Çıxarışlı-çıxarışsız ən ucuz evi haradan almaq olar? - EKSPERT AÇIQLADI

“Mövcud vəziyyət göstərir ki, Azərbaycanda çoxmənzilli binaların bir qismi çıxarışlı, digəri isə çıxarışsız vəziyyətdədir. Ümumilikdə, çıxarışın mövcudluğu binanın istismara qəbul olunub-olunmamasına, hüquqi sənədləşmənin tamlığına və tikinti prosesinin normativ-hüquqi çərçivəyə uyğunluğuna bağlıdır. Çıxarışsız çoxmənzilli binalar əsasən istismara qəbul olunmamış yeni tikililərdə müşahidə olunur. Belə tikililərin rəsmi qeydiyyata alınmaması onların hüquqi statusunu qeyri-müəyyən edir və vətəndaşlar üçün əmlak üzərində tam mülkiyyət hüququnun əldə edilməsini çətinləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Elnur Azadov sözlərinə belə davam edib: “Hazırda çıxarışsız evlərin əhəmiyyətli bir hissəsi paytaxt Bakı və onun ətraf ərazilərində – xüsusilə Şuşa şosesinə yaxın ərazilərdə, şəhərsalma baxımından kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Bu cür torpaqlarda fərdi yaşayış evlərinin tikintisi şəhərsalma sənədlərinə uyğun gəlmədiyi üçün onların sənədləşdirilməsi çətinlik yaradır. Sözügedən ərazilərdə tikilən evlər əksər hallarda yaşayış üçün istifadə olunsa da, hüquqi baxımdan mübahisəli sayılır.

Bakı şəhəri üzrə bu problem daha çox şəhər kənarı və infrastrukturdan nisbətən uzaq ərazilərdə – Sabunçu rayonu ərazisində, Türkan qəsəbəsində, Sütçülük təsərrüfatı zonalarında, eləcə də sənaye və kommersiya zonalarına yaxın yerləşən Saf qəsəbəsi və ona bitişik ərazilərdə müşahidə olunur. Bu ərazilərdə qeyri-formal yaşayış massivlərinin artımı həm şəhərsalma baxımından planlaşdırılmamış genişlənməyə, həm də hüquqi qeyri-müəyyənliklərə səbəb olur. Bununla yanaşı, bəzi fərdi yaşayış evləri də bu kateqoriyaya daxildir. Bu xüsusilə Masazır qəsəbəsinin periferik hissələrində, Binə, Sulu Təpə kimi qəsəbələrdə və s. ərazilərdə tikilmiş, lakin müvafiq sənədləri olmayan evlərə aiddir. Sözügedən zonalar infrastruktur baxımından inkişafdan geri qaldığından, dövlət tərəfindən aparılan inventarizasiya və sənədləşmə prosesi də çətinləşir.

Hazırda bu məsələ ilə bağlı dövlət səviyyəsində hüquqi amnistiya mexanizmlərinin tətbiqi nəzərdən keçirilir. İl sonuna qədər bəzi çıxarışsız binaların sənədləşdirilməsi üçün müvafiq hazırlıq işlərinin həyata keçirilməsi gözlənilir. Bu cür tədbirlər həm əmlak sahiblərinin hüquqlarını tanımaq, həm də tikinti və yaşayış mühitində hüquqi nizam-intizamın bərqərar olunması baxımından əhəmiyyətlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə