. Bu baxımda dövlət tərəfindən göstərilən qayğı sayəsində aqrotexniki qulluq yaxşı aparıldığı üçün məhsuldarlığın da qənaətbəxş olağı gözlənilir. Eyni zamanda, qeyd etdiyimiz kimi, məhsuldarlığın bol olması suvarmadan da asılıdır və nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra su mənbələrimizə nəzarətin bərpası əvvəlki illərdən daha üstün nəticələrə şərait yaradır. Fermerlərin sözlərinə görə, artıq nəzarətimizdə olan çaylar suvarmada böyük rol oynayır. Əlbəttə ki, bu məqam taxıl hasilatı sahəsində ötən illərdəkindən daha yaxşı şəraitin olması anlamına gəlir və aparılan monitoringlər də məhsuldarlığın yüksək olacağı barədə proqnoza əsas verir.

Sözsüz ki, taxıl yığılması zamanı əldə edilən bol məhsul təkcə fermerin maddi rifah halının yüksəldilməsi demək deyil, bu eyni zamanda dünyada taxıl ehtiyatlarının azaldığı bir dövrdə ölkəmizin ərzaq təhlükəsizliyinin qorunması deməkdir. Əlbəttə, məhsuldarlığın yüksək olması idxaldan asılılığı ya minimuma endirir, ya da tamamilə aradan qaldırır ki, bu da ərzaq təhlükəsizliyi baxımından önəmli məsələdir. Bu baxımdan cəsarətlə deyə bilərik ki, buğda idxalının azaldılmasının ən əsas yolu məhz məhsuldarlığın artırılmasından keçir və ölkəmizdə məhsuldarlığın bundan sonra daha da artırılması məqsədi ilə daha məhsuldar toxum sortlarından istifadə edilməsi planlaşdırılır. Beləki, əgər dünyanın inkişaf etmiş ölkələrində hazırda buğda istehsalı hər hektardan 70-80 sentnerdirsə, bu göstəricini 90 sentnerə çatdıran ölkələr də varsa, nəyə görə bizim ölkəmizdə məhsuldarlıq orta hesabla 30-50 sentner arası olmalıdır? Heç şübhəsiz ki, həm məhsuldar toxum sortlarından istifadə edərək, həm də becərmədə müasir standartları tətbiq edərək Azərbaycanda daha yüksək məhsularlıq əldə oluna bilər. Bu isə o deməkdir ki, taxıl tədarükündə daha yüksək nəticələr əldə etmək olar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...